"Dedilər ki, sən müəllim olacaqsan, get kostyumunu al"


Digərləri 12 Avq 2019 22:57:00 241 0

"Dedilər ki, sən müəllim olacaqsan, get kostyumunu al"

"Elşən Hüseynov: "Azərbaycanda müəllim də 1500-2000 manat qazanır"

Son.az kaspi.az-a istinadən yazını təqdim edir.

Elşən Hüseynov 21 ildir ki, müəllim işləyir. Lənkəranda Viyən kənd orta məktəbini bitirdikdən sonra Bakı Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsinə daxil olub. Müəllimlik fəaliyyətinə 1998-ci ildən başlayan həmsöhbətimiz, 2001-ci ildən öz kəndlərində , 2003-cü ildən isə Mingəçevirdə hazırlıq kursunda işləyib. 2006-cı ildən Bakıda müəllim kimi fəaliyyət göstərib, daha sonra Ağdaşda, Sumqayıtda çalışıb. Bir müddət işlədikdən sonra MİQ imtahanında iştirak edərək yüksək bal toplayıb və Lənkəran rayonu Üzümçülük qəsəbəsi tam orta məktəbində çalışmağa başlayıb. Hazırda həm qəsəbədəki məktəbdə, həm də "Kaspi" təhsil şirkətinin yay məktəbində fəaliyyətini davam etdirir.

- Nə üçün müəllimlik?

- Düzünü desəm, düşünərək müəllim olmadım. Mən kənddə məktəbi bitirəndə, universitetlər, ixtisaslar haqqında informasiya zəif idi. Ümumiyyətlə, heç bir məlumatımız yox idi. Bir qəzetdə ixtisaslar yazılmışdı. Qəzeti oxudum və siyahıdakı ilk fakültəni da qeyd etdim. Sonra kənddə savadlı insanlardan soruşdum ki, mexanika ixtisasını yazmışam, bu, nə deməkdir? Yadımdadır, dedilər ki, sən müəllim olacaqsan, get kostyumunu al. O söhbətdən 21 il keçib. Əgər bu gün seçim qarşısında qalsam, yenə də müəllimliyi seçərdim. Şagirdlərlə işləmək, savadlı insan təbəqəsi ilə davamlı ünsiyyətdə olmaq, öyrətmək, bildiklərini bölüşmək və öyrənmək gözəl hissdir. Müəllim olmaq fərqlilikdir. Bu gün cəmiyyətdə hörmət əlaməti olaraq, hər kəsə müəllim deyirlər. Hamı özünü müəllim kimi görə bilər, amma hər kəs əsl müəllim ola bilməz. "Mənə bir hərf öyrədənin köləsi olaram" deyib Həzrəti Əli. Müəllimlik şərəfli peşədir.

- Bu gün oğlanlar müəllim olmağa maraqlı deyil. Sanki, müəllimlik qız sənəti kimi tanınıb. 21 illik müəllim kimi nə demək istəyərdiniz?

- Tam razıyam. Bizim qrupda 21 tələbə təhsil alırdı -14 qız, 7 oğlan. Oğlanlardan müəllim kimi tək mən işləyirəm. Hamısı ayrı-ayrı sahələrdə çalışır. Bəlkə də bir neçə il bundan öncə oğlanların bu sənəti seçməməklərinə haqq vermək olardı. Çünki o vaxt müəllim maaşı ilə ailə saxlamaq mümkün deyildi. Amma bu gün bu fikirlər tam tərsinədir. Bəlkə də, müəllimliklə daha yaxşı pul qazanmaq olar. Məsələn, orta məktəbdə bir "stavka" dərslə mənim təcrübəmlə 500 manata yaxın maaş almaq mümkündür. Daha sonra kurs, uşaq hazırlığından kifayət qədər yaxşı qazanc əldə etmək olar. Gəlirinə görə, heç də digər sahələrdən  fərqlənmir. Azərbaycanda dövlət işində 1500 manata qədər maaş almaq mümkündürsə, müəllim də 1500-2000 manat qazanır. Düzdür, əziyyətlidir, məsuliyyətlidir, amma əziyyətsiz heç bir iş yoxdur. Müasir dövrdə kişilər müəllim olmağa daha çox can atır. Burada iqtisadi faktor daha çox rol oynayır. Məsələn, işə qəbul üçün hazırlaşan tələbələrim var ki, 2005-ci il məzunudur, amma müəllim olmaq üçün hazırlığa gəlir.  Kişi müəllimlərlə qadın pedaqoqların sayı bərabər olmalıdır. 

- Bir psixoloq deyir ki, Azərbaycan məktəblərində kişi müəllimlərin az olması, oğlanların psixologiyasına mənfi təsir edir.

- Qadın anadır. Kişiyə nisbətən daha şəfqətli, mərhəmətlidir. Uşağa dərs deyərkən, hər hansı problem olduqda, daha çox qayğıya fokuslanır. Amma kişi müəllim, xüsusilə, oğlanların kişi kimi tərbiyə almasında, cəmiyyətdə sağlam fərd olmasında rol oynayır. Oğlan uşağı nadinclik edəndə, kişi müəllim özündən misal gətirərək təsir göstərir. Amma bir xanım məcbur qalıb deyir ki, mənim balam, etmə, mən sənin anan yaşındayam. Oğlan uşağı bilir ki, kişi müəllim bu həyatı keçib. Bu da xarakterinin formalaşmasında mühüm rol oynayır. Bəli, mən də razıyam ki, kişi müəllimlərin az olması oğlanların psixologiyasına mənfi təsir edir. Çünki qızın qadın kimi, oğlanın kişi kimi formalaşmasına müəllimlik də təsir edir. Qadın müəllim nə qədər əhəmiyyətlidirsə, kişi müəllim də bir o qədər vacibdir. Ailədə daha çox, ana övladının təlim-tərbiyəsi ilə məşğul olur. Uşaq orta məktəbə gəlir, orada da qadın müəllimlər onunla məşğul olurlar. Oğlan uşaqları həm ailədə ananın, orta məktəbdə də qadın müəllimlərin diqqət mərkəzində olurlar. Bu, onların psixologiyasında müəyyən dəyişiklik yaradır. Yəni onlar kişi xarakterli böyüyə bilmirlər.