Bilmək və inanmaq arasında


Digərləri 18 Avq 2019 16:40:00 230 0

Bilmək və inanmaq arasında

Hal-hazırda düşündüklərimizin sadəcə inanclar deyil, faktlar olduğuna əmin ola bilərikmi?

Alister Makqras, Oksford Universitetinin elm və din üzrə professoru

Başqa insanlar kimi, mən də nəyin həqiqət və etibarlı olduğunu bilmək və anlamaq arzusundayam. Lakin yaşlandıqca, istəmədən də olsa, belə bir qənaətə gəldim ki, mən daha az bilirəm, daha çox inanıram - ona görə yox ki, hansısa formada sadəlövhlüyə qapılıb yanlış yola girmişəm. Sadəcə, bir zamanlar bilgi kimi düşündüyüm nəsnələrin çoxu indi mənə inanc kimi, rəy və nöqteyi-nəzər kimi görünür. Bu zaman qarşımıza səmimi olaraq üzləşməli olduğumuz qəliz bir sual çıxır: indi bildiyimizi güman etdiyimiz şeylərin əslində sadəcə bir inanc olmadığına necə əmin ola bilərik? Və onlar arasındakı fərq tarixi proseslərdəki yerimizdən, qismən də olsa, asılıdırmı?

Son.az bilge.az-a istinadən bildirir ki, lakin öncə icazənizlə, intellektual gəncliyimin idilliyasına qayıdım. Ali məktəbdə təbiət elmləri üzrə təhsil alırdım, əsas arzum isə Oksford Universitetində, elmlərin ən maraqlısı və ən dəyərlisi olduğunu düşündüyüm kimya üzrə təhsil almaq idi. Elmi sevmək səbəbim təbii dünyanın, təbiətin hədsiz mürəkkəbliyinin məndə yaratdığı heyrət duyğusuydu. Albert Eynşteynin "məftunedici təəccüb" deyəndə nəyi nəzərdə tutduğunu yaxşı anlayırdım və yaşadığım bu qəribə, lakin ecazkar dünya haqqında bütün həqiqəti anlamaq arzusundaydım.

Elmi sevməyimdəki digər səbəb isə onun ehtiraslı həqiqət axtarışı idi. Yəqinlik arzusundaydım - yarımhəqiqətlərə və ya insana təskinlik verən xülyalara inanmaqdansa, nəyin həqiqət olduğunu bilmək istəyirdim. Platonu oxudum bir həvəskar entuziazmı ilə; onun sübutsuz rəy və ya fərziyyə ilə etibarlı bilgi arasındakı fərqləndirməsindən həzz alırdım. Elm həqiqətə açılan imtiyazlı giriş qapısı idi. Elm üzərinə fokuslanmaq qərarım həm mənim bu tapmaca dolu kainatımızı anlamaq arzumu, həm də, etiraf etməsəm də, bəlkə daha dərindəki sadə və sabit inamlarımı, mühakimələrimi yəqinləşdirmək cəhdlərimi özündə əks etdirirdi.

1970-ci ilin dekabrında Oksfordda kimya üzrə təhsil almaq üçün təqaüd qazandığım zaman çox həyəcanlandım. Oksfordun kimya dərsləri 1971-ci ilin oktyabrına kimi başlamadığı üçün, ixtiyarımda xeyli boş zaman vardı. Həmin zaman ərzində özümü qapadım universitetimin kitabxanasına, onun sahib olduğu elmi əsərlərə acgözlüklə daldım. Bunlar tükənəndən sonra isə səliqəsiz, tozlu bir kitab şkafına rast gəldim, üzərinə "Elmin tarixi və fəlsəfəsi" etiketi vurulmuşdu. Şkafın tozundan görünürdü ki, çox az adam bu kitabların içindəkilərə baş vurub. O zamanlar həmin kitablarda yazılanları təbiət elmlərinin yəqinliyinə və sadəliyinə qarşı Karl Popper kimi şəxslərin bilgisiz tənqidi (sonralar Riçard Daukinz bunları "həqiqəti-sıxışdıranlar" adlandırırdı) kimi dəyərləndirirdim. Mənə təəccüblü gəlirdi: axı Popper bütün elmi "nəzəriyyələrin hipotez olduğuna və hipotez olaraq qaldığına, onların şübhəsiz bilgi (episteme) deyil, fərziyyə (doxa) olduğuna" necə ciddi-ciddi inana bilərdi?

Lakin bütün bu cildləri oxuyub bitirdikdən sonra anladım ki, bəzi məsələləri ciddi şəkildə yenidən düşünməliyəm. İntellektual efifaniya yaşayırdım, gözlərim açılmışdı və bütün ölçülər gözümdən düşürdü. Qəfildən dünya mənə tamamilə fərqli görünməyə başladı.

Elmi inkişafın qarşısına gərəksiz əngəllər qoyan səfeh və məlumatsız obskurantizmdən çox uzaq olan elm tarixi və fəlsəfəsi, elmi bilginin etibarlılığı və hədləri ilə bağlı haqlı suallar qoyurdu ortaya. Mənim üçün yeni olan bu məsələlər - nəzəriyyənin datalarla müəyyən edilə bilməməyi ("underdetermination of theory by data"), elm tarixində radikal nəzəriyyə dəyişikliyi, "həlledici təcrübələr"in çətinlikləri, müşahidənin nəzəriyyə-yüklü xarakteri ("theory-laden character of observation") və verilmiş müşahidələr dəstinin "ən yaxşı izah"ı olan şeyin müəyyən edilməsi ilə assosiasiya olan böyük məsələlər kompleksi - əvvəllər elmi həqiqətin sadə, tamamilə problemsiz məsələləri hesab etdiyim şeyləri mürəkkəbləşdirdi.

Elmi pozitivistlərin bu materiallardan istifadədən çəkinmələrinin səbəbi qəfildən mənə aydın oldu. Əgər bir zamanlar geniş dəstəyə malik, hər tərəfdə hakim olan elmi nəzəriyyələr sonralar daha yüksək alternativlərlə əvəzlənibsə, bu yeni nəzəriyyələrin başına gələcəkdə nələr gələ biləcəyini kim proqnozlaşdıra bilər? Bu nəzəriyyələr öncəkilərdən daha yaxşı ola bilərlər, lakin bu onların həqiqət olduğu anlamına gəlirmi? Bəlkə bunlar da yekun deyil, hansısa keçici, müvəqqəti mərhələdir?

Bilginin yəqinliyinin ikibaşlı, sürüşkən olduğunu, zahirən məntiq və riyaziyyatın konseptual olaraq maraqlı, lakin ekzistensial olaraq natamam sferaları ilə məhdudlaşdığını anlamağa başladım. Həyatın həqiqətən böyük suallarına gəldikdə isbat qeyri-mümkün görünürdü. Bir sosial və ya mənəvi inancın doğru olduğuna dair yaxşı səbəblər göstərmək mümkündü, lakin sözün güclü və müvafiq mənasında, isbat əlçatmaz görünürdü. Xoşbəxtlikdən, həmin ərəfələrdə Bertran Rasseli oxumağa başladım və bu cür suallarla çarpışarkən onu özümçün müdrikliyin mənbəyi hesab etdim. Rasselə görə, "yəqinlik olmadan və qətiyyətsizlik, qeyri-müəyyənlik tərəfindən iflic edilmədən necə yaşamağın öyrədilməsi, dövrümüzdə fəlsəfənin onu öyrənənlər üçün edə biləcəyi ən əsas şeydir".

(adsgarden = window.adsgarden || []).push({});