Şəhid övladı Nizami Balıyev: Dövlət bizi tək qoymadı


Digərləri 11 Avq 2019 17:10:00 258 0

Şəhid övladı Nizami Balıyev: Dövlət bizi tək qoymadı

Ölkəmizdə Qarabağ uğrunda şəhid olan döyüşçülərin ailələrinə göstərilən qayğı böyük razılıq doğurur. Xüsusilə bu il həmin təbəqədən olanlara birdəfəlik ödəmələrin verilməsi, sosial müavinətlərin artırılması, mənzil və avtomobil bağışlanılması dövlətin onlara olan diqqət və qayğısının daha bir ifadəsidir.

"Atam İlham 1994-cü il yanvarın 31-də Ağdam rayonu uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə yüksəlib. Onun itkisindən sonra ailəmiz çox çətinlik və məhrumiyyətlərlə üzləşib. O vaxt çox kiçik olsam da, atasızlığın hər üzünü görmüşəm", - deyə şəhid övladı Nizami Balıyev AZƏRTAC-a danışıb.

Azərbaycanda həyata keçirilən sosial-siyasi və hüquqi islahatlar əslində dövlət başçısının rəhbərliyi ilə həyata keçirilən inkişaf konsepsiyasının əsas tərkib hissəsidir. Şəhid ailələrinin maddi-rifah halının yüksəldilməsi üçün atılan addımlar cəmiyyətdə böyük razılıqla qarşılanır.

Şəhid övladı fikrinə davam edərək deyib: "Atamı itirsəm də, özümü tənha hiss etməmişəm. Dövlətin qayğısını, xeyirxah insanların maddi və mənəvi dəstəyini həmişə üzərimizdə hiss etmişik. Dövlət öz vətəndaşına sahib duranda özünü daha da ürəkli və cəsarətli hiss edirsən, belə bir ölkədə yaşadığın, onun sakini olduğuna görə qürur duyursan. Bizə göstərilən bu qayğı və dəstək məndə atamın müqəddəs yolda şəhid olduğuna bir daha əminlik yaradıb. Doğrudan da, torpaq uğrunda axıdılan qan heç vaxt unudulmur".