Körpəni iyrəndirməklə döşdən ayırmaq olmaz


Digərləri 17 Avq 2019 23:32:00 245 0

Körpəni iyrəndirməklə döşdən ayırmaq olmaz

Körpə döşdən imtina etsin deyə döş giləsinə xoşagəlməz və acı "bir şey çəkmək" kimi süddən kəsmə üsulu heç məsləhət deyil.

Əmizdirən anaların əksəriyyəti razılaşar ki, ən yaxşı süddən kəsmə üsulu - tədricən, yumşaq şəkildə əmizdirmələrin sayını azaltmaqdır. Bu halda, süddən tam kəsilmə zamanı həm ana, həm uşaq, həm də ananın döşü buna hazır olur və hər şey yüngül və ağrısız şəkildə baş verir. Bu cür yanaşma tərzi ilə uşaq minimal dərəcədə stresə məruz qalır, yəni, uşağın sağlamlığı və psixikasına mənfi təsir dəyməsi riski minimuma endirilir. Ananın südünün miqdarı da minimal dərəcədə olur, odur ki, o, qəfil süddən kəsmə səbəbilə şişmiş döşlərin sağılması kimi problemlərlə üz-üzə qalmır.

Bəzən elə olur ki, ana körpə döşdən imtina etsin deyə döşün giləsinə hər hansı bir maddə çəkəndə, körpə döşdən imtina edir, lakin ana, qəfil süddən kəsmənin mənfi nəticələrini müşahidə etmir. Gözə çarpan nəticə, uşağın sadəcə bir neçə gün qəmgin  gəzməsi olur (bu, adətən gün ərzində bir neçə dəfə süd əmən 2 və daha yuxarı yaşda olan uşaqlara aiddir). Lakin, tez-tez elə olur ki, ana bu üsulla uşağın döşdən imtina etməsini istəyir, uşaq isə ya bu acı substansiyanı yeyir, ya ağlayaraq döşü istəyir və ya bir neçə gün dözdükdən sonra onun davranışı qəfil dəyişir, o anasının qucağından sallaşır, tez-tez ağlayır və sairə.

Bu niyə baş verir? Çünki, körpənin əmməyə olan güclü tələbatı qəfildən ödənməmiş qalır. Bəlkə də, uşaq artıq süddən kəsilməyə hazırdır və xüsusi nəticələr müşahidə olunmayacaqdır. Lakin ola bilsin ki, qəfil dəyişkənlik nəticəsində uşaq stres keçirsin, xəstələnsin (stresin təzahürü olaraq). Bu dəyişkənlik, gələcəkdə mənfi xatirələrə səbəb ola, mənfi psixoloji nəticələrə gətirib çıxara bilər (bəzi körpələr südün dadının qəfil dəyişməsini xəyanət kimi qəbul edirlər). Əgər körpə çox kiçikdirsə, o sadəcə olaraq, bu haqsızlığın niyə baş verdiyini anlamayacaqdır. Bir çox uşaqlar üçün bu münasibətlər çox dəyərlidir; məlumdur ki, uşaqlar mənfi dəyişikliklərdə özlərini günahlandırırlar :"Axı niyə belə oldu? Bəlkə südün acı dadmasının səbəbkarı mənəm?". Əgər uşağın əmmə tələbatı qalıbsa, o bu tələbatını başqa yolla - hər hansı əşyaları sormaqla, xəstələnməklə, dava-dalaşla, özünə qapanmaqla və s. yollarla ödəməyə çalışacaqdır. Bəlkə də o, onun üçün ən əziz nemətin qəfildən, naməlum səbəbdən dadını dəyişməsini gələcəkdə xatırlayacaqdır.

Nəhayət, sırf tibbi nəticələri də unutmamaq lazımdır. Ağızın selikli qişasına hətta minimal miqdarda düşmüş hər hansı bir maddə həssas uşaqda anafilaktik şoka qədər allergik reaksiyaya səbəb ola bilər (bu, xüsusilə tibbi preparatlara, həmçinin aloe, yovşan kimi bitkilərə aiddir). Həmçinin döşə yaxılmış xardal, mayonez və digər məhsullar və ya tibbi preparatlar, xüsusən 1 yaşına qədər uşağın mədəsində ciddi problem əmələ gətirə bilər. Məsələ burasındadır ki, əksər uşaqlar ananın döşə sürtdüyü "acı maddəni" yeyirlər, odur ki, siz də buna hazır olun. Acı maddələrin acı olmasının səbəbi, onların insan orqanizmi üçün zərərli olduğu üçündür. Bu səbəbdən, bir yaşına qədər uşaqlar üçün bu üsul xüsusilə təhlükəlidir.

