Yol polisi Bakıda avtomobil qarajına baxış keçirdi


Digərləri 15 Avq 2019 17:29:00 325 0

Yol polisi Bakıda avtomobil qarajına baxış keçirdi

Bakı şəhər Baş Polis İdarəsinin Bakı şəhər Dövlət Yol Polisi İdarəsi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və SOCAR-ın Ekologiya İdarəsi Suraxanı rayonu ərazisində yerləşən SOCAR Nəqliyyat İdarəsinin 4 saylı Texnoloji Nəqliyyat Departamentinin 1 saylı texnoloji nəqliyyat sahəsində avtonəqliyyat vasitələrinə baxış keçirib.

Son.az Trend-ə istinadən xəbər verir ki, 106 nəqliyyat vasitəsinə baxış olub.

Bakı şəhər Dövət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov bildirib ki, tədbir "Təmiz hava" aylığı çərçivəsində həyata keçirilir:

"15 gün müddətində "Atmosfer havasının mühafizəsi haqqında" qanunvericiliyin tələblərinin təmin edilməsi, ətraf mühitə atılan tullantılarda müəyyən edilmiş normadan artıq çirkləndirici maddələr olan nəqliyyat vasitələrinin istismara buraxılmasının qadağan edilməsi, Bakı şəhərində nəqliyyat vasitələri tərəfindən atmosfer havasının çirkləndirilməsinin hazırki vəziyyətinin öyrənilməsi, eyni zamanda nəqliyyat vasitələri tərəfindən atmosferə zərərli maddələrin atılması nəticəsində ətraf mühitə və insan sağlamlığına dəymiş zərərin müəyyənləşdirilməsindən ibarət olub. Tədbir zamanı Departamentin əməkdaşları tərəfindən, Bakı şəhər Dövlət Yol Polisi İdarəsi və müvafiq Rayon Polis İdarəsi Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları ilə birlikdə Bakı şəhərində fəaliyyət göstərən avtonəqliyyat müəssisələrində yoxlamalar aparılıb və bu təssərüfatlarda 101 ədəd avtomobil yoxlanılıb, bunlardan 4-nün mühərriklərinin işlənmiş qazlarında zərərli maddələrin miqdarının normativ həddən artıq olduğu aşkarlanıb. Yoxlamanın gedişi zamanı profilaktik işlər aparılaraq avtonəqliyyat vasitəsindən karbon oksidin miqdarı norma həddinə endirilib. Polis əməkdaşları tərəfindən 280 ədəd nəqliyyat vasitəsi yoxlanılıb, 43 ədədinin mühərriklərinin işlənmiş qazlardan zərərli maddələrin miqdarının normativ həddən artıq olduğu aşkar olunduğundan sürücülər barəsində inzibati xəta haqqında protokollar tərtib olunub. Yoxlamaların gedişi zamanı aşkar olunmuş qanun pozuntularının və çatışmazlıqların aradan qaldırılması üçün müəssisə rəhbərlərinə icrası məcburi olan göstərişlər verilib".

V.Əsədov bildirib ki, SOCAR-ın 4 saylı Texnoloji Nəqliyyat Departamentinin 1 saylı Texnoloji Nəqliyyat Sahəsində yük maşınları və minik avtomobilləri yoxlanılıb, vəziyyət qənaətbəxşdir.