Dövlət Gömrük Komitəsi şirkətlərdən imtahan götürür (FOTO)


Digərləri 17 Avq 2019 12:03:00 212 0

Dövlət Gömrük Komitəsi şirkətlərdən imtahan götürür (FOTO)

Dövlət Gömrük Komitəsində gömrük təmsilçiliyi fəaliyyətilə məşğul olan şirkətlərin gömrük rəsmiləşdirilməsi üzrə mütəxəssisləri üçün növbəti imtahanlar keçirilib.

Bakı. Elçin Mehdiyev – Dövlət Gömrük Komitəsində gömrük təmsilçiliyi fəaliyyətilə məşğul olan şirkətlərin gömrük rəsmiləşdirilməsi üzrə mütəxəssisləri üçün növbəti imtahanlar keçirilib. Trend-in məlumatına görə, məqsəd gömrük təmsilçiliyi institutunun formalaşdırılması və təkmilləşdirilməsi, bu sahədə fəaliyyət göstərən şəxslərin bilik və bacarıqlarının artırılması, fəaliyyətin mövcud qanunvericiliyə və beynəlxalq standartlara uyğunlaşdırılmasıdır. İmtahan prosesində Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini, gömrük xidməti general-mayoru İsmayıl Hüseynov, Dövlət Gömrük Komitəsi sədrinin müavini, gömrük xidməti general-mayoru Cavad Qasımov, Baş İdarə rəisləri və aidiyyəti qurumların nümayəndələri iştirak edib. Komitə sədrinin birinci müavini İsmayıl Hüseynov bildirib ki, son illər Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan uğurlu iqtisadi islahatlar ölkə iqtisadiyyatının dinamik inkişafını, sahibkarlıq mühitinin daha da yaxşılaşdırılmasını, büdcə gəlirlərinin artmasını, eyni zamanda əhalinin həyat səviyyəsinin və rifahının yüksəlməsini təmin edib. Ölkəmizin xarici ticarət imkanlarının genişləndirilməsi, tranzit və logistika potensialının artırılması, beynəlxalq ticarətin asan və sürətli şəkildə həyata keçirilməsi məqsədilə gömrük sistemində də bir sıra mütərəqqi islahatların reallaşdırıldığı diqqətə çatdırılıb. İsmayıl Hüseynov vurğulayıb ki, gömrük təmsilçiliyi institutunun beynəlxalq standartlara uyğun şəkildə formalaşdırılması istiqamətində Dövlət Gömrük Komitəsi tərəfindən həyata keçirilən tədbirlər də bu islahatların davamıdır. O da bildirilib ki, son dövrlər gömrük xidmətində infrastrukturun inkişafı və prosedurların sadələşdirilməsinə yönəldilmiş tədbirlər, habelə milli qanunvericiliyin beynəlxalq standartlara uyğunlaşdırılması məqsədilə bir sıra layihələr həyata keçirilib.