Beynəlxalq Muğam Mərkəzinin möhtəşəm yay layihəsi davam edir


Kriminal 12 Avq 2019 12:24:00 273 0

Beynəlxalq Muğam Mərkəzinin möhtəşəm yay layihəsi davam edir

Beynəlxalq Muğam Mərkəzinin təşkilatçılığı və Bakı şəhər Mədəniyyət Baş İdarəsinin dəstəyi ilə "Muğam dünyasına səyahət" adlı silsilə konsert proqramlarının növbəti  tədbiri avqustun 9-da Binəqədi Mərkəzi Mədəniyyət evində keçirildi.

Tədbiri Binəqədi Mərkəzi Mədəniyyət evinin direktoru Şahin Səmədov açaraq qonaqları salamladı. Beynəlxalq Muğam Mərkəzi və Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin birgə layihəsinin qəsəbə sakinləri tərəfindən maraqla qarşılandığını vurğuladı. Bildirdi ki, konsert proqramını izləmək üçün Binəqədi rayon sakinləri ilə yanaşı Bakı şəhər mədəniyyət evlərinin rəhbərləri də dəvət olunublar. Nitqinin sonunda direktor konsert proqramını izləməyə gələn qəsəbə ağsaqqalları və görkəmli ziyalılara təşəkkürünü bildirdi.

Daha sonra maraqlı repertuardan ibarət konsert təqdim edildi.  Konsert proqramında sevilən gənc xanəndələr  xalq mahnılarımız, muğamlarımızdan ibarət proqramla qəsəbə sakinlərinin qarşısında çıxış etdilər.  Bir-birindən maraqlı çıxışlar tamaşaçılara əsl yay istirahəti yaşatdı.  Bu dəfə Binəqədi sakinləri qarşısında  tarzən Rövşən Qurbanov və kamança ifaçısı Ceyhun Muradovun müşayiəti ilə xanəndələr Almaxanım Əhmədli, Ayşən Mehdiyeva və Valid Abdullayev çıxış etdi. Xanəndələrin ifasında "Segah", "Mahur", "Şur", "Bayatı Şiraz" təsnifləri,  darəməd və rənglər səsləndikcə zaldan böyük alqışlarla mükafatlandırıldı. Tədbirin sonunda konserti izləməyə gələn qəsəbə sakinləri,  "Binəqədi rayon "N" saylı hərbi hissənin əsgərləri,  təşkilatçılara yaxınlaşıb öz minnətdarlıqlarını bildirdilər və musiqiçilərlə xatirə şəkli çəkdirdilər.

Qeyd edək ki, iyul ayından start götürən  layihə ilin sonuna kimi davam edəcək. İsti yay günlərinin milli mədəni irs nümunəmiz və orijinal musiqi mədəniyyətimiz olan Azərbaycan muğamlarının sədaları ilə keçirmək istəyənləri tətil boyu təşkil olunacaq muğam axşamlarına dəvət edirik. Tamaşaçıların estetik zövqünə və xoş istirahətinə müsbət təsir göstərəcək konsertlərdə tanınmış muğam ifaçılarımız muğamlarımız, xalq mahnılarımız və təsniflərdən ibarət rəngarəng proqram təqdim edəcəklər.

Konsertlər Beynəlxalq Muğam Mərkəzinin solistləri, muğam müsabiqələrinin laureatlarının iştirakı ilə Bakı şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Mədəniyyət Mərkəzlərində reallaşacaq.


Xəbərə aid fotolar