2ci ANİMAFİLMə Azərbaycandan yalnız 1 film, ümumiyyətlə isə 50 ölkədən 268 müraciət daxil olub


Digərləri 12 Avq 2019 12:36:00 228 0

2ci ANİMAFİLMə Azərbaycandan yalnız 1 film, ümumiyyətlə isə 50 ölkədən 268 müraciət daxil olub

ANİMAFİLM komandası öz film və ssenarilərini müsabiqə proqramına təqdim edən bütün iştirakçılara minnətdarlığını bildirir və xəbər verir ki, Filmfreeway beynəlxalq festival platforması vasitəsilə seçim komissiyasına 50 müxtəlif ölkədən cəmi 268 müraciət daxil olub.

"Bu il ən çox müraciət ABŞ və Böyük Britaniyadan daxil olub. Çox maraqlı filmlər və ssenarilər almışıq. Amma əfsuslar olsun, Azərbaycandan müsabiqəyə cəmi bir film göndərilib, o da xaricidə yaşayan bir azərbaycanlı tərəfindən. Bu, çox xoşagəlməz haldır və bir daha onu göstərir ki, Azərbaycanda animasiya kinosu çox ağır vəziyyətindədir. Təəssüflə bildirirəm ki, bu il "Ən yaxşı qısametrajlı Azərbaycan animasiya filmi" müsabiqəsi baş tutmayacaq", - festivalın direktoru Rəşid Ağamalıyev bildirib.

Festivalın seçim komissiyası bütün müraciətləri nəzərdən keçirdikdən sonra 2019-cu il avqustun 31-dək iştirakçılara nəticələr haqqında məlumat verəcək. Müsabiqə proqramına seçilmiş film və ssenarilərin siyahısı avqustun 31-də festivalın rəsmi www.animafilm.az saytında elan ediləcək.

XATIRLATMA  

Xəbər verildiyi kimi Azərbaycan animasiyasının inkişafına töhfə vermək məqsədilə 18-20 oktyabr 2019-cu il tarixində Bakıda 2-ci ANİMAFİLM Beynəlxalq Animasiya Festivalı keçiriləcək.