Satılanların yalanları:


Siyasət 16 Avq 2019 16:20:00 188 0

Satılanların yalanları:

Həyatın hər yönündə sərt və normal məntiq tərəfdarıyam. Əminəm ki, riyaziyyat mümkün olan hər yerdə tətbiq olunmalıdır. Siyasətdə isə ələlxüsus, daha ciddi və geniş şəkildə.

Məhz bu səbəbdən elmi-texniki inqilab istisna olmaqla, bütün inqilablara münasibətim tam mənfidir. Hətta kütlənin belə ibtidai şüuru formatına yuvarlanmasına nifrət edirəm. Səbəb sadədir: istənilən (!) inqilabdan sonra müsbət nəticə ilğımdır, xəyaldır, nadir hallarda baş tutur. Risklər isə böyük, fəlakət və qan gölü ehtimalı yüksəkdir.

Elə ona görə də, tək bu səbəb yetər ki, məntiqli insan loyalist, mühafizəkar, hadisələrin normal axarınınn və mülayim, mərhələləri dəyişikliklərlə istalahatların tərəfdarı olsun.

Fərdi azadlıq və vətəndaş hüquqları məsələləri bir ideya kimi çox önəmlidir. Uşaqlıq və gənclik illərim sovdepiya illərinə təsadüf edib. 1991-ci ildə isə artıq yetkin şəxsdim ki, iyrənc sosializm dövründə yaşamaq istəməyim.

Dramatizm və ya olanları böyüdərək təşbeh, illah da təhkiyə formasına salmağın tərəfdarı deyiləm.

Çünki 1937-ci il barədə danışmaq üçün heç olmasa 1983-cü ili yaşamış insan gərəkdir.

Yerdə qalanları ucuz ədəbiyyatçılıqdı.

Azərbaycana bir dəfə "demokratiya"nı satmışdılar. Akademik Nizami Süleymanova verilmiş səslər oğurlanıb Əbülfəz Elçibəy prezident olanda, seçki kampaniyası zamanı Bakıdakı binaların divarlarını Türkiyədə çap olunub ölkəmizə gətirilmiş "Oylarımız Elçibeye!" plakatları bəzəyəndə.

Məmləkət əhli onda anladı ki, bu bəylərin demokratiyası falçı Məlahətin açıqlamaları təki, mənasızlıq, göylərə barmaq silkələməkdir.

2021-ci ildə həmin nimdaş, çullu idefiksi cəmiyyətə yenidən sırımaq cəhdləri ən azı ironiyaya səbəbdir.

Səbəb çox sadə.

Azərbaycanda radikal müxalifətin fasiləsiz bəhs etdiyi "etiraz hərəkatı" və xaricdəki YouTube məxluqatının da vurğuladıqları "milyonların protest istəyi" əslində sadəlövh müştərilər üçün nəzərdə tutulmuş kəsif qoxulu, keyfiyyətsiz nəsnədir.

Söz yox, dünyanın bütün ölkələrində müxalifət məhz siyasi bilikləri, bacarıqları və təcrübələri az olan insanlara xitab edir.

Xaricdə yuvalanıb Azərbaycanı hədəfə alan primitiv düşüncəli, tamah məqsədlilərin də istinad etdikləri "oxlos" da eyni müstəvidədir.

Hazırda "bloqer"lərin videolarını bəh-bəhlə paylaşan, Sevinc Osmanqızını, Orduxan Bəbirovu, Tural Sadıqlını, Məhəmməd Mirzəlini və daha kimləri "azadlıq carçıları", "vicdanlı efir sahibləri" sayanlar, xüsusilə də "müxalifət lider"lərinin tapındıqları və bel bağladıqları orta statistik fərdin düşüncə modeli bəlli.

Bu sadəlövh insan düşünür: "Əlbəttə ki, Azərbaycana hücuma keçənlərin hamısını bəyənmirəm. Onların dediklərinin çoxunu da qəbul etmirəm, ideyalarının da hamısını yaxşı saymıram. Lakin azadlıq, ədalətli seçkilər və rəqabətin özü axı əladır. Əgər hakimiyyəti devirsən, bəyənmədiyimiz insanlarla mübarizə apara biləcəyik. Kimin haqlı olduğunu zaman göstərəcək!"

Sadəlövh adam, radikalların bu müştərisi əksər hallarda heç də pis insan deyil.

