Xoşbəxtliyi axtardığımız düz və əyri yollar


Digərləri 18 Avq 2019 16:20:00 234 0

Xoşbəxtliyi axtardığımız düz və əyri yollar

Vinsent Kavalovski Tolstoyun həm dərindən anladığı məsələləri, həm də diqqətə almadığı məqamları nəzərdən keçirir

"Biz öz-özlüyündə açıq-aşkar olan bu həqiqətləri əsas tuturuq: bütün insanlar bərabər yaranırlar, onlar Yaradan tərəfindən bəzi ayrılmaz haqlarla təmin edilirlər, bu haqlar arasında Yaşamaq, Azadlıq və Xoşbəxtliyini axtarma haqları vardır". (ABŞ Müstəqillik Bəyannaməsi, 1776.)

Son.az bilge.az-a istinadən bildirir ki, biz hamımız xoşbəxtliyin arxasınca qaçıb onu təqib edirikmi? Təqib etməliyikmi? Ümumiyyətlə, bu nə anlama gəlir? Xoşbəxtlik izlənilə bilən və bəzən də əldə oluna bilən bir nəsnədirmi? Xoşbəxtliyi axtarmaq nə deməkdir? "Xoşbəxtliyi axtarmaq (təqib etmək)" ifadəsi (məsələn, ABŞ Müstəqillik Bəyannaməsində göstərildiyi kimi) ən azı, iki əsas fikri, fərziyyəni özündə birləşdirir:

1. Xoşbəxtlik bizdən kənarda, dünyanın özündə mövcuddur və;

2. Onu əldə etmək üçün tələbedici niyyət olmalıdır.

Bunlar sərrast fikirlərdirmi?

Şəxsi xoşbəxtlik paradoksu Lev Tolstoyun (1828-1910) romanları bu fikirləri böyük və ibrətamiz dərinlikdə tədqiq edir. Onun kitabları xoşbəxtliyi müxtəlif yollarla dəlicəsinə, həyəcanla axtaran obrazlarla doludur. Lakin onlardan çox azı xoşbəxtliyi gerçək və davamlı olaraq əldə etməyi bacarırlar. Əslində onun hekayələri xoşbəxtliyi vəd edən, lakin sonu ölümlə və ya fəlakətlə bitən aldadıcı, azdırıcı cığırları təsvir edir: eyforik döyüş zəfərləri axtarışında olan əsgərlər, romantik sevginin coşqun dəliliyinə dalıb getmiş gənc kişilər və qadınlar, var-dövlət, güc və status arzusunda olan tamahkarlıq mübtəlaları. Onlar çox vaxt müvəqqəti səadət yaşayır, sonra isə bu səadət solub gedir, arxasınca boşluq, ümidsizlik buraxır. Həqiqi davamlı xoşbəxtlik, ötəri həzzin əksi olaraq, həyatın bütün aspektlərinin nizamlı harmoniyası və rifah halıdır - xüsusilə də şəxsi münasibətlərdə. Lakin Tolstoyun obrazları xoşbəxtliyi nə qədər çox maniakal dərədəcə axtarırlarsa, xoşbəxtlik də bir o qədər onlardan uzaq qaçır. Paradoks da burada yaranır: sanki xoşbəxtliyi axtarmaq bədbəxtliklə, dərin kədərlə nəticələnir.

Bəs nədir yanlış olan? Stoik Roma filosofu Seneka, ondan daha əvvəl isə Platon bu paradoksu aşağıdakı kimi izah edir: Bir insanın ancaq öz xoşbəxtliyini axtarması daxilən xudbinlik və emosional olaraq xaotikdir - həyatı özünə dərhal həzz vermək kimi dar və boğucu bir tutquya doğru azaltmaq, ixtisar etməkdir. Narsizm bizim digər insanlarla və təbiətlə etik əlaqəmizi dağıdır: hər bir şəxsi "öz"ün tənha həbsxanasına salıb təcrid edir və ağlımızı mütərəddid, qərarsız arzulara və emosiyalara məruz qoyur. Məsələn, Tolstoya görə, sosial status vasitəsilə xoşbəxtlik axtarışında olmaq insanı davamlı qayğılı vəziyyətdə saxlayır; səndən yuxarıdakı insanlara düşmən kəsilirsən, aşağıdakılara nifrət edirsən və həmişə düşmək, tənəzzül etmək qorxusu ilə yaşayırsan. Daxili hüzurdan əsər-əlamət qalmır. Tolstoyun İvan İliçi bunu anlamışdı, lakin çox gec, yalnız ölüm yatağında. Onun obsessiv karyera arzusu ailəsinə və öz ruhuna qarşı dəhşətli dərəcədə biganəliyi ilə nəticələnir. Daha ümumi olaraq, Tolstoy sanki demək istəyir ki, xoşbəxtliyin birbaşa axtarışında olmaq əbəsdir, çünki bu, narsizmlə sonlanır, narsizm isə bu geniş və ilahi keyfiyyətli kainatı eqonun dar sərhədlərinə ölümcül dərəcədə buxovlamaqdır.

