Leyla Abdullayeva: Mnatsakanyanın ritorikası münaqişənin sülh yolu ilə tənzimlənməsinə yönələn bütün səyləri heçə endirə bilər


Digərləri 14 Avq 2019 19:58:40 204 0

Leyla Abdullayeva: Mnatsakanyanın ritorikası münaqişənin sülh yolu ilə tənzimlənməsinə yönələn bütün səyləri heçə endirə bilər

Azərbaycan Ermənistan Baş nazirinin son bəyanatlarını vəziyyətin daha da gərginləşməsinə gətirən “qırmızı xəttin” aşılması kimi qiymətləndirir.

Bakı. Zöhrab Mnatsakanyan, Nikol Paşinyanın Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş Dağlıq Qarabağ bölgəsinin Xankəndi şəhərində səsləndirdiyi absurd bəyanatı bir daha təkrarlaması əslində onu beynəlxalq birlik, xüsusilə də ATƏT-in Minsk Qrupu həmsədrləri qarşısında pis vəziyyətə salır. Bunu Trend-ə Ermənistanın xarici işlər naziri Zöhrab Mnatsakanyanın, bu ölkənin Dağlıq Qarabağın mənsubiyyəti ilə bağlı rəsmi mövqeyi haqqında suala cavabını şərh edərkən Azərbaycan XİN-nin mətbuat katibi Leyla Abdullayeva deyib. L.Abdullayeva bildirib ki, həqiqətən də, bu cür məsuliyyətsiz ritorika nəinki beynəlxalq hüquqa və beynəlxalq vasitəçilərin mövqeyinə tamamilə ziddir, eyni zamanda münaqişənin sülh yolu ilə tənzimlənməsinə yönələn bütün səyləri heçə endirə bilər: "Ermənistan tərəfinin əsl simasının üzə çıxması və maskalarının atılması danışıqlar prosesinin pozulmasına yönələn Ermənistan hökumətinin rəsmi mövqeyinə beynəlxalq təsisatların diqqətinin cəlb edilməsi üçün ciddi əsas təşkil edir. Azərbaycan Xarici İşlər Nazirliyi, BMT və ATƏT-in Baş katiblərinə, habelə ATƏT-in Minsk Qrupunun həmsədrləri və bu Qrupun digər üzv ölkələrinin Xarici İşlər nazirlərinə məktublar ünvanlayaraq, burada N.Paşinyanın bəyanatları səbəbindən meydana gələn təhlükəli vəziyyətlə bağlı artıq mövqe bildirib.