Milli Preventiv Qrup tərəfindən Bakı İstintaq Təcridxanasına başçəkmə həyata keçirilib


Digərləri 15 Avq 2019 10:00:00 231 0

Milli Preventiv Qrup tərəfindən Bakı İstintaq Təcridxanasına başçəkmə 
həyata keçirilib

Ombudsmanın İşgəncələrin qarşısının alınması üzrə Milli Preventiv Qrupunun (MPQ) üzvləri tərəfindən Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına əvvəlcədən xəbərdarlıq edilmədən növbəti başçəkmə həyata keçirilib.

Bakı. Elçin Mehdiyev - Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanovanın tapşırığına əsasən, Ombudsmanın İşgəncələrin qarşısının alınması üzrə Milli Preventiv Qrupunun (MPQ) üzvləri tərəfindən Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına əvvəlcədən xəbərdarlıq edilmədən növbəti başçəkmə həyata keçirilib. Ombudsman Aparatından Trend-ə bildirilib ki, BMT-nin İşgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza əleyhinə Konvensiyasının Fakültativ Protokolu və Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında Konstitusiya Qanununun tələbləri əsasında təşkil olunmuş başçəkmədə məqsəd bu müəssisədə saxlama şəraiti və rəftar məsələlərinin, saxlanılan şəxslərin daxili intizam qaydalarına və beynəlxalq standartlara uyğun şəkildə hüquqlarının təmin olunması vəziyyətinin, habelə Ombudsmanın ünvanına daxil olmuş müraciətlərin araşdırılması olub. MPQ-nin həkim üzvünün də iştirak etdiyi başçəkmə zamanı həmin müəssisədə bir çox təqsirləndirilən şəxslər konfidensial qaydada qəbul olunmuş, onların müraciətləri və qaldırdıqları məsələlər araşdırılmış, bir sıra müraciətlər yerində təmin edilmişdir. Başçəkmə çərçivəsində qida qəbulundan imtina etməsi ilə bağlı barəsində internet səhifələrində məlumat yayılmış İkram Rəhimov da MPQ üzvləri tərəfindən qəbul edilib və müraciəti dinlənilib. İ.Rəhimov barəsində məhkəmə icraatında olan cinayət işinin baxılması ilə əlaqədar aclıq aksiyasına başladığını bildirmiş, müvafiq köməklik göstərilməsi üçün Ombudsmana ərizə ilə müraciət etmişdir. O, müəssisənin tibb sanitar hissəsinə yerləşdirilmiş, səhhəti həkim nəzarətindədir. İ.Rəhimovun ərizəsi nəzərə alınması üçün Ombudsman tərəfindən Bakı Apellyasiya Məhkəməsinə göndərilib. Yekunda MPQ üzvləri tərəfindən saxlanılan şəxslərin hüquqlarının effektiv təmini ilə bağlı müəssisə rəhbərliyi ilə söhbətlər aparılmış və müvafiq tövsiyələr verilmişdir. Başçəkmənin nəticəsi və qəbul olunmuş digər ərizələrlə əlaqədar aidiyyəti qurumlara müraciət olunacaqdır. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin