Heyvan kəsimi məntəqələrində son hazırlıq işləri görülür


Digərləri 09 Avq 2019 14:21:00 232 0

Heyvan kəsimi məntəqələrində son hazırlıq işləri görülür

Adi günlərlə müqayisədə daha çox heyvanın kəsimi və satışının həyata keçirildiyi Qurban bayramında qurbanlıq heyvanın kəsiminin qaydalara uyğun, sanitar-gigiyena tələbləri çərçivəsində həyata keçirilməsinə xüsusi diqqət yetirilməlidir. Kəsimdən əvvəl və sonra müvafiq baytarlıq müayinəsinin keçirilməsi heyvandan insana keçə biləcək xəstəliklərin qarşısının alınması baxımından zəruri şərtdir.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) mətbuat katibi Aysel Fərziyeva deyib.

Onun sözlərinə görə, heyvanların kəsimi və satışı aidiyyəti dövlət orqanlarının müəyyən etdiyi yerlərdə həyata keçirilməli, sanitariya-gigiyena tələblərinə uyğun olmayan küçə, yol kənarları, məhəllələr, parklar və digər ictimai yerlərdə heyvan kəsimi və satışı, eyni zamanda baytarlıq arayışı olmadan iri və xırda buynuzlu heyvanların daşınması yolverilməzdir:

"Bütün bunları nəzərə alaraq Qida Təhlükəsizliyi Agentliyi və digər aidiyyəti qurumlar tərəfindən bayram günlərində əhalinin təhlükəsiz ət və ət məhsulları ilə təmin edilməsi istiqamətində ölkə ərazisində qurbanlıq heyvanların kəsiminin baytarlıq-sanitariya və gigiyena normalarına cavab verən stasionar və çadırtipli heyvan kəsimi məntəqələrində aparılması həyata keçiriləcək. Bu məqsədlə bayram günlərində vətəndaşların ixtiyarına veriləcək 44 stasionar və 30 çadır tipli heyvan kəsimi məntəqələrində son hazırlıq işləri görülür".

Paytaxtda və Respublikanın müxtəlif bölgələrində qurulması nəzərdə tutulan çadırtipli kəsim məntəqələri 3 hissədən ibarət olacaq. Birinci hissədə heyvanın kəsimi, ikinci hissədə soyulması, üçüncü hissədə isə doğranması prosesi tamamilə sanitariya-gigiyena tələblərinə uyğun həyata keçiriləcək.

Çadırtipli kəsim məntəqələri dezinfeksiya oluna bilən, tozun qarşısını alan xüsusi materialdan hazırlanıb. Məntəqənin daxili döşəməsi də xüsusi materiallardan hazırlanıb və drenaj sistemi ilə təmin edilib ki, bu da kəsim zamanı heyvanın qanı və digər axıntıların kanalizasiya vasitəsilə kənarlaşdırılmasına, nəticədə ətraf ərazilərin çirklənməsinin qarşısının alınmasına imkan verəcək. Çadırtipli kəsim məntəqələri heyvanın kəsilməsi, soyulması və doğranmasına qədər bütün prosesi həyata keçirmək üçün paslanmayan metallardan hazırlanan, gigiyenik tələblərə uyğun lazımı avadanlıqlarla təchiz edilib.

Sözügedən kəsim yerlərində ətin baytarlıq-sanitariya ekspertizasının aparılması məqsədi ilə Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun səyyar laboratoriyaları vətəndaşlara ödənişsiz xidmət göstərəcək.


Xəbərə aid fotolar