Ekspert: "İqlim dəyişkənliyi sonrakı illərdə də davam edəcəksə..."


Digərləri 09 Avq 2019 23:00:00 259 0

Ekspert: "İqlim dəyişkənliyi sonrakı illərdə də davam edəcəksə..."

Dünyada gedən qlobal iqlim dəyişmələrinin əlamətlərini bu il daha aydın müşahidə edirik. İlin aqrometeroloji analizi deməyə əsas verir ki, qış fəslində baş vermiş quraqlıq, fəsilə xarakterik olmayan isti hava kütlələrinin axını ilkin yazda öz yerini kəskin qeyri-sabitliyə vermiş, yaz fəsli kəskin temperatur dəyişmələri, dolu, yağıntıların baş verməsi ilə müşayət olunmuşdu. Aramsız yağışlar nəticəsində ilkin yazda ərik, gilas, alça kimi tez çiçəkləyən ağaclarda tozlanma prosesi tam başa çatmamış, ağacların potensial məhsuldarlığı aşağı düşmüşdü. Son üç gündə havaların kəskin dəyişməsi də yay fəslinə xarakterik deyil, bu cür qeyri-sabit hava şəraiti nadir hadisə kimi qiymətləndirilə bilər.

Son.az bildirir ki, bunu AZƏRTAC-a açıqlamasında kənd təsərrüfatı mütəxəssisi Nicat Nəsirli deyib.

Onun sözlərinə görə, illər üzrə meteroloji təhlillər göstərir ki, qışda temperatur ampilitudlarının yüksək, yayda isə aşağı düşməsi iqlim amilləri ilə birbaşa əlaqəli olan kənd təsərrüfatı bitkiləri üçün müxtəlif risk və stres amilləri yaradır. Belə görünür ki, illər üzrə bitkilər üçün stres faktorları daha da güclənməkdədir.

Son günlər baş verən yağıntılar meyvəçilik üzrə ən mənfi təsirlərini üzüm bağlarına göstərə bilər. Üzümçülük, xəstəlik və zərərvericilərə sirayətlənmə baxımından meyvəçilikdə ən zəif bitki sayıla bilər. Temperaturun qəflətən aşağı düşməsi üzüm tinglərində su və metobolizm balansını pozur, məhsulun keyfiyyət göstəricilərinə - şəkərlilik və turşululuğuna mənfi təsir göstərir. Yağıntıların baş verməsi üzümçülükdə təhlükəli xəstəlik olan "boz çürümə" xəstəliyinin yayılmasına münbit şərait yaradır. Suvarılmayan sahələrdə, dəmyə əkinlərində yağış yağması nəticəsində gilələrdə partlama əmələ gəlir və nəticədə məhsulun əmtəə görünüşü korlanır, fermerə iqtisadi ziyan dəyir.

Nicat Nəsirli deyib: "Bu cür qeyri-sabit iqlim amillərinin baş verməsi meyvədə yetişmə dinamikasının pozulması ilə müşayət olunur. İyul-avqust-sentyabr ayları meyvədə şəkər toplama, vegetasiyanın başa çatması dövrü olduğu üçün temperatur sabit olmalı, gecə-gündüz temperaturu arasında ampilitut normal həddə tərəddüd etməlidir. Gündüzlər kəskin isti, axşamlar isə soyuq olması, o cümlədən gündüzlə gecə temperaturu arasında fərqin az olması yetişməyə mənfi təsir göstərir. Bu cür hallar daha çox üzüm, əncir, nar meyvələrinə aiddir. Nəticədə adıçəkilən meyvələr öz bioloji xüsusiyyətlərinə uyğun olaraq vaxtında yetişməyəcək, bağlarda kütləvi gecyetişmə prosesi müşayət olunacaq".

Yay aylarında yağıntıların düşməsi alma, armud kimi meyvələrin xarici səthində kiçik zədələnmələr əmələ gətirir ki, bu zədələr sonradan havaların qızması nəticəsində çürüntü bölgəsi əmələ gəlir və məhsulun böyük hissəsi bağdaca itirilir. Bu barədə danışan ekspert bildirib ki, yalnız düzgün aqrotexniki qulluq göstərilmiş, zərərverici və ziyanvericilərə qarşı sistemli mübarizə aparılmış bağlarda bu zədələr fəsada yol açmır, ağacın qüvvətli immuniteti sayəsində zədələr qısa vaxtda aradan qalxır. Tədbirlər aparılmayıbsa, bağ xəstəliyə sirayətlənibsə, yağışların əmələ gətirdiyi zədələr irihəcmli itkilərə aparıb çıxarır.

Həmsöhbətimiz qeyd edib ki, meyvəçiliklə məşğul olan fermerlər yay aylarında düşən yağıntılardan sonra sahələrdə aktivləşən "qırmızı gənə"nin hərəkətini və göbələk xəstəliklərini nəzarətdə saxlamalı, on gündən bir bağlarda kimyəvi mübarizə tədbirləri həyata keçirməlidirlər.

Qeyri-sabit hava şəraitində tərəvəzçilik istiqaməti üzrə əsas diqqət açıq sahədə əkilmiş pomidor şitillərinə yönəlməlidir. Pomidorun "avqust-sentyabr xəstəliyi" adlandırılan fitovtora nəm havaların, axşamlar soyuq, gündüzlər isə kəskin istilərin təsiri ilə sahəni bürüyür, nəticədə barın yuxarı hissəsində qaralma əmələ gəlir və çürümənın əhatə dairəsi genişlənərək məhsulun zay olmasına gətirib çıxarır. Torpaq adamları məhz bu iki ayda pomidor sahələrini fitovtoranın mənfi təsirlərindən qorumalıdırlar.


Xəbərə aid foto