Səhnəmizin təkrarsız Məcnunu


Kriminal 14 Avq 2019 15:00:00 314 0

Səhnəmizin təkrarsız Məcnunu

Bənzərsiz səs sahibi Baba Mahmudoğlu (Mirzəyev)... Yaşlı və orta nəsil onu yaxşı xatırlayar... Baba Mahmudoğlu yoxluğu ağır qəbul olunan sənətkarlardandır. O, Azərbaycan klassik musiqisində özünəməxsus və təkrarsız iz qoyub getdi.  

Baba Mahmudoğlu aşıq, bəstəkar, xalq mahnılarını, muğamları öz tərzində, öz üslubunda ecazkar səslə oxuyardı. O, bütün mahnıları ifa edərkən obraza girir, mahnını hərəkətlərində, üz cizgilərində, bütün varlığında yaşayır, səhnə jestləri ilə tamaşaçını ofsunlayırdı... Məcnun, Koroğlu, Qaçaq Nəbi obrazları Baba Mahmudoğlunun ifasında xüsusi orijinallıqla ifa olunub. 

Son.az bildirir ki, Modern.az xanəndə Baba Mahmudoğlu haqda maraqlı məqalə ilə çıxış edib. 

O Baba Mahmudoğlu ki, qüdrətli və məlahətli səsi bü gün də qulaqlarda cingildəyir...

Baba Mahmud oğlu Mirzəyev 1940-cı il noyabrın 7-də Qazax rayonunun Muğanlı kəndində sadə bir ailədə anadan olub. O, orta məktəbi əla qiymətlərlə başa vurub. 16 yaşında Bakıya gəlib, daha sonra o vaxtkı Sənaye İnstitutuna (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) Mexanika fakültəsinə imtahansız qəbul olunub.

1961-ci ildə institutu bitirib mühəndis ixtisasına yiyələnib və Səttarxan adına zavodda aparıcı konstruktor kimi işləməyə başlayıb. Hələ tələbəlik illərində institutun, işə daxil olduğu vaxtdan isə zavodun Mədəniyyət sarayının mahnı və rəqs ansambllarının solisti kimi sənət addımları atmışdı.

Sənaye İnstitutunda oxuduğu illərdə tələbə yoldaşlarının tövsiyəsi ilə A.Zeynallı adına Musiqi Texnikumunun səs sinfinə gələrək, Seyid Şuşinskinin muğam dərslərində iştirak etmişdi. Həmin vaxt o, Asəf Zeynallı adına Musiqi Məktəbində Süleyman Abdullayev, Əlibaba Məmmədov, Nəriman Əliyev, Nəzakət Məmmədova, Zeynəb Xanlarova ilə birgə muğamları öyrənib. Bu dərslər gənc Babaya çox şey vermiş və o, muğamlarımıza yaxından bələd olmuşdu.

Onun zirvəyə doğru gedən sənət yolu, professional səhnə taleyi isə Opera və Balet Teatrından başlayıb. 

Mərhum sənətkar öz xatirələrində də bunu vurğulayıb: "Bir gün eşitdim ki, Opera və Balet Teatrında "Gözəl səslər" müsabiqəsi keçirilir. Açığı özüm buna çox can atırdım, dostlarım da məsləhət gördülər ki, həmin müsabiqədə iştirak edim. Beləliklə, 1962-ci ildə maestro Niyazinin rəhbərliyi ilə keçirilən həmin müsabiqədə iştirak edən 153 nəfər içərisindən 1-ciliyi qazanaraq, Opera və Balet Teatrına solist qəbul olundum".

Baba Mahmudoğlunun taleyinə xanəndəlik sənəti yazılmışdı... Bu bir alın yazısıydı və ondan qaçmaq olmazdı...

Baba Mahmudoğlu opera səhnəmizə "Leyli və Məcnun"da oynadığı Məcnunla gəlmişdi. Amma sonradan "Şah İsmayıl", "Əsli və Kərəm", "Aşıq Qərib", "Gəlin qayası", "Xanəndənin taleyi" operalarında da baş rolların ifaçısı oldu. 

Sənətə həvəs Baba Mahmudoğlunu hətta M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunu bitirməyə də sövq etmişdi. 

Baba Mahmudoğlu görkəmli bəstəkar, dirijor Səid Rüstəmovun rəhbərlik etdiyi xalq çalğı alətləri orkestri, xalq artistləri Əhməd Bakıxanovun, Baba Salahovun, əməkdar artist Əhsən Dadaşovun idarəsi ilə fəaliyyət göstərən xalq çalğı alətləri ansambllarının müşayiəti ilə oxumuşdu.  O, düz 10 il R.Behbudovla Mahnı Teatrının tərkibində xarici ölkələrin səhnələrində çıxış etmişdi. 

