Məktəbli formaları ilə bağlı xəbərdarlıq


Digərləri 17 Avq 2019 17:48:00 205 0

Məktəbli formaları ilə bağlı xəbərdarlıq

Paytaxtda məktəbli formalarının saxta variantlarının satışına başlanılıb.

Son.az bildirir ki, bu barədə məlumatı Sputnik Azərbaycan-a Bakı Tikiş Evinin (BTE) satış şöbəsinin rəisi Etibar Əzimov verib. O bildirib ki, hər tədris ili öncəsi fəallaşan işbazlar bu il də BTE-nin istehsal etdiyi məktəbli formalarının saxta variantlarını satışa çıxarıblar: "Bir neçə ünvanda bizim istehsal etdiyimiz məktəbli formalarının saxtalarının hazırlanması faktını aşkarladıqdan sonra rəsmi şəkildə məktubla İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti, İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə müraciət etdik. 

Hələ ki saxta məktəbli formalarının satışı kütləvi xarakter daşımasa da, belə hallar aşkarlandıqca biz aidiyyatı qurumlara məktub göndəririk ki, saxta məktəbli formalarının satışının qarşısı alınsın".

E. Əzimov deyib ki, saxta məktəbli formaları keyfiyyətinə görə kəskin fərqlənir: "Biz məktəbli formalarının istehsalı üçün parçanı Türkiyədən gətiririk. Amma saxta variantını hazırlayan sexlər formanın ucuz başa gəlməsi üçün sintetik liflərdən hazırlanmış parçalardan istifadə edirlər. Belə məktəbli formaları dəri ilə təmasda böyüməkdə olan uşaq orqanizmi üçün ciddi ziyandır. Məktəbli forması elə bir geyimdir ki, ilin on ayı şagirdin əynində olur. Sintetik liflərdən hazırlanan parçalar nə çöldən içəri, nə də içəridən çölə havanın işləməsinə imkan verir. Bu isə orqanizm üçün təhlükəlidir. Üstəlik, bu parçaların boyanmasında kimyəvi maddələrdən istifadə edilir. Ona görə də məktəbli forması bir dəfə yuyulduqdan sonra rəngi bozarır, ətək və balaq hissələri əyilir. Valideynlər bəzən bu formalarla bizim üstümüzə gəlirlər ki, sizin istehsal etdiyiniz mal zay çıxıb. Araşdırdıqda məlum olur ki, üzərində BTE-nin emblemi olsa da, məhsul bizim istehsal deyil. Ona görə də bu cür saxta formalar 20 manata təklif olunur. Valideynlər qiymətinə aldanıb alsalar da, uşaq bir-iki dəfə geyindikdən sonra yenisini almalı olurlar".

Fəridə nəhayət məktəbə gedəcək - Sputnik Azərbaycan-ın aksiyasının ilk hissəsi başa çatıb>>