Atambayevin xanımı jurnalistlər qarşısına çıxdı


Dünya 16 Avq 2019 17:34:00 197 0

Atambayevin xanımı jurnalistlər qarşısına çıxdı

Qırğızıstanın keçmiş Prezidenti Almazbek Atambayevin həyat yoldaşı Raisa Atambayeva jurnalistlər qarşısında çıxış edərək ərinin həbsindən sonra baş verənlərdən danışıb.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, Atambayeva Ala-Arça dövlət iqamətgahındakı mənzilin möhürləndiyini, 2002-ci ildə yaradılan ailə hesabının dondurulduğunu açıqlayıb.

Atambayeva hakimiyyətin indi yaşadıqları yeganə evi möhürləyəcəklərindən qorxduğunu dilə gətirib.

Daha sonra eks-prezidentin xanımı bildirib ki, ona və iki yaxın ailə üzvünə qarşı da cinayət işi açılıb: "İndi öyrəndim ki, Arabayevin işində mənə qarşı cinayət işi açılır. Heç vaxt hakimlərin işinə qarışmamışam. Hətta hansı məhkəmənin harada olduğunu bilmirəm, heç bir hakimi tanımıram. Siyasətin çirkli bir iş olduğunu bilirdim və çalışmışam heç vaxt qarışmayım".

Raisa Atambayevanın sözlərinə görə, ərinin həbsindən sonra ailə üzvləri, yaxın qohumları təqib edilir, hətta böyük oğlu Seyitbəy Atambayev vəhşicəsinə döyülüb: "Oğlumu hər gün dindirilməyə çağırırlar. Onun qayınatasının evinə 10 polis girib və heç bir səbəb göstərmədən evi alt-üst edərək axtarış aparıblar".