Kənddə qulyabani ovu: həmin “naməlum varlıq” bu dəfə Çiyni sakinlərini “təqib edir”


Digərləri 15 Avq 2019 18:54:00 357 0

Kənddə qulyabani ovu: həmin “naməlum varlıq” bu dəfə Çiyni sakinlərini “təqib edir”

Azərbaycanın əsasən Mərkəzi Aran rayonlarında vaxtaşırı olaraq kəndlərdə "peyda olan" , qulyabani tipli "naməlum varlıqlar" bu dəfə Ucar rayonunun Çiyni kəndinin sakinlərini təşvişə salıb.

Son.az virtualaz.org-a istinadən xəbər verir ki, bəzi telekanallar artıq öz çəkiliş qruplarını qulyabani ovu barədə reportajlar hazırlamaq üçün kəndə ezam ediblər.

Və bu reportajlara əsasən dəyənəklərlə silahlanmış kəndlilər kol-kosun arasında "başdan ayağa tüklü olan, gözləri parlayan və çox sürətlə qaçan" həmin varlığı axtarırlar. Hətta iş o yerə çatıb ki, kənddə qulyabaninin dolaşması haqda xəbərlərdən təşvişə düşən sakinlərdən birinin halı pisləşib. Ona təcili tibbi yardım lazım olub. Habelə kəndin kişiləri gündüz saatlarında belə çöldə-bayırda tək dolaşmaqdan çəkinirlər və naxıra belə getmək istəmirlər.

Naməlum varlığın kənddə dolaşmasından qorxuya düşən kəndlilər polisdən kömək istəyiblər. Kəndə polis nəfərləri göndərilib, amma onlar da hələlik qulyabanini cinayət başında yaxalaya bilməyiblər. . Çiyni kənd icra nümayəndəsi Vüqar Zeynalov isə vətəndaşlarla söhbətlər aparıb, onlara gecə saatlarında tək gəzməməyi tövsiyə edib.

Azərbaycanın rayonlarında vaxtaşırı olaraq "sirli varlıqların", qulyabanilərin, cinlərin və şəyatinlərin peyda olması birinci dəfə deyil ki, ümumrespublika miqyaslı KİV-lərin reportaj mövzusuna çevrilir. Mirzə Cəlilin felyetonlarının süjetini xatırladan hadisələr bəzən günlərlə xəbər saytlarında işıqlandırılır, telekanalların regional müxbirləri tez-tələsik kameralarını götürüb həmin sirli varlıqların axtarışına yollanırlar. Lakin Mirzə Cəlilin dövründə olduğu kimi indi də bəni adəmə həmin cinləri, şəyatinləri və ya qulyabaniləri "diri tutmaq" nəsib olmur. Nəticədə bir neçə günlük təşvişdən sonra əhvalat sönüb gedir, kəndlilər dəyənəkləri yerə atıb iş-güclərinin dalınca gedirlər, "sirli varlıqlar" da sakinləri qorxutmaqdan bezib öz işlərinin dalınca, yaxud qonşu rayonun kəndlilərini qorxutmağa yollanırlar.

Məsələn, 2016-cı ildə Ucara qonşu Ağdaş rayonunun Qoşaqovaq kəndində də eynilə "sirli varlıq" kəndliləri günlərlə təşviş içərisində saxlayırdı. O vaxt da telekanalların müxbirləri çiyinlərində kameraları, kəndlilər əllərində dəyənək, bel və yabalarla gecə saatlarında "evlərin həyətlərinə girən, küçədə qəfil peyda olan" naməlum varlığın axtarışına başlamışdı. Üstəlik kəndə əlavə polis qüvvələri də cəlb edilmişdi.

(adsgarden = window.adsgarden || []).push({});