"Onun yolunu bizi tanıyan hər kəs bizim qədər həsrətlə gözləyib" FOTO


Digərləri 12 Avq 2019 23:33:00 292 0

"Onun yolunu bizi tanıyan hər kəs bizim qədər həsrətlə gözləyib"  FOTO

Qərənfil Mansurova: "Fəxranı qucağımıza alandan sonra anladıq ki, sən demə, evimiz bomboş imiş"

Son.az kaspi.az-a istinadən yazını təqdim edir.

Uzun illərdi övlad həsrəti çəkirmiş. Amma çevrəsində kifayət qədər uşaq olduğu üçün həyatındakı bu boşluğu sanki hiss etmirmiş. Nəhayət, övlad sahibi olduqda necə böyük sevinc yaşamasını ilk növbədə gözləri söyləmişdi. Tam əminliklə "bu övlad ətrafımızdakı insanların duası ilə Tanrı tərəfindən bizə verilən bir bəxşişdir" deyir. "Mənim balam" rubrikamızda müsahibimiz Milli Məclisin Mətbuat Xidmətinin Akkreditasiya və kütləvi informasiya vasitələri ilə iş sektorunun baş məsləhətçisi, dövlət qulluğunun baş müşaviri Qərənfil Mansurovadır. 5 aydır ki, dünyaya gələn oğlu Fəxran həyatına əlavə bir rəng qatıb, onu ana adı ilə mükafatlandırıb. Biz də Qərənfil xanımın fəxr mənbəyi olan Fəxranla tanış olmaq fürsətini əldən vermədik. Evlərinə qonaq olduq. Onunla söhbətimizə də elə analıq hisslərindən, bu duyğunu necə yaşamasından başladıq: 

- Çevrəmiz həmişə uşaqla dolu olub. Biz heç vaxt özümüzü uşaqsız ailə kimi hiss etməmişik. Fəxranı qucağıma alana qədər düşünürdüm ki, övladım olsa, o, qardaşımın, bacımın balalarından mənə doğma olmayacaq. Həyat yoldaşım ailənin tək övladıdır. Ən çox da onun valideynlərinin nəvə görə bilməsi üçün övlad sahibi olmağımızı istəyirdim. Övlad həsrətim onların gözləntilərinin fonunda yaranmışdı. Mənim hesablamalarım analıq hissinin bu qədər möhtəşəm olduğundan xəbərsiz idi. Fəxranı ilk dəfə qucağıma alanda, başa düşdüm ki, indiyə qədər yaşadığım bütün sevinclər bunun yanında çox cılız və xırda imiş.

- Ana olduqdan sonra həyatınızda nələr dəyişdi?

- Ana olduqdan sonra bütün həyatım dəyişdi. Bu hiss insanı şair, bəstəkar etmək qüdrətinə sahibmiş. İndi baxıram ki, övladıma anamdan, nənəmdən eşitdiyim o ənənəvi laylalardan əlavə özümün müəllifi olduqlarımı da əlavə edirəm:

- Lay-lay Fəxranım laylay, Dinim, imanım laylay, Bircə gümanım laylay.  Sənsən həyanım laylay. Aman-zamanım laylay, Olan-qalanım laylay Nəfəsim, qanım laylay,  Həyatım, canım laylay... 

Fəxranı yatızdıranda hətta mahnılar qoşuram və özümü bəstəkar kimi hiss edirəm:   Günəş qədər istin olsun, Günəş sənin dostun olsun, Günəş olmaq qəsdin olsun, Günəşə bax, mənim balam.   Heç vaxt əlimə qələm alıb rəsm çəkmək haqda düşünməmişəm. Ancaq indi fikirləşirəm ki, oğlum məktəbə gedəndə mən onunla bərabər rəsm çəkməyə başlayacağam. Artıq beynimdə müəyyən naxışlar, ağaclar, heyvanların eskizini qururam ki, birdən məktəbdə ondan bunu tələb etsələr və o da evdə məndən soruşsa ki onu necə çəkim, mən bunun qarşısında aciz qalmayım. Onun gəlişi həyatımızdakı hər şey kimi, düşüncələrimi də dəyişməyə başlayıb...    - Uşaqsız ev necə görünürdü? 

