Qaradağ rayonunda gənc əsgərlərin andiçmə mərasimi keçirilib FOTO


Digərləri 11 Avq 2019 19:40:00 288 0

Qaradağ rayonunda gənc əsgərlərin andiçmə mərasimi keçirilib  FOTO

Avqustun 11-də Qaradağ rayonundakı "N" saylı hərbi hissədə gənc əsgərlərin andiçmə mərasimi keçirilib.

Son.az bildirir ki, andiçmə mərasimində Milli Məclisin deputatları - YAP İcra katibinin müavini Siyavuş Novruzov, deputatlar - Rauf Əliyev, İlham Əliyev, Əliağa Hüseynov, Fəzail Ağamalı, "Səs" qəzetinin baş redaktoru Bəhruz Quliyev, "İki Sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, YAP-ın gənc fəalları və əsgər valideynləri iştirak ediblər.

Hərbi hissənin komandiri, polkovnik Siyavuş Mustafayev iştirakçıları salamlayıb və deyib ki, hərbi and içmək hər bir əsgər üçün şərəfli və qürurlu hadisədir.

"Azərbaycan xalqının ümummilli lideri, müstəqil Azərbaycan Ordusunun qurucusu ulu öndər Heydər Əliyev hərbçilərə daim diqqət və qayğı göstərib və bu gün Ali Baş Komandan, Prezident İlham Əliyev ordu quruculuğu prosesini inkişaf etdirərək, Silahlı Qüvvələrimizi dünyanın ən güclüləri sırasına daxil edib", - deyən S.Mustafayev əlavə edib ki, Azərbaycan əsgəri daim öz Vətəninin, dövlətinin ərazi bütövlüyünü göz bəbəyi kimi qoruyur və işğal altındakı torpaqlarımızı hər an azad etməyə hazırdır:

"Bu gün hərbi and içən hər bir gənc əsgər əmindir ki, düşmənə qalib gəlməyə qadirdir. Müdafiə naziri Zakir Həsənov, Silahlı Qüvvələrimizin Baş Qərargah rəisi Nəcməddin Sadıkov da öz fəaliyyətləri ilə daim ordu quruculuğuna töhfələrini verir, əsgərlərimizin, zabit heyətinin qayğısına qalırlar. Mən bu gün and içən bütün əsgərlərimizi belə bir şərəfli gün münasibətilə təbrik edir, onlara xidmətlərində uğurlar arzulayıram".

YAP İcra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov nitqində vurğulayıb ki, müasir müstəqil Azərbaycan Ordusunda hərbi xidmət keçmək böyük şərəfdir: "Bu gün buraya toplaşan hər bir əsgər valideyni övladının hərbi and içməsindən qürur duyur. Çünki gənc əsgərlərin hər biri ana Vətənin xidmətində dayanacaq. Eyni zamanda, hərbi xidmət keçmək böyük bir həyat məktəbidir. Bu məktəbi keçən əsgərlərimiz gələcək həyatlarında dövlət və Vətən sevgilərini daha dərindən anlayacaqlar. Belə bir qürur hissini əsgərlərimiz və onların valideynləri ilə birgə keçirməkdən biz də şərəf duyuruq. Burada hərbi xidmət keçən bütün əsgərlərimizi, zabit heyətini təbrik edir, fəaliyyətlərində uğurlar arzulayıram".


Xəbərə aid fotolar