Demokratiyadan danışanların yalanı:


Siyasət 09 Avq 2019 14:40:35 213 0

Demokratiyadan danışanların yalanı:

Dünyanın heç bir ölkəsində heç bir müxalifət hakimiyyətə dinc yolla gəlməyib. Hakimiyyətə gələndən sonra heç bir müxalifət vədlərinə əməl etməyib. Rəqib və düşmən bildiklərinə, saydıqlarına qarşı "təmizləmə" əməliyyatını gerçəkləşdirəndən sonra heç bir müxalifət "liberal və demokratik islahatlar"a başlamayıb. Hər şey zorla, güclə, ağrı ilə müşayiət olunub.

Və bütün bunlarla bahəm, dünyanın heç bir müxalifəti hakimiyyətə yiyələndən sonra dövlətin maraqları ilə millətin mənafeyini hər şeydən üstün tutmayıb.

Tarix inadkardır, saxtakarlıq və yalanların ömrünü az edir.

Və həmin tarix göstərir ki, insanlara inkişaf, tərəqqi, xoş güzəran və bütün problemlərin həllini vəd edənlər hakimiyyətə yiyələnən kimi qan, təqiblər, yoxsulluq, böhranlar, oğurluq, korrupsiya fəlakət həddinə çatır.

Bəzən isə "demokratik dəyişikliklər" hərisliyi vətəndaş savaşı ilə sonuclanır.

Əksini görən, yaşayan və bilən yoxdur hələ.

Suriyada hakimiyyətə qarşı etiraz mitinqləri, yürüşlər və aksiyalar başlayanda "demokratik Qərb"in mediası baş verənləri "azad xalqın istibdada qarşı müqaviməti", "azadlıq mübarizəsi" və "demokratiya istəyi" kimi qələmə verdi.

İndi də beldəir.

Amma Suriya viran qalıb, minlərlə şəhər, qəsəbə və kənd darmadağın olub, yüz minlərlə suriyalı həlak olub, təqribən 15 milyon suriyalı ölkədən qaçaraq dərbədər düşüb.

"Demokratik müxalifət" isə ən müxtəlif terror qruplarına və dəstələrinə parçalanıb.

"Siyasi rəqib"lərin edamı, "qarşı tərəfin cəzalanması" üçün uşaqların və yeniyetmələrin belə, başlarının kəsilməsi - bu, Suriya müxalifətinin əməlləridir.

Poststovet ölkələrində bu qanlı ssenarilər yaşanmasa da, Qərbin oyununa gəlmiş ölkələrdəki vəziyyətə baxın.

Ukrayna, Moldova, Ermənistan, Gürcüstan, Qırğızıstan... Hakimiyyətlər əlcək kimi dəyişir, təcrübəsiz, hətta marazmatik adamlar nazir təyin olunurlar.

Faktlara baxaq.

"Demokratik Ukrayna"nın prezidenti, sabiq komik Vladimir Zelenqski İvano-Frankovsk vilayətinə səfəri zamanı Xalq Cəbhəsi Partiyasından olan deputat Andrey İvançukun boynuna yolların təmiri üçün 175 milyon qrivna ödəməyi qoyub.

"Yolların təmirinə 175 milyon qrivna gərəkdi. Büdcədə bu məbləğdə azad vəsait yoxdur. Amma mən bilirəm ki, deputat İvançukun dostlarının belə imkanları var. Yox, İvançuk?! Var! Kömək edin. Başqa dairədən olsanız da, pul ayırın", - Zelenski deyib.

"Demokratik və müstəqil" Ukraynanın müstəqilliyindən əsər-əlamət qalmayıb. Ölkə Rusiyaya, Avropa Birliyinə və ABŞ-a aşkar xidmət edənlər arasında bölüşdürülüb.

İş o yerə çatıb ki, ABŞ Dövlət Departamentinin USAİD təşkilatı Ukraynanın Ali Radasına yeni seçilmiş deputatlar üçün seminar-treninq keçirib və bu treninqin də adı "Radada deputat necə davranmalı, necə işləməlidir" olub.

