Bakı metrosunda daha iki yeni ventilyator istismara verilib


Digərləri 09 Avq 2019 16:29:00 159 0

Bakı metrosunda daha iki yeni ventilyator istismara verilib

“Bakı metropoliteni” QSC-nin “Qara Qarayev” və “Memar Əcəmi” (Yaşıl xətt) stansiyalarında ventilyatorların yenilənməsi prosesi başa çatıb.

Bakı. Elçin Mehdiyev - “Bakı metropoliteni” QSC-nin “Qara Qarayev” və “Memar Əcəmi” (Yaşıl xətt) stansiyalarında ventilyatorların yenilənməsi prosesi başa çatıb. Bu barədə Trend-ə qurumun mətbuat xidmətindən məlumat verilib. Məlumata görə, bu stansiyalarda iyun ayının əvvəllərində iki yeni ventilyator istifadəyə verilmişdi. Texnoloji prosesin tələblərinə uyğun olaraq quraşdırılan daha 2 ventilyator stansiyaların havalandırma şaxtalarını tam komplektləşdirib. Rusiyanın “Ventprom” maşınqayırma zavodunun istehsal etdiyi, elektrik mühərrikinin gücü 75 kVt, məhsuldarlığı 60-65 m3/san. olan “VOM 24R” tipli güclü ventilyatorlar bu stansiyalarda və onlara yaxın tunel mənzillərində mikroiqlim şəraitinin daha da yaxşılaşdırılmasını təmin edəcək. Yeni ventilyatorların quraşdırılması məqsədilə, əvvəlcə köhnə avadanlıq sökülərək, şaxtalarda müvafiq təmir işləri aparılıb, yeni qurğunun özülü hazırlanıb. Daha sonra yeni ventilyatorların quraşdırılması, sazlanması, sınaq və tənzimlənmə işləri yerinə yetirilib. Onu da əlavə edək ki, hazırda metropolitendə kabel şəbəkəsinin fiberoptik kabellər hesabına yeniləndirilməsi üzrə geniş miqyaslı işlər aparılır. Ventilyasiya sahəsində də optik kabellərin tətbiqi informasiyanın daha etibarlı, səmərəli, dəqiq ötürülməsinə, mərkəzləşmiş idarəetmənin yüksək səviyyədə təşkilinə imkan yaradır. İstehsalçı ilə bağlanmış müqaviləyə görə, ventilyatorlar sifarişçinin təklif etdiyi texniki şərtlər nəzərə alınmaqla hazırlanıb və zavod şəraitində sifarişçi tərəfin iştirakı ilə sınaqdan keçirilib. Qurğuların bütün texniki parametrlərinin, idarəetmə lövhələrinin, nəzarət-məlumat vericilərinin “Bakı Metropoliteni” QSC-nin texniki tapşırıqlarına uyğunluğu yoxlanılıb. Yeni ventilyatorların məhsuldarlığı, texniki göstəriciləri Bakı metropoliteninin istismar şəraitinə tam uyğun və qənaətbəxşdir.