- Boş... Dediyim kimi, bizim çevrəmizdə, evimizdə hər zaman uşaqlar olub. Qardaşlarımın, bacımın, xalamın, dayımın övladları, nəvələri həmişə ətrafımızdadırlar. Hətta valideynlərindən gizli sirlərini, istəklərini ilk olaraq bizə etibar ediblər. Həmişə onların qayğıları ilə yüklənmişik, "uf" demədən hamısının dalınca qaçmışıq. Ona görə "övladsızıq nədir" bilməmişik, bunun fərqində olmamışıq. Amma Fəxranı qucağımıza alandan sonra anladıq ki, sən demə evimiz bomboş imiş. 

- Övladınızı ilk dəfə qucağınıza alanda, onun qoxusunu içinizə çəkəndə, hansı hissləri yaşadınız?

- İnanın ki, onu ilk dəfə qucağıma alanda da özümlə bağlı heç nə düşünmədim. Valideynlərimin hər ikisi dünyasını dəyişib, onların ən böyük arzusu mənim övlad sahibi olmağımı görmək idi. Ana olduğum an düşündüm ki, görəsən valideynlərim bu günü görsəydi, daha çox yaşayardılarmı? Qaynanam Mələk xanım gəlib Fəxranı görəndə hansı hissləri keçirər? Çünki Mələk xanım ağır seyid nəslindəndir, onun ən böyük arzusu nəvə sahibi olmaq idi. Xəstəxanada Fəxranı ilk dəfə otağıma gətirmək istəyən tibb bacılarına bir az ləngimələrini, həyat yoldaşımın gəlişini gözləmələrini dedim. Fəxranla ilk tanışlığımız onunla birlikdə olmalı idi. Düşünürdüm ki, Fəxranla ilk görüşdə tək olsam, onu qucağıma ala bilmərəm, həyəcandan ürəyim dayanar, dözə bilmərəm. Xəstəxanada həkimlər də təəccüb etdilər ki, niyə ana övladını görmək üçün tələsmir?

- Fəxranı necə bir övlad kimi yetişdirməyi arzulayırsınız?

- İlk növbədə onu sağlam və xoşbəxt görmək istəyirəm. Çox istərdim ki, o, müharibələrsiz, savaşlarsız, sülh dolu, təmiz bir dünyada böyüsün. Fəxran dünyaya gəldikdən sonra dünyadakı bu qeyri-sabitliklərin aradan götürülməsini daha çox istəyirəm. Bizim gəncliyimiz Azərbaycanın ən məşəqqətli illərinə, keçid dövrünə təsadüf etdi, hər şey alt-üst oldu. Yaşanan bütün bu proseslərin hamısını mətinliklə keçsəm də, etiraf edirəm ki, bu gün qorxuram. Baxmayaraq ki, mən hər zaman həyatda qorxmaz, cəsarətli və məğrur qadın olmuşam. Bu gün həmin hadisələr baş verərsə, oğlum bunlara tab gətirə bilərmi - deyə düşünürəm. Eyni zamanda onu tam qayğısız, rahat bir şəkildə də böyütmək istəmirəm. İstəyirəm ki, həyatda oğlum nailiyyətlərini öz gücünün, əməyinin hesabına qazansın. Uzun illərdən sonra bu övladı tapmışıq deyə istəmərəm onu ərköyün, tənbəl böyüdək. Ən böyük arzum isə oğluma özünün istədiyi təhsili verməkdir. Çünki özüm istədiyim şəkildə təhsil ala bilməmişəm. Mənim orta məktəbi bitirdiyim il, dediyim kimi, ölkənin keçid dövrünə təsadüf edirdi. Çox qısa zaman kəsiyində hər şey bir-birinə qarışdı, iş yerləri bağlandı, bölgələrlə rabitə kəsildi. Atam pensiyaya çıxmışdı, anam işdən ayrılmış, qardaşlarımın üçü də - böyük qardaşım könüllü, digər ikisi isə çağırışla müharibəyə getmişdi. Bir qardaşım 5 il 6 ay, digər qardaşlarım isə bir neçə il fasiləsiz olaraq döyüş bölgələrində oldular. O hadisələrdən sonra həyatım sıfırlandı və hər şeyi yenidən başlamalı oldum. Köməksiz, dəstəksiz... Mənimsə tamam başqa arzularım vardı. İstəyirdim ki, xaricdə oxuyum, işləyim, müxtəlif dilləri öyrənim. Bunların heç birini etmək imkanım olmadı...

- Yarımçıq qalmış arzularınızı övladınızın üzərində tətbiq etmək istəyəcəksinizmi?


Xəbərə aid fotolar