Və ya başqa misal. Kiyevin meri Vitali Kliçko ilə Ukrayna Prezident Aparatının rəhbəri Andrey Boqdan arasında kəskin ədavət, hətta düşmənçilik var. Boqdan paytaxt meri postuna iqtidardakı "Xalqın xidmətçisi" ("Sluqa Naroda") hərəkatının mənsubunu təyin etmək istəyir, Kliçko isə vəzifəsini "könüllü" tərk etməkdən boyun qaçırır.

Bu səbəbdən V.Kliçko ABŞ-a yollanıb, Nyu-Yorkun sabiq meri və prezident Donald Trampın köməkçisi Rudolf Culianidən yardım istəyib.

İndi lütfən, bir anlıq düşünün...

Fərz edin ki, Rusiyanın XİN-i ABŞ-da amerikalı konqresmenlər və senatorlar üçün "Konqresdə necə davranmalı" adlı seminar təşkil edir.

Və ya Parisin meri, sosialst Ann İdalqo ilə Fransa prezidenti Emmanuel Makronun administrasiyasının rəhbəri arasında düşmənçilik yaranır və madam Ann da dərhal ABŞ-a yollanır ki, yardım, dəstək alsın.

Normal, müstəqil dövlətdə belə proseslər, sadəcə, mümkün deyil.

Eyni situasiya oliqarxların hakimiyyətə gəldiyi Gürcüstanda və ABŞ-ın ssenarisi ilə baş nazir postuna oturdulmuş Nikol Paşinyanın guya "idarə" etdiyi Ermənistandadır.

Moldovada və ya Qırğızıstanda olan vəziyyət də göz qabağında.

Belədirsə, Azərbaycan müxalifətinin "müstəqil, milləti və dövləti düşünən vətənpərvərlər birliyi" olduğuna inanmaq çətindir. Daha doğrusu, bu siyasət marionetlərinin hər hansı formada müstəqil şəkildə, sifarişçilərlə və "sahib"lərlə razılaşdırılmamış şəkildə davranmaları, sadəcə, mümkün deyil.

Ümumiyyətlə, Azərbaycana indiki durumlu, hallı müxalifət liderləri və onların "proletkult" tipli şüarlarla bəslənən trolları gərəkdirmi?

Xüsusilə də müxtəlif "aclıq aksiyaları".

Həşəmətli müxalifət liderlərinin nəzərinə çatdırım ki, şotlandiyalı Anqus Barbyeri günlərin birində arıqlamaq qərarına gəldi və aclıq elan etdi.

O, 382 gün yarıac qaldı, çəkisi 207 kq-dan 81 kqa-a düşdü.

Üstəlik, Anqus  Barbyeri aktiv həyat tərzi keçirib.

Müxalifət liderləri də onlara hələ də (əfsuslar olsun) inanan şəxsləri aclığa və ya yarıaclığa təhrik edəndə Barbyerini xatırlasalar, pis olmazdı. Əks təqdirdə hər şey tragifars təsiri bağışlayacaq yenə.

Çünki bəhs etdiyimiz kimi, ssenari ilə davransalar da, bəsit və primitiv oyunçu təsiri bağışlayırlar.

Necə ki, Azərbaycanın radikal müxalifət liderlərinin son günlərdə həvəslə müzakirə etdikləri "Honkonqda demokratik etirazlar" mövzusu kimi.

ABŞ və Çin arasında yaranmış gərginliyin iki ölkə arasındakı əlaqələrin istisnasız olaraq hamısına sirayət etdiyi dönəmdə Honkonqda kütləvi etirazlar təsadüfdür? Əsla.

Aksiyalar ABŞ-ın yeni təşəbbüsü, Pekinə təzyiq cəhdidir.

Belə ki, Honkonqdakı etirazların koordinatoru və lideri Coşua Von Çi bütün addımlarını ABŞ-ın bu şəhərdəki konsulluğunun yüksək rütbəli əməkdaşı Culiya İdehlə razılaşdırır.