Əmizdirmələrin sayını tədricən məhdudlaşdıraraq körpəni süddən kəsməyin tərbiyəvi məqamları da var. Bu - körpə ilə razılaşmaq, onun tələblərini anlamaq, həmçinin ananın ehtiyac olduğu qədər israrlı davranması və bununla bərabər uşağa zədə vurmamaq bacarığına yiyələnməsidir. Əlbəttə ki, bəzən uşaq öz arasıkəsilməz tələbləri, istəkləri, əmmələri ilə, heç nə ilə razılaşmamaqla ananı o qədər yorur ki, bir dəfəyə onu süddən kəsmək anaya ən sadə və ən effektiv üsul kimi görünür. Özü də əksər hallarda bu üsulu anaya uğurlu üsul kimi dostları və ya qohumları tövsiyyə edir. Lakin, unutmaq lazım deyil ki, bu cür məsləhətlər özündə iki təhlükəni birləşdirir. Birincisi, bütün uşaqlar və bütün analar fərqlidir. Bir ana-balaya uyğun gəlmiş üsul, digər ana-balaya qətiyyən uyğun gəlməyə bilər.

Hər bir uşağın döşə bağlılığı fərqlidir və hər bir uşaq bunu fərqli şəkildə göstərir və büruzə verir. Hər bir uşaq südün rənginin/dadının dramatik şəkildə dəyişməsi ilə döşün qəfil əlindən alınmasına fərqli şəkildə reaksiya verir. Hər bir uşaq fərqli yaşda, fərqli əhval-ruhiyyədə fərqli reaksiya göstərə bilər. Bir uşağa uyğun gələn, bir anaya asanlıqla başa gələn üsul, digər ailədə tamamilə nəticə verməyə bilər. İkincisi isə, körpənin stresə reaksiyası özünü dərhal büruzə verməyə bilər; əgər bu üsulun tətbiqindən sonra mənfi reaksiyalar baş veribsə, analar bunu öz tanışlarına ümumiyyətlə bildirmirlər və tədricən özləri də unudurlar. Uzun müddət bundan əvvəl və heç tanımadığınız şəxslərin başına gəlmiş hadisələrə bel bağlamayın. Əhvalatlar öz yerində, amma uşaq sizin uşağınızdır, qərarı siz verirsiniz və nəticə ilə də siz üzləşməli olacaqsınız.

Bəzən qadınlar bu üsula stres vəziyyətində əl atırlar, məsələn: qəfil ciddi xəstəlik və müalicənin əmizdirməyə müvafiq gəlmədiyi hallarda, hamiləlik zamanı təhlükə üz verdikdə, ana güclü ağrılar səbəbilə körpəni tədricən süddən ayırma imkanına malik olmadıqda. Lakin, xoşbəxtlikdən, bu cür çıxılmaz vəziyyətlər nadir hallarda baş verir. Əgər körpə hələ çox balacadırsa və əmməyə tələbatı varsa, yaxşı olar ki, ona, əlindən alınmış döşü əvəzləyəcək əmzik, əmzikli şüşə və ya yumşaq oyuncaq verəsiniz. Körpəni daha çox qucaqlamaq, ona toxunmaq lazımdır. Baş verən bütün dəyişiklikləri maksimal şəkildə ona izah etməli, onu hələ də çox sevdiyinizi və günahın onda yox, ondan asılı olmayan bir vəziyyətdə olduğunu bildirməlisiniz.

Bəs əgər sizin vaxtınız varsa, lakin uşağı süddən tədricən ayıra bilməyəcəyinizi düşünürsünüzsə necə? Bir çox qadınlar bu prosesdən keçiblər - hər bir evlilikdə qadın bəzən boşanma barədə düşündüyü kimi, əmizdirmə zamanı da anaların beyninə qəfil süddən kəsmə barədə fikirlər gəlir. Ana düşünür ki, əmizdirmələrin hamısını dayandırsaydı çox yaxşı olardı: özünü müstəqil hiss edərdi, azad olardı, vaxtı çoxalardı, yeni məşğuliyyətlər meydana gələrdi...bəzən adama elə gəlir ki, əmizdirmələrin hamısını qəfildən dayandırmaq yeganə çıxış yoludur.

(adsgarden = window.adsgarden || []).push({});