Yol polisi aksiya keçirdi:


Digərləri 16 Avq 2019 10:19:00 253 0

Yol polisi aksiya keçirdi:

Bakı şəhər Dövlət Yol Polisi İdarəsi paytaxt ərazisində yerləşən çimərliklərdə yeni aksiyaya start verib.

Son.az Trend-ə istinadən xəbər verir ki, aksiya zamanı DYP tərəfindən hazırlanmış plakatlar çimərliklərin girişinə vurulmaqla yanaşı, sürücü və digər hərəkət iştirakçılarına məlumatlandırıcı bukletlər paylanılıb.

Bukletlərdə avtomobili çəkələklə idarə etməyin, maşından küçə və yollara zibil atılmağın, çimərlik ərazisində sürmə təlimi keçirməyin, sərnişindaşıma qaydalarını pozmağın, spirtli içki qəbul edərək sükan arxasında əyləşmək kimi əməllərin təhlükəli olması barədə bildirişlər qeyd olunub. Sürücülərin bu qaydalara əməl etməyinin vacibliyi vurğulanıb.

Yüzlərlə buklet Suraxanı rayon ərazisində yerləşən çimərliklərdə insanlara paylanılıb. Həm Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin, həm də Suraxanı Rayon Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən sürücülərlə maarifləndirici söhbətlər aparılıb.

Daha sonra tədbir Səbail rayonu ərazisində - Şıx çimərliyində davam etdirilib. Çimərliklərin girişinə yol polisi tərəfindən hazırlanmış plakatlar asılıb. Həmçinin, bukletlər paylanılıb.

Qeyd edək ki, Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin hazırladığı bu materiallar digər çimərliklərdə də sürücülərə paylanılacaq.


Xəbərə aid foto