İlin əvvəlindən Azərbaycanda 3 milyondan çox aviasərnişinə xidmət göstərilib


Digərləri 09 Avq 2019 15:22:00 223 0

İlin əvvəlindən Azərbaycanda 3 milyondan çox aviasərnişinə xidmət göstərilib

2019-cu ilin ilk yeddi ayı ərzində Azərbaycanın beynəlxalq hava limanlarının sərnişin dövriyyəsi 3,09 milyon nəfər təşkil edib.

Bakı. 2019-cu ilin ilk yeddi ayı ərzində Azərbaycanın beynəlxalq hava limanlarının sərnişin dövriyyəsi 3,09 milyon nəfər təşkil edib. Heydər Əliyev Beynəlxalq Aeroportunun mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, bunun da 2,6 milyon nəfəri Heydər Əliyev Beynəlxalq Aeroportunun payına düşüb ki, bu da ötən ilin göstəricisindən 9 faiz çoxdur. Yanvar-iyul ayları ərzində 367 min sərnişin axını ilə Naxçıvan aeroportu sıxlıq üzrə ikinci, həmin müddətdə 85 min sərnişinə xidmət göstərmiş Gəncə aeroportu isə üçüncü olub. Göstərilən müddət ərzində baza aviadaşıyıcıları - AZAL və “Buta Airways” müvafiq olaraq 1,1 milyon və 306 min sərnişin daşıyıb. Ümumilikdə isə, bu ötən ilin göstəricisindən 8 faiz çoxdur. Bakı hava limanının beynəlxalq uçuşlarda sərnişinlərinin sayı 2,27 milyon təşkil edib ki, bunun da 33 faizi AZAL-ın, 13,4 faizi “Buta Airways”in payına düşüb. Göstərilən dövrdə xarici aviaşirkətlərin payı 53,6 faiz təşkil edib. Hazırda 33 sərnişin aviaşirkəti Heydər Əliyev Beynəlxalq Aeroportuna birbaşa aviareys yerinə yetirir. İyul ayı ərzində populyar aviaşirkətlərin beşliyinə AZAL və “Buta Airways” ilə yanaşı “Turkish Airlines”, “FlyDubai” və “AirArabia” daxil olublar.