Fermerlərə 63 milyon manatdan çox subsidiya ödəniləcək


Digərləri 08 Avq 2019 21:09:00 263 0

Fermerlərə 63 milyon manatdan çox subsidiya ödəniləcək

2019-cu ildə becərmədə istifadə edilən yanacaq və motor yağlarına, buğda və çəltik əkininə, təhvil verilən yaş baramaya görə fermerlərə 86 milyon manatdan çox subsidiya veriləcək.

Son.az Trend-ə istinadən bildirir ki,  Kənd Təsərrüfatı Nazirliyində Respublika Komissiyasının sədri, kənd təsərrüfatı nazirinin müavini İlham Quliyevin sədrliyi ilə kənd təsərrüfatı məhsullarının istehsalçılarına buğda və çəltik əkininə və istifadə etdikləri yanacaq və motor yağlarına görə dövlət büdcəsinin vəsaiti hesabına verilən yardımların, habelə hüquqi və fiziki şəxslər tərəfindən istehsalçılara satılan mineral gübrələrin, biohumusun və pestisidlərin qiymətinə tətbiq edilən güzəştin məbləğinin ödənilməsinin təmin edilməsi üzrə Respublika Komissiyasının növbəti iclası keçirilib.

Respublika Komissiyasının iclasında kənd təsərrüfatı məhsulları istehsalçılarına hər hektar əkin sahəsinin becərilməsində istifadə etdiyi yanacaq və motor yağlarına görə dövlət büdcəsinin vəsaiti hesabına 50 manat, buğda və çəltik əkinlərinə görə əlavə 40 manat məbləğində, barama istehsalçılarına emal müəssisələrinə təhvil verdikləri yaş baramanın (əyrilən və karapaçax barama istisna olmaqla) hər kiloqramına görə 5 manat məbləğində subsidiyanın verilməsi, habelə hüquqi və fiziki şəxslər tərəfindən istehsalçılara satılan mineral gübrələrin, biohumusun və pestisidlərin satış qiymətinə tətbiq edilən güzəştin ödənilməsi ilə bağlı Dövlət Aqrar İnkişaf Mərkəzlərinin təqdim etdiyi sənədlərə baxılıb.

Respublika Komissiyası dövlət büdcəsinin vəsaiti hesabına 31 rayon (şəhər) üzrə 278419 istehsalçıya 907997,97 hektar əkin sahəsinin və çoxillik əkmələrin becərilməsində istifadə etdiyi yanacaq və motor yağlarına, habelə buğda və çəltik əkininə görə 62127,7 min manat, 9 rayon (şəhər) üzrə 2100 barama istehsalçısına barama emalı və ipək istehsalı müəssisələrinə təhvil verdikləri 217529,2 kiloqram yaş baramaya görə 1087,6 min manat məbləğində subsidiya ayrılması barədə qərar qəbul edib.

Kənd təsərrüfatı məhsulları istehsalçılarına yardımın ödənilməsi məqsədilə müvafiq sənədlər Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə, "Kapital Bank" ASC-yə və aidiyyəti Dövlət Aqrar İnkişaf Mərkəzlərinə göndərilib.