1979-cu ilə kimi hamı onu xanəndə Baba Mirzəyev kimi tanıyırdı. 1979-cu ilin sentyabr ayında isə özünə "Dastan" folklor ansamblı yaradaraq, o andan Baba Mahmudoğlu kimi çıxış etməyə başladı. B.Mahmudoğlu sənət yolunu bu ansamblla davam etdirib. "Dastan" folklor ansamblı ilə o, bir çox xarici səfərlərdə də çıxış etmiş və Azərbaycan musiqisinin gözəlliyini digər xalqların nümayəndələrinə ən gözəl şəkildə çatdırmışdı.

B.Mahmudoğlu 1992-ci ildə Xalq artisti titulu aldı. 2005-ci ildə Opera və Balet Teatrından təqaüdə göndərildi. 

Sənətkar 2005-ci ilinin noyabrında xəstələnib, insult keçirib. Bir müddət sonra özünü yaxşı hiss etsə də, 2006-cı ilin yayında vəziyyəti yenidən pisləşib və həkimlər ona rayonda yaşamağı məsləhət görüblər. Bu səbəbdən B.Mahmudoğlu ilin təxminən beş ayını Şamaxı rayonunun Çuxuryurd kəndində keçirib. Daha sonra Bakıya qayıdıb.

2006-cı il dekabrın 6-da Azərbaycanın xalq artisti Baba Mahmudoğlu 66 yaşında vəfat edib.

Son.az modern.az-a istinadla görkəmli xanəndənin sənət yoldaşlarının onunla bağlı  xatirələrini təqdim edir.

Musiqişünas Səadət Təhmirazqızınin xatirələrir: "O, elə yeniyetmə çağlarından fəlsəfi düşüncələri, sənətə olan böyük məhəbbəti və bu məhəbbət naminə zəhməti, fədakarlığı ilə yaşıdlarından seçilərmiş. Baba müəllimlə söhbətlərimiz zamanı o həmin illəri belə xatırlayardı:

"Musiqiyə sevgim kəndimizin füsunkar təbiətindən başlayıb. O romantik aləmdə böyümək, bülbüllərin cəh-cəhindən zövq almaq və milli musiqi sədaları, ulu saz-söz sənəti təbii ki, insanı cuşa gətirir. Mən də belə məqamlarda öz hisslərimi avazımla ifadə etməyə başladım. Bunu eşidən dost-tanışlar dedilər ki, "Ayə, nə yaxşı oxuyursan". Açığını deyim ki, əvvəllər bu məni bir qədər təəccübləndirdi. Sonralar hiss etdim ki, doğrudan da içimdə bir oxumaq eşqi, həvəsi var. Odur ki, Bakıya gəlib instituta daxil olsam da, xanəndəliyə meyil məni rahat buraxmadı. Bu həvəs getdikcə daha da artdı. Beləliklə, mən təhsil aldığım institutun özfəaliyyət ansamblında oxuyur, qeyri-rəsmi tələbə və dinləyici kimi ustad xanəndə Seyid Şuşinskinin dərslərinə gedir və hətta L.Şmidt (indiki Səttarxan) adına zavodda işə düzəlmişdim. Orada da özfəaliyyət ansamblının solisti idim".

Yaradıcılığının əsas hissəsi Opera və Balet Teatrına bağlı olan Baba Mahmudoğlu milli operalarımızda baş qəhrəmanların obrazlarını çox məharətlə yaradıb. Onun dahi Üzeyir bəyin "Leyli və Məcnun" operasında Məcnun, "Əsli və Kərəm"də Kərəm, Z.Hacıbəyovun "Aşıq Qərib" operasında Qərib, M.Maqomayevin "Şah İsmayıl"ında Şah İsmayıl, Şəfiqə Axundovanın "Gəlin qayası" operasında Camal obrazları unudulmaz və yaddaqalandır".

Tədqiqatşı, sənətşünaslıq üzrə fəlsəfə doktoru Əhsən Rəhmanlı: "Baba Mahmudoğlu taleyinə, bəxtinə, uğurlarına arxayın olub heç vaxt qürrələnmir, özünü yuxarı tutmur, yolunu azmır və öz keçmişini unutmurdu. Müxtəlif mədəniyyət və tədris müəssisələrinə aldığı dəvətlərdə, televiziya, radio verilişlərində, ona həsr olunmuş yaradıcılıq gecəsində öz keçmişini, uşaqlıq dövrünü, kasıb yaşadıqları zamanı xatırlayır, ağır, məşəqqətli 1941-1945-ci illər müharibə illərində, ondan sonrakı çağları xatırlayır, heç bir şəraiti olmayan, qazmada yaşadıqlarını dilə gətirirdi...

