"Anamın üzünü görməmişəm, atam isə..."


Kriminal 15 Avq 2019 14:39:00 413 0

"Anamın üzünü görməmişəm, atam isə..."

Adətən müsahibənin girişində müsahiblər barədə təmtəraqlı sözlər, pafoslu ifadələr işlətməkdən qaçmışam. Amma bu müsahibim barədə nə qədər xoş sözlər, təriflər deyilsə, yenə də azdır. Ən azı ona görə ki, o, Prezident İlham Əliyevlə mədəniyyət və incəsənət xadimlərinin görüşündəki çıxışıyla onlarla, bəlkə də yüzlərlə ailənin sevincinə səbəb oldu. Əbəs deyil ki, onu həm də gənc aktyor-aktrisaların hamisi, ümid yeri hesab edirlər. Bu gün o haminin 64 yaşı tamam olur. Doğum günü təbriklərinin çox olmasına rəğmən, Sənətkar bizə də vaxt ayırdı.

Beləliklə, "Ölkə.az"ın suallarını "Şöhrət" ordenli Xalq artisti, Azərbaycan Prezidentinin fərdi təqaüdçüsü Afaq Bəşirqızı cavablandırır.

- Afaq xanım, sizcə, doğum günü kamilləşməkdir, yoxsa yaşlanmaq? 

- Adam əvvəlcə gözləyir ki, gələn ay doğum günümdür, yaxud bir neçə gündən sonra ad günümdür... Saat 12də baxırsan ki, indi təbriklər başlayacaq.  Heç bir insan deməsin ki, doğum günü mənim üçün adi günlərdən biridir. Bu, mümkün olan şey deyil. Əgər insan  həyatı sevirsə, deməli, həyata gəlməyini də sevir. Əlbəttə, elə doğum günü var ki, təntənəli keçir, elə də olur ki, yaxınlarının, doğmalarının əhatəsində keçir. Fərq yalnız bunda ola bilər.

- İlk təbrik də hər zaman maraqlıdır...

- İlk təbriki yaxınlarım, doğmalarım edirlər. Onların  diqqətini hər zaman hiss etmişəm və edirəm. Amma deyim ki, ən birinci təbriki özüm edirəm. Adətimdir, həmişə doğum günündə ən çox sevdiyim ətiri açıb, istifadə edirəm. Ondan sonra isə oğlum, həyat yoldaşım, nəvələrim, ailə üzvlərim, sevənlərim məni təbrik edirlər.

- Yaradıcı insan üçün təbii ki, diqqət çox önəmlidir. Bəs sizin üçün təmtəraqlı doğum günləri daha maraqlıdır, yoxsa yaxın çevrəylə qeyd etdiyiniz ad günü?

- Mən ona bir fərq qoya bilmərəm. Çünki mənim təntənəli doğum günüm nəvəmin 15 yaşı ilə üst-üstə düşəndə olub. Öz yubileylərim təntənəli keçirilməyib. Yalnız Heydər Əliyev adına Sarayda yaradıcılıq gecəm keçirilib. Əgər ömür vəfa etsə, gələn il ikinci nəvəm Əhmədpaşanın 15, mənim 65 yaşım,  Əhməd bəylə evliliyimizin isə 40 ili tamam olur. Ona görə gələn il mənimçün çox önəmli olacaq.

- (zarafatyana) Riyaziyyatla aranız necədir? Çünki sanki hər şeyi dəqiqliklə ölçüb biçmisiniz. - Hər hansı sevinci, diqqəti riyaziyyat tamamlamır. Riyaziyyat elmlərin açarı olsa da, insanın açarı onun şüuru, davranışı və dünyaya baxışıdır. Ona görə də mənim həyat yoldaşımla qırx illik ömrümün riyaziyyata aidiyyatı yoxdur (gülür).

(adsgarden = window.adsgarden || []).push({});