"Bir dəfə zirvəni gördünsə, səni oradan heç kim ayıra bilməz" FOTO


Digərləri 12 Avq 2019 23:59:00 333 0

"Bir dəfə zirvəni gördünsə, səni oradan heç kim ayıra bilməz"  FOTO

Qərib Tağızadə: Dağın üzü dönəndə, eynilə dəniz kimi vəhşiləşir

Son.az kaspi.az-a istinadən yazını təqdim edir.

Təhlükə, risk, esktrim onun üçün zövqdür. Dağları o qədər sevir ki, danışanda həyəcandan dili-dodağı quruyur. Düşünür ki, ölüm riski olsa belə, hər bir insan ömründə bir dəfə də olsa, zirvə yolçuluğuna çıxmalı və bunun həzzini yaşamalıdır. Müsahibimiz alpinist Qərib Tağızadədir. Bakıda, Binə kəndində anadan olub. 121 saylı məktəbi bitirdikdən sonra Sankt-Peterburqda Mülki Aviasiya Akademiyasında təhsil alıb. Hazırda əcnəbi şirkətdə Rope Accesdir (Rope Acces neft-qaz sahələrində əl çatmayan yerlərə ip vasitəsilə çatanlara deyilir). Həmsöhbətimiz öz işində ən yüksək - 3-cü səviyyəyə gəlib və dünyanın ən nüfuzlu sertifikatı olan Irata sertifikatını alıb.

- Qərib bəy, alpinizmə marağınız necə yaranıb? Dağ sevgisini necə kəşf etdiniz?

- Adrenalini sevirəm. Əslində, çalışdığım sahə də riski sevir. Hobbimlə birlikdə ikiqat təhlükə yaşayıram. Alpinizm işlədiyim yerdən daha təhlükəlidir. Dağçı Nurlan Xudazarovla bir yerdə böyümüşük. O, dağ turizmi ilə məşğul olurdu. 2014-cü ildə mən də ona qoşuldum və ilk dağ macəram başladı. Təsəvvür edin, dağda istifadə etdiyim geyim, paltarlar mənim deyildi. Hər şey çox narahat idi. Ciddi dərəcədə əziyyət çəkdim. Mexaniki olaraq kampa gec çatdığım üçün Nurlan da mənimlə gec çatdı. Orada hamı çadırlarını qurmuşdu. Bizə düz yer çatmadı. Nurlan məcbur olub əyri yerdə çadır qurdu. Yataq kisəsi deyilən bir geyim var ki, yatanda soyuq olmasın deyə içinə giririk. O zaman əl-qol işləmir. Adam özünü bələkdə olmuş kimi hiss edir. Yer düz olmasa, baş aşağıdadırsa, ayaqlar adamın üstünə gəlir. Səhərə qədər soxulcan kimi dırmanırdım. Bütün gecəni çadırda mübarizə apardım. Özümə söz verdim ki, bir də dağa gəlməyəcəyəm. Ayaqlarımın ağrısı 10 gün çəkdi. Amma ağrı keçəndən sonra Nurlana yazdım ki, yenə də dağ istəyirəm. O yol məni Elbrusa qədər apardı.

- Özünüz də vurğuladınız ki, hər zaman təhlükəli işlərlə məşğul olmusunuz. Təhlükəni sevirsiniz, ya bu bir daxili tələbatdır?

- Yəqin ki, bu mənim psixoloji strukturumdan asılıdır. Loru dildə desək, "Allah, Allah" deyərək edəcəyim işləri sevirəm. Ekstrim, risk etmək mənim üçün zövqdür. Məncə, bu xasiyyətdir. Ailəm də bu xasiyyətimə bələddir və məni dəstəkləyir. 3 nəfər dostlarımız dünyasını dəyişəndə, atam sadəcə bir söz dedi ki, ehtiyatlı ol və çox risk etmə. Ailəm elə bilir ki, mən 1B marşrutu ilə hərəkət edirəm. 1B dırmanaraq deyil, daha düz yolda yeriyərək qalxmaqdır. Amma evdə bilmirlər ki, ən risklilərini edirəm. Dağla bağlı hər şeyi sevirəm. Amma məni daha çox cəlb edən ekstrimdir. Onlar mənə həyəcan verir. Yaşadığımı hiss edirəm. Dağlarla bağlı ən çox sevdiyim nüans isə Azərbaycan bayrağını zirvələrə sancmaqdır. Bayrağa çox bağlıyam. Heç vaxt demirəm ki, Azərbaycan bayrağı zirvələrə yaraşır. Zirvələr Azərbaycan bayrağına yaraşır və bizdən bunu tələb edir. Biz də onu qaldırırıq.

- Dağdan danışanda həyəcanlanırsınız. O sevgini bizə necə izah edə bilərsiniz?

- Dağlar tam başqa və ciddi dərəcədə çətin aləmdir. Heç nəyə oxşamır və izahı yoxdur. Şəhərdən çıxırsan, dağa yollanırsan. İlk olaraq, hamıdan uzaq olursan. İnternet olmur, zəng gəlmir. Yanında yalnız ekspedisiya yoldaşların olur. Dağa gedərkən heç kim əmin deyil ki, zirvəni başa vuracaq. Amma istər böyük, istər kiçik zirvələrin özünəməxsus qəribə hissləri var. İnsan nə qədər yorğun olsa da, zirvəyə çatır, o yorğunluq yox olur. Hətta 2 dəqiqə dayanmaq imkanın olsa belə... Və o həzzi heç nə ilə əvəz etmək mümkün deyil.  Dağa gedən insan ciddi hazırlaşır və əziyyət çəkir. Zirvəyə çıxanda bütün əziyyətlərinin bəhrəsini görürsən. Ölüm riski o qədər çoxdur ki... Böyük risk altında getdiyini bilə-bilə gedirsən. Dağ xəstəliyi deyə bir xəstəlik var. Dağçılar bu xəstəliyə tutulur. Dostlarım var ki, deyir, gecə 3-də oyanıram, ayaqlarım sızıldayır, dağa getmək istəyirəm. Bir dəfə zirvəni gördünsə, səni oradan heç kim ayıra bilməz. Dağın havasını, təbiətini, 12 saat ərzində dəyişə bilən fəsillərini sevirəm. Çox soyuq havada gecə 2-də oyanıb yola düşməyi sevirəm. Əziyyətdir, amma nəticəsi çox gözəldir.


Xəbərə aid fotolar