Tolstoyun bütün əsərləri boyunca bu paradoksa qiyabi olaraq verdiyi cavab budur ki, xoşbəxtlik başqaları üçün yaşamaqdan ibarətdir, bizim böyük səhvimiz və miskinliyimizin mənbəyi xoşbəxtliyi öz arzularımızı - həzz, var-dövlət, sosial status arzularımızı təmin etməklə əldə edə biləcəyimizi zənn etməyimizdir.

İlk hekayələrindən biri olan "Ailə xoşbəxtliyi" (1859) hekayəsində Tolstoy güclü ehtiras, qısqanclıq və hiddət duyğuları yaradan və bununla da dərhal dağıdıcı (həmçinin özünü-dağıdan) davranışa çevrilən romantik sevgi eyforiyasını çox canlı təsvir edir. Romantik sevgi özlüyündə qeyri-stabil və emosional olaraq xaotikdir. Lakin bu tutqu "ailə sevgisinə" - bir-birini uşaqlarının valideyni kimi sevməyə çevriləndə nəticə fərqli olur. Milyonlarla insan bu cür təcrübəni yaşayırlar - onların hiper-ehtiraslı sevgi tutquları daha ayıqbaşlı və yetkin ailə bağlılığına çevrilir, bu da cəmiyyətə müəyyən stabillik gətirir və uşaqların daha təhlükəsiz böyüdülməsinə yardım edir.

Lakin daha sonrakı həyatında və yaradıcılığında Tolstoy hətta ailə xoşbəxtliyi xülyasından da tədricən ayılmağa başlayır. "Hərb və sülh"ün (1867) sonunda bu aşındırıcı məyusluğun başlanğıcını görə bilirik. Kitabın mərkəzi ailələri Napoleon müharibələrindən sonra sülh arzusunda olan birgə həyatda toplanırlar. Lakin burada da dava-dalaşlar, münaqişələr və qısqanclıqlar var; bunlar arzulanan harmoniyanı dağıdır. Tolstoy normal ailə həyatının kəskin çarpışma və bədbəxtlik periodlarını da özündə birləşdirdiyinimi söyləməyə çalışır? Ola bilsin, o da Nitşenin xoşbəxtlik və bədbəxtliyin bir-birilə bacı olmaları və həmişə birgə səyahət etmələri barədə ideyasını ifadə etməkdədir. Tolstoyun öz ailə həyatı da o andan etibarən qarşılıqlı ümidsizlik, kədərlə bitəcək olan tənəzzülə başlayır. Nikolay və Mariyanın "müəkəmməl nikahı" bu cür təsvir olunur: "Bəzən, xüsusən də ən xoşbəxt dövrlərindən dərhal sonra onlar qəfil yadlıq və antoqonizm duyğularına qapılırdılar." Hətta ən yüksək ailə xoşbəxtliyi anlarında belə Mariya "bu həyatda əlçatmaz olan başqa bir xoşbəxtliyin də olduğunun" fərqində idi.

Bu əlçatmaz mənəvi xoşbəxtlik fikri Tolstoyun növəbti kitabı "Anna Karenina"da (1877), öz böyük ehtirasının arxasınca gedən, soyuq evliliyindən və sevimli oğlundan tutqulu romantik sevginin bilavasitə həzzi uğrunda imtina edən şəfqətli və mürəkkəb bir qadının hekayəsində davam etdirilir.

(adsgarden = window.adsgarden || []).push({});