Yeməkləri dada gətirən sumağın hazırlanma qaydası ilə tanış olaq


Digərləri 16 Avq 2019 21:40:00 332 0

Yeməkləri dada gətirən sumağın hazırlanma qaydası ilə tanış olaq

Süfrələrə bəzək, yeməklərə xüsusi dad verən sumaq avqust ayında toplanır. Qutab, lülə-kabab, balıq, qızardılmış ət və digər təamları sumaqla yeməyi xoşlayanların əksəriyyəti bu ədviyyatın necə hazırlanmasından xəbərsizdir.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, sumaq ağacının meyvələri budaqların uc hissəsindəki zoğlarda salxım şəklində olur. Yetişən xırda meyvələr qırmızı rəngə çalır. Yazlıq və payızlıq növü olan sumağın xüsusi yığılma və emal qaydaları var.

Hündürlüyü üç metrə çatan sumaq ağaclarına daha çox Quba rayonunun Zərqava inzibati ərazi dairəsinə aid dağlıq kəndlərdə rast gəlmək mümkündür.

Bu ərazidəki Kələnov kəndinin sakini Mariya Salahova uzun illərdir yabanı halda bitən bitkinin meyvələrini toplayaraq gəlir əldə etdiyini bildirir.

"Bir insan ağaclardan gün ərzində 20 kiloqramadək sumaq yığa bilər ki, bundan da cəmi 3-4 kiloqram təmiz ədviyyat alınır. Bitki yığıldıqdan sonra bir müddət qurudulur. Həmin xammal döyülür və meyvələr zoğdan ayrılır. Meyvələr ikinci dəfə tam quruyanadək saxlanıldıqdan sonra yenidən emal olunur. Bunun üçün meyvələr xüsusi torbalara doldurularaq toxumlarından ayrılanadək əzilir. Əldə edilən məhsul ələkdən keçirildikdən sonra hazır vəziyyətə gəlir", - deyə M. Salahova söyləyir.

Böyük zəhmətlə ərsəyə gələn sumağın bir kiloqramı 10-15 manata, stəkanı isə 2 manata satılır.

(adsgarden = window.adsgarden || []).push({});