Ceyhun Məmmədov: Sevindirici haldır ki, İlahiyyat İnstitutunu seçən abituriyentlər yüksək bal toplayıblar


Digərləri 08 Avq 2019 15:13:00 220 0

Ceyhun Məmmədov: Sevindirici haldır ki, İlahiyyat İnstitutunu seçən abituriyentlər yüksək bal toplayıblar

Azərbaycan İlahiyyat İnstitutuna qəbul iki ixtisas üzrə aparılır

Bakı. Trend Azərbaycan İlahiyyat İnstitutunun rektoru Ceyhun Məmmədovun müsahibəsini təqdim edir: –Azərbaycan İlahiyyat İnstitutuna qəbul iki ixtisas üzrə aparılır. Bu qəbuldan gözləntiləriniz nədən ibarətdir? – Hazırda institutumuz yeni tədris ilinə hazırlaşır. Qeyd etdiyiniz kimi, təhsil müəssisəsinə qəbul iki ixtisas üzrə – dinşünaslıq və islamşünaslıq istiqamətlərində aparılır. İslamşünaslıq ixtisasına qəbul olmaq istəyənlər həm də müsahibədən keçməlidirlər. Artıq müsahibədən keçən abituriyentlərimiz var. Bu sahə spesifik olduğundan, ixtisasa uyğun təfəkkürə, dünyagörüşünə uyğun gəncləri seçməyə çalışırıq. İslamşünaslıq ixtisasına qəbul edilənlərin məscidlərdə din xadimi, dinşünaslıq ixtisasına qəbul olunanların isə dövlət orqanlarında və ali dini təhsil müəssisələrində fəaliyyət göstərmələri nəzərdə tutulur. Ümumilikdə bu il instituta 72 abituriyentin qəbulu planlaşdırılır ki, onlardan 36-sı islamşünaslıq ixtisası üçün nəzərdə tutulur. Otuz altı yer üçün 130-dan çox abituriyent mübarizə aparacaq. Onların arasından bu ixtisasa uyğun gələn gənclərimizi seçirik. Sevindirici haldır ki, institutumuzu seçən, müsahibəyə gələn abituriyentlər kifayət qədər yüksək bal toplayıblar. –Tədris ili boyunca Azərbaycan İlahiyyat İnstitutu ölkəmizin bölgələrinə çoxsaylı səfərlər təşkil etdi. Səfərlərdə məqsəd nə idi? –Səfərlərin bir neçə məqsədi var idi. Bunlardan biri respublikanın bəzi bölgələrində yerləşən orta məktəblərin yuxarı sinif şagirdləri üçün maarifləndirici tədbirlər keçirməklə, 2019-2020-ci tədris ili üzrə instituta yüksəkintellektli və savadlı gənclərin cəlb olunmasıdır. Həmçinin ölkəmizin bütün bölgələrindən potensiallı gənclərin qəbulunu həyata keçirməkdir. İnstitutumuz yeni yarandığı üçün onu təbliğ etməyə çalışırıq. Digər səfərlərimizin məqsədi isə tələbələrimizin dünyagörüşünün zənginləşdirilməsi, ölkəmizdəki tarixi-dini abidələrlə, multikultural və tolerant mühitlə onların yaxından tanışlığına şərait yaradılması idi. Cocuq Mərcanlı, Qəbələ, Şamaxı, Quba rayonlarına səfərlərdə tələbələrimiz qədim mədəniyyətimizlə, zəngin mənəviyyatımızla yaxından tanış oldular. Milli-mənəvi dəyərlərimizin qorunub saxlanılması və gənc nəsillərə çatdırılması olduqca mühüm məsələdir. Azərbaycan İlahiyyat İnstitutu gənclərimizin vətənpərvər ruhda böyüməsi və tərbiyə olunması üçün belə səfərləri zaman-zaman təşkil edir. Mühüm bir amili də qeyd edim ki, Azərbaycan İlahiyyat İnstitutunda təhsil tam ödnənişsizdir. Tələbələr institutu bitirdikdən sonra dünyanın aparıcı ölkələrinin qabaqcıl universitetlərində təhsillərini davam etdirmək imkanına malikdirlər. Həmçinin təhsillərini başa vurduqdan sonra müxtəlif dövlət qurumlarında çalışa biləcəklər. –Qeyd etdiniz ki, səfərlərin bir hissəsi Azərbaycan İlahiyyat İnstitutunun tanıdılması