Özəl təşkilatlarda əməkhaqqı kartları sahiblərinin sayı 18 faiz artıb


Digərləri 09 Avq 2019 15:09:46 230 0

Özəl təşkilatlarda əməkhaqqı kartları sahiblərinin sayı 18 faiz artıb

Qeyri-dövlət bölməsində 77 mindən çox yeni əmək müqaviləsi qeydə alınıb.

Bakı. “Kölgə iqtisadiyyatı”nın miqyasının azaldılmasına yönəldilmiş vergi islahatları sırasında iqtisadiyyatda əmək münasibətlərinin şəffaflaşdırılması mühüm yer tutur. Cari ildən etibarən qeyri-neft sektorunun özəl bölməsi üzrə fiziki şəxslərin aylıq əməkhaqqının 8 min manatadək olan hissəsinin 7 il müddətinə gəlir vergisindən azad edilməsi mühüm fiskal nəticələr verməkdədir. Vergilər Nazirliyindən Trend-ə verilən məlumata görə, bu güzəştin tətbiqi, ilk növbədə, ölkədə məşğulluğun əhəmiyyətli hissəsini təşkil edən qeyri-neft sektorunun özəl bölməsində çalışan muzdlu işçilərin real gəlirlərinə əhəmiyyətli təsir göstərib. Belə ki, 6 ay üzrə vergi güzəştinin tətbiqindən bu kateqoriya işçilərin sərəncamında qalan sərbəst vəsaitlərin məbləği 150 milyon manat təşkil edib, cari ilin sonunadək isə həmin məbləğin 300 milyon manatadək artacağı proqnozlaşdırılır. Əvvəlki illərdə bu məbləğ vergi şəklində dövlət büdcəsinə ödənilirdi. Güzəştin tətbiqi və şəffaflaşma üçün yaradılan fiskal stimullar nəticəsində cari ilin 6 ayı ərzində qeyri-dövlət bölməsində 77 mindən çox yeni əmək müqaviləsi qeydə alınıb ki, bu da həmin dövr ərzində 101 mindən çox artmış əmək müqavilələri sayının 75 faizini təşkil edir. Cari ilin 6 ayında qeyri-dövlət sektoru üzrə əmək müqavilələrinin sayı ticarət sektorunda 20,2 min (ümumi artımın 26,3 faizi), xidmət sektorunda 14,6 min (ümumi artımın 18,9 faizi), sənayedə 14,4 min (ümumi artımın 18,7 faizi), tikintidə isə 8,9 min (ümumi artımın 11,6 faizi) artıb. Beləliklə, əmək müqavilələrinin sayının artması daha çox əmək müqavilələrinin bağlanmaması hallarının geniş yayıldığı iqtisadi fəaliyyət sahələrində müşahidə olunub. Eyni zamanda, işçi sayının şəffaflaşması prosesləri özünü cari ilin əvvəlindən qeyri-dövlət təşkilatlarında çalışan muzdlu işçilərin əməkhaqqı kartlarının sahiblərinin say etibarilə 18 faizdən çox artmasına da təsir göstərib.