Honkonq polisi qanunsuz aksiyanı dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə etdi


Dünya 11 Avq 2019 18:10:00 267 0

Honkonq polisi qanunsuz aksiyanı dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə etdi

Çinin Honkonq xüsusi inzibati bölgəsində polis qanunsuz keçirilən aksiyanı dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə edib.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə "South China Morning Post" qəzeti məlumat yayıb. Bildirilir ki, ekstradisiya haqqında qanuna təklif olunan düzəlişlərə etiraz edən aksiya iştirakçıları Tayvay rayonunda barrikadalar quraraq yollarda nəqliyyatın hərəkətinin dayanmasına səbəb olublar. Etirazçıların həftə sonuna planlaşdırdıqları dörd aksiyanın polis tərəfindən qadağan olunmasına baxmayaraq, yüzlərlə honkonqlu aksiyaya qoşulub. Aksiya iştirakçıları polisin dağılışmaq barədə bir neçə xəbərdarlığına məhəl qoymayıb. Nəticədə polis gözyaşardıcı qazlardan istifadə edib.

Aksiya iştirakçıları Honkonq ərazisində olan və cinayət törətməkdə şübhəli bilinən şəxslərin məhkəmə qarşısına çıxarılması üçün Çinin materik hissəsinə və ekstradisiyaya dair sazişin olmadığı ölkələrə göndərilməsini nəzərdə tutan qanun layihəsinin ləğvini, habelə aksiyaların zorla dağıdılmasında iştirak edən hüquq mühafizə orqanlarının əməkdaşlarının cəzalandırılmasını tələb edirlər.

Etiraz aksiyasına əks olaraq "Polisə dəstək günü" adlı tədbir keçirilib.