Amma...

Onun beynindəki "mübarizə aparacağıq" ifadəsi əslində, özü etiraf etməsə də, "məhv edəcəyik" felini ehtiva edir.

AXCP sədri Əli Kərimlinin "mürid"ləri, onun trol dəstəsinin mənsubları, habelə Milli Şura adlı marionet qurumun "fanat"larının, habelə xaricdəki "bloger"lərin xitab kontingentinin müzakirə və mübahisələrdə bir davranış forması var: söyüş, təhqir, həyasızlıq, tərbiyəsizlik.

İstər daxildə radikal müxalifət kimi tanınan, istərsə də xaricdə məskunlaşıb öz dövlətini və Azərbaycan hakimiyyətini hədəf götürən "mühacirlər"in fəaliyyəti göstərir ki, onlar yalnız şəxsi mənafe və daha çox maddiyyat əldə etmək uğrunda çarpışırlar.

Bu qruplar Facebbokdan kənara çıxamdığına görə onlar "sosial şəbəkə müxalifətidir".

Və bu qruplar bütün ümidlərini xarici anti-Azərbaycan dairələrin ayırdığı qrantlara bağladığına, yalnız şübhəli mənbələrdən maliyyələşdiyinə və bu vəsaitləri almaq üçün hətta Vətənə xəyanət etdiklərinə görə "qrant müxalifətidir" və "V kolondur".

Onlar milli-mənəvi və əxlaqi dəyərlərimizi tapdaq altına atdıqlarına, siyasi mübarizə adı altında mənəviyyatsızlığı təbliğ etdiklərinə görə "söyüş müxalifətidir" və "iaşə müxalifətidir".

Radikal müxalifət, xaricdəki anti-milli ünsürlər - sadalanan ifadələri bəhs etdiyim insanlara ünvanlayanda qıcıqlanır, ən yaxşı halda "siz hakimiyyətə satılıbsınız" deyərək intellektual acizliklərini ortaya qoyurlar.

Onların nəzərində Sevinc Osmanqızının fanatı olmayan, Vidadi İsgəndərilinin virtual zibilxanasını bəyənməyən, Orduxan Bəbirovun "hayqırtı"larından həzz almayan, bisavad Məhəmməd Mirzəlidən bəh-bəhlə danışmayan və daha kimlərin pərəstişkarı sayılmayan, fəqət ölkədə görülən işlərdən bəhs edənlər satqındır.

İroniyaya bax ki, satışa çıxarılanların faciəsini bəyənənlər məntiqdən, qətiyyətdən bəhs edir.

Onlar sidq-ürəkdən inanırlar ki, "tutqu" obyektləri hakimiyətə gələrsə, Azərbaycan əvvəlcə Sinqapura, sonra İsveçrəyə çevriləcək.

Halbuki onların "Biz gələcəyik!" çağırışları boş və puçdur.

Onlar ən yaxşı halda indi yaşadıqları mənzilə, yaxud evə yollana bilərlər. "Gələcək" vəd edənlər üçünsə adi kütlə, YouTube kanalında baxış və "like" sayı, Facebook-da "bəyənmə" statistikası, mitinqlərdə və etiraz aksiyalarında isə fərdlərdir.

Onların hiddətindən "azadlıq aşiq"ləri bəs deyincə yararlanırlar.

Baxış sayına görə YouTube-un ödədiyi pullar, "qəzəb" çıxışlarına görə bəlli "müstəqil fond və təşkilat"lardan ayrılan qrantlar, siyasətçi iddiasına doğru aparan təşəxxüsün dəstəklənməsi - həmişəki kimi, aldadanlar ən müxtəlif yalanlarla aldananları fırıldaqlara tuş edirlər.

Azərbaycanda müxalifətin indiki formasiyasının, indiki "lider"lərinin hakimiyyətə gəlmək şansı sıfır səviyyəsindədir. Bu səbəbdən də onların ritorikasında "inqilabımızı satdılar", "aksyia xəyanətə uğradı", "ideallarımız tapdandı" kimi ifadələr daim yer alıb, bundan sonra da istifadə olunacaq.

Çünki gerçəyi görmək istəməyənlərdən həmişə ən pis, ən fürsəcil, ən tamahkar insanlar yararlanıblar.

Elçin Alıoğlu Son.az