Ərəfə gününün və Qurban bayramı gününün əməlləri


Digərləri 10 Avq 2019 19:15:00 255 0

Ərəfə gününün və Qurban bayramı gününün əməlləri

Zilhiccə ayının 9-cu gününün -  Ərəfə gününün müstəhəb əməlləri sırasında birinci yeri qüsl tutur. Ərəfə günündə oruc tutmağın da savabı  böyükdür. (Nəzərdən qaçırmayaq ki, ertəsi gün, yəni Qurban bayramı günü oruc tutmaq haramdır).

Ərəfə günündə İmam Hüseynin (ə) Kərbəladakı məzarını ziyarət etmək insana savab gətirən əməllərdən sayılır. Hətta İmam Cəfər Sadiq (ə) buyurub ki, ərəfə günündə Allah-təala əvvəlcə İmam Hüseynin (ə) zəvvarlarına mərhəmət göstərib onların ehtiyaclarını ödəyər, günahlarını bağışlayar, ondan sonra Ərəfə çölündə həcc əməllərini yerinə yetirən hacılara mərhəmət göstərər (İbn Qövləveyh. Kamilüz-ziyarat, səh. 318, 539-cu hədis). Əlbəttə, ərəfə gününü Kərbəlada qeyd etməyə imkanı olmayan şəxs İmam Hüseyni (ə) qiyabi olaraq da ziyarət edə bilər (İmam Hüseynin (ə) Ərəfə gününə məxsus ziyarətnaməsini oxumaqla).

Ərəfə günündə Həzrət İmam Hüseynə (ə) məxsus olan "Ərəfə duası"nı oxumağın da böyük əcri var. Ğalib Əsədinin oğulları Bişr və Bəşir rəvayət edirlər ki, İmam Hüseyn (ə) bu duanı ərəfə günündə Ərəfat çölündəki təpənin sol tərəfində duraraq, üzünü Kəbə istiqamətinə çevirmiş və əllərini sifəti bərabərində (qünut vəziyyətində) tutmuş halda, son dərəcə təvazökar bir vəziyyətdə söyləmişdir. Duanın həcmi böyükdür və "Məfatihül-cinan" kitabında bütöv şəkildə verilmişdir.

Ərəfə günündə əsr namazından sonra iki rükətlik müstəhəb namaz qılmaq da gözəl əməldir. Birinci rükətdə Fatihə və İxlas, ikinci rükətdə isə Fatihə və Kafirun surələri oxunur. Həmçinin, Ərəfə günündə dörd rükətlik müstəhəb namaz qılmaq (hər rükətində bir dəfə Fatihə fə 50 dəfə İxlas surəsini oxumaqla) da çox bəyənilir.

Ərəfə günündə bu duanı oxumaq da tövsiyə edilir: "Sübhanəlləzi fis-səmai ərşüh. Sübhanəlləzi fil-ərzi hükmüh. Sübhanəlləzi fil-qüburi qəzaüh. Sübhanəlləzi fil-bəhri səbilüh. Sübhanəlləzi fin-nari sultanüh. Sübhanəlləzi fil-cənnəti rəhmətüh. Sübhanəlləzi fil-qiyaməti ədlüh. Sübhanəlləzi rəfəəs-səma. Sübhanəlləzi bəsətəl-ərz. Sübhanəlləzi la məlca və la mənca minhü illa ileyh".

Tərcüməsi: "Müqəddəsdir o zat ki (yəni Allah), səmada Onun ərşi yerləşir, yerdə Onun hökmü  hakimdir. Müqəddəsdir o zat ki, Onun qəzavü-qədəri qəbirlərdə  həyata keçir, su Onun hökmü ilə yola dönür. Müqəddəsdir o zat ki, alov (cəhənnəm) Ona tabedir, Onun mərhəməti cənnəti bürüyüb, qiyamətdə Onun ədaləti hökm sürür. Müqəddəsdir o zat ki, səmanı ucaltdı, yeri genişlətdi, Ondan başqa heç kimə sığınmaq və Onun hökmündən qaçıb Onun özündən başqa heç kimin himayəsində xilas olmaq mümkün deyil".

Bundan sonra 100 dəfə "Sübhanallahi vəl-həmdü lillahi və la ilahə illəllahü vəllahü əkbər" deyilir. Tərcüməsi: "Allah müqəddəsdir. Allaha həmd olsun. Allahdan başqa məbud yoxdur. Allah hər şeydən daha ucadır".

"İxlas" surəsi və Ayətül-kürsi 100 dəfə oxunur, Peyğəmbərə və nəslinə 100 dəfə salavat deyilir.

Bundan sonra 10 dəfə aşağıdakı  dua oxunur: "La ilahə iləllahü vəhdəhü la şərikə  ləh. Ləhül-mülkü və ləhül-həmd. Yühyi və yumitü  və yumitü və yühyi və hüvə həyyün la yəmut. Biyədihil-xeyrü və hüvə əla külli şeyin qədir". Tərcüməsi: "Allahdan başqa məbud yoxdur. O, təkdir, şəriki yoxdur. Dirildən və öldürən, öldürən və dirildən Odur. Özü isə ölməzdir və diridir. Xeyir Onun hökmündədir və O, hər şeyə qadirdir".

Bundan sonra 10 dəfə belə deyilir: "Əstəğfirüllahəlləzi la ilahə illa hüvəl-həyyül-qəyyum və ətubü ileyh". Tərcüməsi: "Ondan başqa məbud olmayan, diri və qaları  olan Allahın hüzurunda günahlarımın bağışlanmasını diləyir və tövbə edirəm". Bundan sonra "ya Allah", "ya Rəhman" və "ya Rəhim" kəlmələrinin hər biri 10 təkrar edilir.

Daha sonra 10 dəfə deyilir: "Ya bədiəs-səmavati vəl-ərz. Ya zəl-cəlali vəl-ikram". Tərcüməsi: "Ey göyləri və  yeri yaradan. Ey cəlal və kərəm sahibi". "Ya həyyü  ya qəyyum" (ey diri və qaları olan Allah), "ya hənnanü ya mənnan" (ey mehriban və hamının minnətdar olduğu Allah), "la ilahə illa ənt" (Səndən başqa məbud yoxdur) və "amin" zikrlərinin də hər birini 10 dəfə demək lazımdır.

Axırda isə bu dua deyilir: "Allahümmə inni əs'əlükə  ya mən hüvə əqrəbü ileyyə min həblil-vərid. Ya mən yəhulü beynəl-mər'i və qəlbih. Ya mən hüvə bil-mənzəril-ə'la və bil-üfüqil-mübin. Ya mən hüvər-rəhmanü ələl-ərş istəva. Ya mən leysə kəmislihi şey. Və hüvəs-səmiül-bəsir. Əs'əlükə ən tüsəlliyə əla Mühəmmədin və ali-Mühəmməd".

Tərcüməsi: "Allahım, ehtiyacımı Səndən istəyirəm. Ey mənə şah damarımdan da yaxın olan! Ey insanla qəlbi arasında rabitə yaradan. Ey uca məqamdan hər şeyi görən və  açıq-aydın bilən! Ey ərşi öz hökmünə almıq mərhəmət sahibi! Ey özündən başqa məbud olmayan! Hər şeyi eşidən və görən! Sənin salavatın Mühəmmədə və nəslinə olsun!".

(adsgarden = window.adsgarden || []).push({});