"İntihar" hallarını siyasiləşdirənlər, faciədən gəlir güdənlər


Digərləri 18 Avq 2019 14:46:00 202 0

"İntihar" hallarını siyasiləşdirənlər, faciədən gəlir güdənlər

Azərbaycanda intihar hallarının sayında artım olmasa da, bu yöndə xəbərlər intensivləşir

Dünyada özünəqəsd hallarının mövcud durumu 

Fransa  "Ümumdünya intihara qarşı mübarizə günü"nün qeyd edilməsinə qarşıdır. Ölkənin elm adamları hesab edirlər ki, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) təsis etdiyi bu aksiya mahiyyətcə intihar hallarının qarşısının alınmasına yönəlsə də, əks effekt verir,  "intihar yolunun mövcudluğunu" insanlara xatırlatmaqla ona  meyl yaradır. İntiharı dolayısı ilə təşviq edən vasitələr çox olduqca, özünəqəsd  hallarının sayı da artır. 2003 - 2014-cü illər aralığında Fransa Avropa məkanında "intihar hallarının ən yüksək olduğu ölkələrdən biri"  titulunu qazanıb. 2014-2018-ci illər aralığında isə Avropa ökələri arasında özünəqəsd  hallarının çox olduğu ilk 10-luqda yer tutur. Fransanın  İntihar Hallarının Müşahidəsi  üzrə Milli Mərkəzinin  ("ONS")  2017-ci ildə keçirdiyi sorğu nəticəsində bəlli olub ki, ölkə əhalisinin 7 faizindən çoxu, yəni təxminən üç milyon insan, həyatlarını sona çatdırmağı düşünürlər, təqribən 4 faiz isə buna baş tutmayan cəhdlər edib, tamamlanmamış intiharlar törədib.  Hazırda bu ölkədə əhalinin hər 100 min nəfərinə düşən illik intihar sayı 17,5 nəfərdir.  French Center for Epidemiology  ("CépiDcInserm") hesablayıb ki, il ərzində  8,885-dən 9,000 nəfərədək fransız özünəqəsdin qurbanı olur, hər saatda bir fransız intihar edir (https://www.alliancevita.org/en/2018/02/suicide-in-france-3rd-official-report/ ).

Təhlillər göstərir ki, özünəqəsd insan həyatını bitirən vasitələr sırasında  avtomobil qəzaları ilə yanaşı gəlir.  İnsanlığın ən böyük problemlərindən birinə çevrilən bu bəla xüsusilə gənclər arasında qlobal miqyasda ölümün əsas səbələrindəndir. Monitorinq təşkilatları intihar edənlərin orta yaş həddi kimi 43 -ü göstərirlər. 

Ümumdünya Səhiyyə Təşkilatının hesabatında qeyd edilir ki, yaşadığımız günlərdə hər 40 saniyədə bir insan özünə qəsd edir. Nəticə olaraq, ildə 1 milyon civarında insan özünü öldürür. 2020-ci ilədək bu rəqəmin 1,5 dəfə artacağı proqnozlaşdırılır.

İntiharın səbəbləri barədə müxtəlif fikirlər

Səbəblər barədə rəylər müxtəlif və dolaşıqdır. Özünəqəsd hallarının yüksək olduğu dövlətlər sırasında  inkişaf etmiş ölkələr ön sırada gəlirlər və bu,   fikirləri qarışdırır.  Məsələn, hazırda intihar hallarının intensivliyinə görə Qərbi Avropa ölkələri  ilk  yerlərdə dururlar.  Fransanın simasında  əhali sayı və ərazicə böyük, sosiallaşmış  dövlətlərlə  yanaşı, Norveç kimi kiçik ərazili, amma yüksək təminatlı ölkələrdə də intihar halları çoxalır. Norveçdə hər il 500-600 intihar hadisəsi qeydə alınır. Bu, hər 100.000 əhaliyə düşən intiharların sayının 15 nəfər olması deməkdir və beynəlxalq standartlarla yüksək göstərici hesab olunur (https://www.fhi.no/en/op/hin/mental-health/suicide-and-suicide-attempts/ ).  İntihar sayına görə ön yerlərdə dayanan dövlətlər sırasında Hindistan və  Çinlə yanaşı ABŞ da vardır (Hindistanda təqribən illik 258 min, Çində 120 min,  ABŞ-da 43 min). Sırada dünyanın ən böyük ölkəsi-Rusiya ilk 5-likdə yer alır. Hər 100.000 əhaliyə düşən intiharların sayı 31-32 nəfərdir.  Beləliklə, intihar halı sosial təminat baxımından həm  yüksək, həm də aşağı olan ölkələrdə intensivləşib. 

Bütün bunları nəzərə alan təhlilçilər intihara yol açan səbəblər sırasında sosial-iqtisadi durumu, maddi çətinlikləri arxa plana çəkir, psixi durumu, ruh düşkünlüyünü  önə verirlər. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına əsasən,  ən az intihar sayları müsəlman ölkələrindədir. Dindar ölkə olan Küveytdə  rekord dərəcədə az intihar baş vermişdir. Burada hər 100 min insana 1 və ya 2  intihar halı  düşür.

İslam nöqteyi -nəzərindən intihar etmiş insan böyük günah törətmiş sayılır. Digər insanların qətli kimi, intihar da İslama ziddir. Quranda deyilir: "Özünüzü öldürməyin, həqiqətən Allah (bunu sizə qadağan etməklə) çox mərhəmətlidir".

Amma ayrı-ayrı  müsəlman ölkələrində intihar hallarının intensivliyi fərqlidir. Onların sırasında da aşağı və yuxarı göstəricisi olanlar var. Bu baxımdan özünəqəsd amilinin yalnız dini dünyagörüşlə əlaqələndirilməsi versiyasını istisna edir, fərqli məqamları üzə çıxarır.

Fransız alimlərin "Ümumdünya intihara qarşı mübarizə günü"nün qeyd edilməsinə qarşı çıxmaları da məhz bu fərqli məqamlarla  bağlıdır. Düşünürlər ki, intihar hallarının intensivləşməsi sosial-iqtisadi durumdan, maddi çətinliklərdən,  psixoloji gərginliklərdən daha çox,  özünəqəsd amilinin təşviqinin sünii şəkildə artırılması ilə bağlıdır. Təşviqedici amillərın sırası isə genişdir. Fransız mütəxəssislər iddia edirlər ki, intihar halları nəinki sosial şəbəkələr, bəzi onlayn KİV-lərdə, bədii ədəbiyyata, təsviri incəsənətədə birbaşa təşviq edilir, həmçinin, intihar hallarının qarşısının alınması üçün qurulmuş kampaniyalar da əks effekt verir, necə ki, "İntihara qarşı mübarizə günü".  Bütün bunlara rəğmən, onlayn   media və  sosial şəbəkələr özünəqəsdi təşviq edən amillər sırasıda öndə dayanır.

Özünəqəsd hallarını stimullaşdıran vasitələr