Beynəlxalq nüfuza malik "Abu Dhabi national Pro" ilk dəfə Azərbaycanda keçirildi


Digərləri 08 Avq 2019 11:36:00 222 0

Beynəlxalq nüfuza malik "Abu Dhabi national Pro" ilk dəfə Azərbaycanda keçirildi

Bakıda yerləşən "Sərhədçi" idman və olmpiya mərkəzində idmanın Braziliya Ciu-Citsu növü üzrə beynəlxalq turnir keçirilib.

Bakı. Bakıda yerləşən "Sərhədçi" idman və olmpiya mərkəzində idmanın Braziliya Ciu-Citsu növü üzrə beynəlxalq turnir keçirilib. Trend-in məlumatına görə, keçirilən çempionatda dünyanın 13 ölkəsindən gəlmiş 30 komandanın idmançıları iştirak ediblər. Ümumilikdə 172 idmançının gücünü sınadığı yarışda müxtəlif çəki dərəcələri və kəmər sahibləri birincilik uğrunda mübarizə aparıb. Tədbirin açılış mərasimində çıxış edən Gənclər və İdman Nazirinin Protokol rəisi Şiraslan Kərimov ölkə rəhbərliyinin idmana ayırdığı diqqət və qayğıdan danışıb. İdmana diqqətin ümummilli lider Heydər Əliyevin yolu olduğunu vurğulayan nazirlik rəsmisi bu yolun bu gün də layiqincə davam etdirildiyindən danışıb. Daha sonra çıxış edən dünyanın tanınmış Braziliya Ciu-Citsu məktəblərindən sayılan “Ludus” məktəbinin təsisçisi və rəhbəri Braziliya Ciu-Citsu idman növü üzrə 3-cü dan qara kəmər sahibi Aleksandr Deda Faria Azərbaycanda da bu idman növünün artıq kifayət qədər tanınmasından və günü-gündən populyarlaşmasından danışıb. Daha sonra o da Azərbaycan Dövlətinin bu yarışın keçirilməsi üçün öz dəstəyini əsirgəməməsindən məmnunluq hissi duyduğunu deyib. Bundan sonra isə Azərbaycan Braziliya Ciu-Citsu Klubu İctimai Birliyinin prezidenti Aqil Acalov tədbirlə bağlı öz təəssüratlarını paylaşaraq Azərbaycan idman tarixində bir ilkə imza atdıqlarını deyib. "Bu gün bu cür beynəlxalq və mötəbər turnirin Azərbaycanda keçirilməsi məhz dövlətin apardığı idman siyasətinin bir nəticəsidir ki, bu gün biz də bundan bəhrələnirik. Azərbaycanda idmana olan diqqət və qayğı beynəlxalq federasiyaların da bu cür turnirləri ölkəmizdə keçirməyə can atmasına səbəb olur. Braziliya Ciu-Citsu idman növü üzrə belə böyük bir turnirin Azərbaycanda keçirilməsinə nail olduğumuz üçün özümüzü çox xoşbəxt hiss edirik. Çünki biz bu sahədə bir ilkə imza atmışıq". Qeyd edək ki, Fövqəladə Hallar Nazirliyinin İdman İdarəsinin rəisi Füzuli Musayev də fəxri qonaqlar arasında idi. O da açılış mərasimində çıxış edərək Azərbaycanda bu idman növünə marağın artaraq davam etməsindən və qısa vaxt ərzində azərbaycanlı idmançıların əldə etdiyi böyük nailiyyətlərdən danışaraq onlara gələcəkdə də uğurlar arzulayıb. Bundan sonra tədbirdə "Suvar" ləzgi xalq ansanblının ifasında milli rəqslər nümayiş etdirilib. Məşhur müğənnilər Roza Zərgərli və Məryəm Şabanova da öz ifaları ilə tamaşaçıların qarşısında çıxış ediblər.