PEDİATR: "Uşaq kökdürsə, sağlamdır" fikri yanlışdır"


Digərləri 09 Avq 2019 23:55:00 248 0

PEDİATR: "Uşaq kökdürsə, sağlamdır" fikri yanlışdır"

Son illərdə dünyanın bir çox ölkəsində olduğu kimi, Azərbaycanda da əksər uşaqlarda artıq çəki, piylənmə müşahidə olunmaqdadır. Artıq çox az halda arıq uşaq görmək mümkündür. Bəzən valideynlər köklüyün yanlış olaraq uşağın daha sağlam olduğunu və bu səbəbdən də yaxşı qidalandığını düşünür. Mütəxəssislər isə qeyd edir ki, bu tamamilə yanlış fikirdir. Çünki şişmanlıq bəzən hansısa xəstəliyin əlaməti və yaxud ona yol aça biləcək səbəbdir. 

Pediatr Vaqif Qarayev uşaqlarda şişmanlığın artmasının səbəblərindən danışdı və önləyici məsləhətləri verdi.    Bəs uşaqlarda şişmanlığın artmasının səbəbləri hansılardır? Son.az bildirir ki, mövzu ilə bağlı həkim-pediatr Vaqif Qarayev "Yeni Müsavat"a danışdı. Vaqif Qarayev də "Uşaq kökdürsə, deməli, sağlamdır" fikrinin yanlış olduğunu bildirdi: "Bu doğrudur ki, son vaxtlarda uşaqlarda şişmanlığa meyllilik artmaqdadır. Köklüyün ciddi səbəbləri var. Qalxanvari vəzin bəzi hormonları var ki, həmin hormonlarda dəyişiklik baş verəndə köklüyə səbəb olur, hətta ciddi bir xəstəlik də yarana bilir. Digər səbəb hipodinamiya, yəni hərəkətsizlikdir. Bir çox hallarda valideynlər uşaqlarını həyətə oynamağa buraxmır ki, pis tərbiyəli uşaqlara qoşular və sairə. Beləliklə də uşaq bütün günü evdə ya kompüterin qarşısında, ya da mobil telefonda keçirir. İkinci əsas səbəb düzgün qidalanmamaqdır. Tez-tez şahidi oluruq ki, uşaqlar hər gün eyni yeməkləri, xüsusən də şirniyyatı bol olan qidaları yeyir. Ümumiyyətlə, şirniyyat həm böyüklər, həm də kiçiklər üçün bir bəladır. Bəzən valideynlərin özləri şirniyyata o qədər meylli olur ki, hər gün tort və yaxud müxtəlif kekslər bişirir və təbii ki, onunla bərabər uşağı da həmin şirniyyatdan qəbul edir. Elə bir uşaq tapmaq çətindir ki, şirniyyatı sevməsin. Lakin hər gün şirniyyatdan istifadə etmək düzgün deyil".

Tanınmış pediatr başqa bir səbəb qismində günümüzün bəlasına çevrilən "fast-food" yeməklərini görür: "Artıq Avropanın bir çox yerlərində bu yeməklərin istehsalı və istehlakı qadağan edilib. Çünki bu cür qidalar insan orqanizmi üçün kifayət qədər zərərlidir. Onun tərkibindəki karbohidratlar, yağlar, zülalların nədən hazırlandığı bilinmir. Təsəvvür edin, ev şəraitində kartof qızartmaq təxminən 20-25 dəqiqəyə başa gəlirsə, "kartof-fri" təxminən 5 dəqiqəyə hazırlanır. Deməli, onun tərkibində olanların orqanizm üçün zərrə qədər də faydası yoxdur".

Vaqif Qarayev "fast-food" qidalarının onkoloji xəstəliklərə səbəb olduğunu da dedi: "Son vaxtlar həm də uşaqlar arasında onkoloji  xəstəliklərin yaranmasının  sayı artır. Bu dəhşətdir ki, artıq bizdə uşaq onkoloji şöbəsi var. Əvvəllər "fast-food"un zərəri barədə tez-tez sosial şəbəkədə qeydlər bildirirdim. Lakin valideynlər üzərimə gəlirdi ki, "həftədə az qala 4-5 dəfə uşağa "fast-food" verir, amma uşağı sağlam və kökdür". Biz sanki surətpərəst millətik, istəyirik ki, uşağımız kök, boy- buxunlu olsun. Amma uşağın kök və yaxud arıq olması sağlamlığın parametri ola bilməz. Məsələn, çoxlu sayda kök uşaqlar var ki, vaxtaşırı tez-tez  qripə yoluxur,  xəstələnir. Amma elə arıq uşaqlar da var ki, onlar ciddi epidemiya olmayanda qripə yoluxmur. Yəni kök olmaq o demək deyil ki, o uşaq  heç vaxt xəstələnmir. Əksinə, mədə-bağırsağı zədələyən qidalar köklük yaradır, bu da hələ ki sağlam olmaq demək deyil. Digər səbəblərdən biri qazlı, rəngli içkilərdir, hansı ki, onların tərkibində orqanizmə ziyan verən qlükozalar, karbohidartlar var, hansı ki, mədəaltı vəzi zədələyir. Məsələn, "Coca-cola", "Pepsi" içkilərini filtrasiya edəndə görə bilərsiniz ki, filtr kağızında nələr qalır".

(adsgarden = window.adsgarden || []).push({});