Təbii, Von Çi də eynən bizim "müxalifət liderləri" kimi ABŞ səfirliyində, sadəcə, "insan haqları və demokratiya məsələlərinin müzakirəsi" üçün olduğunu deyir.

Di gəl, bu yalanlara inanmaq sadəlövhlükdü.

Göründüyü kimi, "ABŞ-da "rəngli inqilab" ona görə olmayacaq ki, orada ABŞ səfirliyi yoxdur" lətifəsinin acı gerçək olduğu bir daha aşkarlanır.

... Qanun və qayda tələb edən, demokratiya uğrunda mübarizə apardıqlarını deyən, sosial şəbəkələrdə virtual kamikadzeliyə vardıqlarını vurğulayan adamlar üçün, əslində, nə demokratiya var, nə qanun.

Onlar qanunlara tüpürmək belə, istəmirlər.

Azərbaycanın radikal müxalifətində "lider" olduqlarını iddia edən marionetlər "Biz hakimiyyətə gələcəyik!" deyirlər. 26 ildir ki, usanmadan bu sözləri təkrarlayırlar.

Ümid etdikləri, bel bağladıqları Qərb onlara inanmır, güvənmir. Adda-budda məqalələr, öləngi dəstək mesajlarını çıxsaq, ortada olan Qərbin ikrahla yanaşdığı radikal müxalifətimizin xam xəyallarını puç edən gerçək var.

O gerçək hakimiyyətə qarşı istifadə olunan ssenarilərin bəsitliyi və dəyişməzliyidir.

Məsələn, Ukraynada V.Yuşşenkonun zəhərlənməsi faktını Rusiyada təkrarlamaq istəyənlər FBK lideri Aleksey Navalnının "polis idarəsində naməlum və müəmmalı allergiya reaksiyası keçirdiyini, zəhərlənmə şübhəsinin yarandığını" car çəkdilər.

Sonradan analizlər və müayinələrin nəticəsi Navalnının səhhətinin normada olduğunu göstərdi.

Oyun alınmadı.

Belədirsə, kim təminat verə bilər ki, bizim dar düşüncəli, hələ də 20-ci əsrdəki illüziyalarında qalmış "müxalifət lider"lərindən biri "aman, qoymayın, zəhərlənmişəm" deməyəcək?!

Azərbaycanda icazəsiz mitinqlərin, aksiyaların və ya yürüşlərin taleyinə gəldikdə isə, Qərbdə belə hallarda polisin necə davrandığını, aksiya iştirakçılarına divan tutmasını əks etdirən fotoları paylaşmaq, belə vəhşilikdən bəhs etmək niyyətində deyiləm.

Həmin fotolar, videolar və s. Qərbdəki güc mərkəzlərinə, müxtəlif "müstəqil təşkilat"lara maraqlı deyil.

Əsla maraqlı deyil.

Onlara maraqlı olan Azərbaycan polisinin davranışıdır.

Çünki onların fikrincə, Azərbaycanda dövlət özünü qorumamalı, qanuna riayəti təmin etməməli, xaos və anarxiyaya rəvac verməlidir.

Onlar az qala aşkar deyirlər ki, Azərbayacanda dövlətin özünü və vətəndaşları müdafiə etmək hüququ yoxdur.

Bilirsinizmi niyə?

Çünki onlar dövlətin zəifləməsini, cəmiyyətdə təməl sosial münasibətlərin çökməsini, ölkənin məhvini istəyirlər.

Bəli, Azərbaycanda problemlər var, onlar həllini tələb edir.

Fəqət, dünyanın hansı ölkəsində belə problemlər yox ki?!

Və hansı ölkədə sosial problemlər həmin dövlətin darmadağın edilməsi, qanunların ayaq altına salınması yolu ilə çözülüb?

Azərbaycanda hakimiyyət müxalifətdən daha ədalətli, daha vicdanlıdır.

Radikallar istəməsələr də, bunu artıq qəbul etməlidir.

Çünki demokratik ölkədə hakimiyyət hansısa siyasi qrupa və ya dəstəyə yox, xalqa məxsusdur.

Çalışın qanunla yaşayın.

Elçin Alıoğlu Son.az