...1969-cu ildə Firudun Səfərov Mirzə Fətəli Axundov adına Akademik Opera və Balet Teatrına baş rejissor təyin olunur. O, "Leyli və Məcnun" tamaşasını yeni quruluşla hazırlayır. Leyli obrazı üçün gənc Nəzakət Məmmədova ilə məşqlər aparır və Məcnun rolunda da daha bir gənci görmək istəyir. Nəzakət xanım sevincək ona belə bir ifaçının olduğunu bildirir: "Səhnə görkəmi Məcnuna uyğun, səs imkanları çox geniş, sənətə böyük həvəsi olan bir oğlan var, Baba Mirzəyevdir. Çox istedadlıdır".

Baba həmin vaxtlar Elmi Tədqiqat Təhlükəsizlik Texnikası İnstitutunda işləyirdi. Truppa müdiri, iş yerinə zəng edərək onu teatra dəvət edir. F.Səfərov söhbət aparır və onunla bir ay sınaq müddətində çalışacağını bildirir.

Baba Məcnun obrazının mətnini, Füzuli yaradıcılığını dərindən dərk etsin deyə ədəbiyyatşünas alimlərdən Həmid Araslı və Əli Fəhmi ilə görüşür. Bu böyük alimlər, xeyirxah insanlar bu işdə Babaya kömək edirlər. Gənc xanəndə Opera Teatrının müşyiətçi tarzəni, böyük muğam bilicisi Bəhram Mansurovla məşqlərdə onun çalğısı, tövsiyə və tapşırıqları vasitəsi ilə çox şey əxz edir, səsini muğam parçalarına uyğunlaşdırır, Məcnun roluna aid olan oxuma üslubunu mənimsəyir. Firudin Səfərov Babanı yoxlamaq üçün bir ay sınaq müddətinə iki həftə də əlavə edir və çox gözəl nəticə alınır. Baba əsl Məcnun kimi səhnəyə çıxarılır. İlk tamaşa uğurlar qazanır və dövrü mətbuatda işıqlandırılır. Məcnun və Leyli rolunun gənc ifaçıları, tamaşanın yeni quruluşu haqqında müsbət fikirlər bildirilir. Təbii ki, teatrşünaslar və tənqidçilərin məqalələrində tamaşa haqqında müxtəlif fikirlərə rast gəlmək mümkün idi.

1908-ci il "Leyli və Məcnun" milli operasının ilk tamaşasından bu günə qədər xeyli sayda Məcnun və Leyli rollarında çıxış edənlərimiz olub. Lakin Məcnun obrazının uğurlu ifaçıları arasında Baba obraza öz yanaşması, doğru münasibəti, əsas xüsusiyyətləri,  mahiyyəti, ideyanı açıb göstərməsi, bir sözlə, öz Məcnununu yaratması ilə seçilib. Həqiqətən bu obrazda o, əsl Məcnun idi.

Baba mənimlə söhbətlərində dəfələrlə demişdi: "Mən mühəndis kimi də öz yerində olanlardan idim. Az-çox iş görüb müəyyən qədər tanına bilər, lakin gec-tez itib-bata bilərdim. Lakin müğənni kimi tale mənə böyük xöşbəxtlik, ad-san, şöhrət, fəxri adlar, tamaşaçı sevgisi, xalqın məhəbbətini bəxş etdi. Səsim opera səhnəsindən, qrammofon vallarından, radio və televiziyalardan gəldi. Dünyanı gəzdim, böyük səhnələrdə çıxış edərək milli musiqimizi təmsil etdim. Bütün bunları mənə Ulu Yaradanın verdiyi tale bəxş elədi"".

Xalq artisti Teymur Mustafayev Baba Mahmudoğlunu böyük sənətkar kimi  xatırlayır:

"İlk olaraq onu deyim ki, çox böyük sənətkar idi. Bir məsəl var deyirlər ki, insanı yolda tanıyarlar. Bax mən onu yolda tanıdım. Baba ilə xaricə qastrollara tez-tez gedir, dövlət hesabına konsertlər verirdik. Qızıl kimi xasiyyəti var idi, həm də öz yerini bilən adam idi. Yol yoldaşlığına da söz ola bilməzdi. Təsadüfə bax ki, yol yoldaşlığından sonra da qonşu  olduq. Ailəsinə qarşı da həddən artıq diqqətcil idi. Oğlum da bir neçə dəfə onunla birlikdə xaricə səfərlərə gedib. Gəlib ancaq onun yaxşılığından danışırdı".

Teymur əmi xanəndə ilə ölümünə az bir vaxt qalmış görüşdüklərini bildirib:

(adsgarden = window.adsgarden || []).push({});

Xəbərə aid fotolar