məqsədilə keçirilir. İnstitutun təbliği üçün daha hansı işlər görülüb? –Gördüyümüz ilk işlərdən biri ali təhsil müəssisəsinin fəaliyyəti haqqında Azərbaycan, rus və ingilis dillərində kataloqun nəşri oldu. Bundan əlavə, ana dilimizdə olmaqla, həmçinin ingilis, ərəb və rus dillərində broşür və bukletlər çap etdik. İnstitutumuzun Azərbaycan, rus və ingilis dillərində saytı fəaliyyətə başladı. Burada məlumat hər gün 3 dildə yenilənir. Siz buradan ali təhsil müəssisəsi haqqında bütün lazımi məlumatları əldə edə, fəaliyyətimiz haqqında xəbərləri izləyə bilərsiniz. Bir il ərzində ali təhsil müəssisəsinin tanıdılması istiqamətində kütləvi informasiya vasitələrində – televiziyalarda, informasiya agentliklərində, qəzetlərdə, xəbər portallarında haqqımızda müxtəlif verilişlər və yazılar dərc olundu. Mən bununla əlaqədar olaraq bir daha bütün kütləvi informasiya vasitələrinin rəhbərlərinə və kollektivinə təşəkkür edirəm. –Fəaliyyətinizi tətil zamanı da davam edirirsiniz. Bu günlərdə tələbələriniz Türkiyənin Bursa şəhərində təşkil edilmiş yay məktəbinə yollanıblar. Yay məktəbinin tələbələrə nə kimi səmərəsi olacaq? –Azərbaycan İlahiyyat İnstitutunun 16 qız, 14 oğlan olmaqla, 30 tələbəsi Türkiyənin Bursa şəhərində təşkil olunmuş yay məktəbinə qatılıb. Biz bu proqramı Türkiyənin Təhsil Nazirliyi və Dini İşlər İdarəsi arasında əldə olunmuş razılaşmaya əsasən təşkil etdik. Bursada yay məktəbi iki istiqamətdə aparıldı. Dərslər müxtəlif sahələrdə – ərəb dili, ingilis dili, islam elmləri üzrə tədris edildi. Eyni zamanda, müxtəlif ilahiyyatçı alimlərlə görüşlər təşkil olundu. Tələbələrin asudə vaxtlarının düzgün dəyərləndirilməsinə xüsusi diqqət yetirildi. Bursa şəhərinin tarixi yerlərinə ziyarətlər təşkil olundu. Yay məktəbində təkcə İlahiyyat İnstitutunun tələbələri deyil, Qazaxıstan və Qırğızıstanın ali məktəblərinin İlahiyyat fakültələrindən də gənclər iştirak etdilər. Bu da tələbələrimizin dünyagörüşünün zənginləşməsinə, müxtəlif mədəniyyətlərlə tanışlığına səbəb oldu. Gənclərimiz, həmçinin ölkəmizin tolerant və multikultural mühitini burada tanıdıblar. Biz belə məktəbləri davamlı olaraq təşkil etməyi planlaşdırırıq. İnstitutumuz qış məktəbi layihəsi təşkil etmişdi, bu da tələbələrimizin inkişafına böyük təkan vermişdi. Belə tədbirlərin, məktəblərin təşkil olunmasında məqsədimiz tələbələrimizin İslam və digər dünya dinləri haqqında dərin biliklərə yiyələnmələrini təmin etmək, tərəfsiz və bütün konfessiyalara dözümlü yanaşan din xadimləri yetişdirmək, intellektual, elmi potensiallı, səriştəli və savadlı kadrlar hazırlamaqdır. –İlk tədris ilini başa vurdunuz. Nəticələrdən razısınızmı? –Ötən bir il ərzində səy göstərdik ki, tələbələr güclü təhsil ala bilsinlər. İlk gündən etibarən, institutun fəaliyyətinin qurulması istiqamətində tədbirlərin həyata keçirilməsinə başladıq. Vaxtımızın məhdudluğuna baxmayaraq, sentyabra – tədris ilinin başlanmasına qədər, demək olar, tədrisə aid bir çox məsələləri həll etdik. Azərbaycan İlahiyyat İnstitutunun mövcud ali təhsil müəssisələri arasında çox fərqli, şəffaf, modern, aydın və sağlam təməli quruldu.