Dövlət Gömrük Komitəsi şirkətlərdən imtahan götürür


Digərləri 17 Avq 2019 13:04:00 256 0

Dövlət Gömrük Komitəsi şirkətlərdən imtahan götürür

Dövlət Gömrük Komitəsində gömrük təmsilçiliyi fəaliyyətilə məşğul olan şirkətlərin gömrük rəsmiləşdirilməsi üzrə mütəxəssisləri üçün növbəti imtahanlar keçirilib.

Son.az Trend-ə istinadən xəbər verir ki, məqsəd gömrük təmsilçiliyi institutunun formalaşdırılması və təkmilləşdirilməsi, bu sahədə fəaliyyət göstərən şəxslərin bilik və bacarıqlarının artırılması, fəaliyyətin mövcud qanunvericiliyə və beynəlxalq standartlara uyğunlaşdırılmasıdır.

İmtahan prosesində Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini, gömrük xidməti general-mayoru İsmayıl Hüseynov, Dövlət Gömrük Komitəsi sədrinin müavini, gömrük xidməti general-mayoru Cavad Qasımov, Baş İdarə rəisləri və aidiyyəti qurumların nümayəndələri iştirak edib.

Komitə sədrinin birinci müavini İsmayıl Hüseynov bildirib ki, son illər Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan uğurlu iqtisadi islahatlar ölkə iqtisadiyyatının dinamik inkişafını, sahibkarlıq mühitinin daha da yaxşılaşdırılmasını, büdcə gəlirlərinin artmasını, eyni zamanda əhalinin həyat səviyyəsinin və rifahının yüksəlməsini təmin edib.

Ölkəmizin xarici ticarət imkanlarının genişləndirilməsi, tranzit və logistika potensialının artırılması, beynəlxalq ticarətin asan və sürətli şəkildə həyata keçirilməsi məqsədilə gömrük sistemində də bir sıra mütərəqqi islahatların reallaşdırıldığı diqqətə çatdırılıb. İsmayıl Hüseynov vurğulayıb ki, gömrük təmsilçiliyi institutunun beynəlxalq standartlara uyğun şəkildə formalaşdırılması istiqamətində Dövlət Gömrük Komitəsi tərəfindən həyata keçirilən tədbirlər də bu islahatların davamıdır.

O da bildirilib ki, son dövrlər gömrük xidmətində infrastrukturun inkişafı və prosedurların sadələşdirilməsinə yönəldilmiş tədbirlər, habelə milli qanunvericiliyin beynəlxalq standartlara uyğunlaşdırılması məqsədilə bir sıra layihələr həyata keçirilib.

Gömrük təmsilçiliyi fəaliyyətilə məşğul olan şəxslərin ölkəmizdə gömrük işinin səmərəli şəkildə həyata keçirilməsində, gömrük əməliyyatlarının sürətləndirilməsində mühüm rola malik olduğu, Dövlət Gömrük Komitəsinin bu sahədə ixtisaslaşmış qurumlara hər zaman dəstək göstərəcəyi diqqətə çatdırılıb.


Xəbərə aid fotolar