AMEA-da elmi lektoriya təşkil olunacaq


Digərləri 16 Avq 2019 18:57:00 201 0

AMEA-da elmi lektoriya təşkil olunacaq

Lektoriyada təbiət, texnika, ictimai və humanitar elmlərin müxtəlif aktual problemlərinə və Azərbaycanın elm tarixinə həsr olunmuş məruzələrin dinlənilməsi nəzərdə tutulur.

Bakı. Elçin Mehdiyev - Lektoriyada təbiət, texnika, ictimai və humanitar elmlərin müxtəlif aktual problemlərinə və Azərbaycanın elm tarixinə həsr olunmuş məruzələrin dinlənilməsi nəzərdə tutulur. Azərbaycan Milli Elmlər Akademiyasından (AMEA) Trend-ə bildirilib ki, müasir şəraitdə müxtəlif elmi istiqamətlər üzrə peşəkar biliklərə malik yüksəkixtisaslı kadr hazırlığı bütün digər amillərlə yanaşı, elmi tədqiqat sahəsində ənənələrin davam etdirilməsi, nüfuzlu elmi məktəblərin qorunub saxlanılması və nəsillər arasında elmi varisliyin təmin edilməsindən bilavasitə asılıdır. İnkişaf etmiş ölkələrin təcrübəsi göstərir ki, gənc nəsildə tədqiqat vərdişlərinin formalaşdırılmasında, mühüm elmi və innovativ nəticələrin əldə edilməsində müasir elmi yeniliklərin mənimsənilməsi ilə yanaşı, elmi varisliyin qorunub saxlanılması da mühüm rol oynayır. AMEA-da da elmi məktəblərin qorunub saxlanılması, elmi nəsillər arasında uğurlu kommunikasiyanın təmin edilməsi elmin inkişafı baxımından həyata keçirilən kompleks tədbirlərin əsas istiqamətlərindəndir. Bu gün elmi məktəb yaratmış alimlərlə gənclər arasında elmi kommunikasiyaların müasir standartlar səviyyəsində, müasir elmi-təşkilati texnologiyaların tətbiqi şərti ilə təşkili, ənənəvi elmi məktəblərin daha interaktiv üsullarla təbliği qarşıda duran əsas vəzifələrdəndir.