Yüz iyirmi yaşlı memarlıq incisi FOTOREPORTAJ


Digərləri 11 Avq 2019 16:55:00 286 0

Yüz iyirmi yaşlı memarlıq incisi  FOTOREPORTAJ

Xaçmazın yaşayış məntəqəsi, daha sonra rayon kimi formalaşmasında XIX əsrin sonlarında bu ərazidə dəmiryol stansiyasının tikilməsi böyük rol oynayıb.

Xaçmaz rayonunun inzibati mərkəzində yerləşən vağzal tipli dəmiryol stansiyası 120 il əvvəl inşa edilib. Memarlığı ilə seçilən vağzal binası yerli əhəmiyyətli tarixi abidələr siyahısındadır.

XIX əsrin ikinci yarısında Qafqazdakı təbii zənginliklərin Rusiyaya daşınması üçün əlverişli və sürətli nəqliyyat vasitəsinə böyük ehtiyac yaranıb.

Son.az xəbər verir ki, Xaçmaz Dəmiryol Stansiyasının rəis müavini Əlqiyam Məmmədov AZƏRTAC-a müsahibəsində bildirib ki, Vladiqafqaz dəmiryol xəttinin çəkilişinə 1898-ci ildə başlanılıb və 1902-ci ildə başa çatıb. Müəyyən tamamlama işləri 1915-ci ilədək davam edib. İngilis və alman mütəxəssislərin iştirakı ilə həyata keçirilən tikintidə yerli əhali də yaxından iştirak edib. İndiki Xaçmaz və Xudat şəhəri eləcə də Yalama, Ləcət, Qusarçay, Çarxı kəndləri ərazisində xüsusi memarlıq üslubuna malik vağzal binaları tikilərək istifadəyə verilib. Bu binaların hamısı indi tarixi abidə kimi qorunur.

Bakı-Vladiqafqaz dəmiryol xəttinin çəkilişi bölgənin iqtisadi və siyasi inkişafında mühüm rol oynayıb.

Xaçmaz Dəmiryol Stansiyasının özünəməxsus memarlıq üslubu rejissorların da diqqətindən kənar qalmayıb. Burada bir sıra məşhur Azərbaycan filmlərinin səhnələri lentə alınıb. Bu bədii filmlər arasında ən populyarı 1977-ci ildə rejissor Arif Babayev tərəfindən ekranlaşdırılmış "Arxadan vurulan zərbə" filmidir.


Xəbərə aid fotolar