Azərbaycanda sellərin yayılma arealları 2 dəfə artıb


Digərləri 09 Avq 2019 07:52:00 166 0

Azərbaycanda sellərin yayılma arealları 2 dəfə artıb

Selə aid statistik göstəricilərin təhlili göstərir ki, son 20 ildə respublika ərazisində sel hadisəsinin təkrarlanması 3 dəfə, sel ocaqlarının sahəsi və onların yayılması arealları 1,5-2 dəfə artıb.

Son.az bildirir ki, bunu Trend-ə tədqiqatı aparmış Azərbaycan Milli Elmlər Akademiyasının Coğrafiya İnstitutunun Azərbaycanın iqtisadi və siyasi coğrafiyası şöbəsinin müdiri, coğrafiya üzrə elmlər doktoru Nəriman Paşayev deyib.

Onun sözlərinə görə, son 100 ildə Azərbaycan çaylarında 675 sel hadisəsi baş verib və ölkə iqtisadiyyatına orta hesabla 1,3-1,5 milyard manat həcmində zərər dəyib.

N.Paşayev əlavə edib ki, Azərbaycan üzrə əhalisi 1,2 milyon nəfər olan 561 yaşayış məntəqəsi selə məruz qalır: "Selə məruz qalan ərazilərə Şəki, Zaqatala, Qax, Balakən, Naxçıvan, Ordubad, Culfa, Quba, Qusar, Şabran, Göyçay, Ağsu, Masallı, Lənkəran və Astara daxildir. Azərbaycanda sel prosesinin yaranması üçün ən aktiv dövr aprel-may, iyul-avqust və sentyabr-oktyabr ayları sayılır. Respublika ərazisində baş verən sellərin 67,8 faizi və ya 458-i Böyük Qafqazın, 17,6 faizi və ya 119-u Naxçıvan Muxtar Respublikası, 12,1 faizi və ya 82-si Kişik Qafqazın, 2,5 faizi və ya 17-si Lənkəran-Astaranin payına düşür".

Şöbə müdiri deyib ki, Azərbaycanda Böyük Qafqazın cənub və şimal-şərq yamaclarının, həmçinin Naxçıvan Muxtar Respublikasının çaylarında demək olar ki, hər il Kiçik Qafqazın və Talış dağlarının çaylarında isə vaxtaşırı güclü sellər baş verir.