Dini Komitədən Qurban bayramı ilə bağlı tövsiyələr: Cəmiyyəti parçalamağa çalışan qüvvələrin qarşısını kəsməliyik


Digərləri 08 Avq 2019 08:02:00 227 0

Dini Komitədən Qurban bayramı ilə bağlı tövsiyələr: Cəmiyyəti parçalamağa çalışan qüvvələrin qarşısını kəsməliyik

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərovun Qurban bayramı ilə bağlı Trend-ə müsahibəsi:

- Səyavuş müəllim, Qurban bayramına hazırlıq prosesi necə gedir?

- Bildiyiniz kimi, müstəqilliyimizin bərpasından sonra milli-mənəvi dəyərlərə qayıdış prosesinin bir elementi və bu dəyərlərin tərkib hissəsi olan İslam dininə məxsus bayramların - Ramazan və Qurban bayramlarının rəsmi şəkildə qeyd edilməsi artıq ənənə halını alıb. Bu il Qurban bayramı ilə əlaqədar avqust ayının 12 və 13-ü rəsmi olaraq qeyri-iş günü elan edilib. Vətəndaşların məscidlərdə sərbəst, təhlükəsiz, qanunvericiliyin tələblərinə uyğun şəkildə ibadətlərini yerinə yetirmələrinin təmin olunması üçün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Qafqaz Müsəlmanları İdarəsi tərəfindən müvafiq işlər görülməkdədir. Qafqaz Müsəlmanları İdarəsi Qurban bayramı münasibətilə tövsiyələrini dindarlara çatdırıb. Ölkəmizdə Qurban bayramı namazı 12 avqust saat 9:00-da qılınacaq.

Məlum olduğu kimi, Qurban bayramında adi günlərdən fərqli olaraq daha çox kütləvi şəkildə qurbanlıq heyvanlarının kəsimi və satışı həyata keçirilir. Bununla əlaqədar Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi, Kənd Təsərrüfatı və Daxili İşlər nazirlikləri tərəfindən kəsimin sanitar-gigiyena tələbləri çərçivəsində icra edilməsi istiqamətində birgə müvafiq tədbirlər planlaşdırılıb. Qida Təhlükəsizliyi Agentliyi tərəfindən Bakıda və regionlarda 44 stasionar və 30 çadırtipli heyvan kəsimi məntəqəsi quraşdırılacaq. Həmçinin, kəsiləcək heyvanların sağlamlığının yoxlanılması istiqamətində aidiyyəti qurumlarla birgə müvafiq tədbirlər görüləcəkdir.

- Qurban bayramı ilə bağlı tövsiyələriniz nələrdir?

- Dindarlara, inanclı insanlarımıza tövsiyələrimiz ondan ibarətdir ki, bayramı xalqımızın milli-mənəvi dəyərlərinə uyğun şəkildə keçirsinlər. Bu bayramı bir fürsət bilərək övladlarına yardımlaşma və paylaşmanın cəmiyyət üçün faydalarını izah etsinlər, qurban ibadətinin mahiyyətini doğru şəkildə çatdırmağa çalışsınlar, umumiyyətlə İslam dininin ümumbəşəri dəyərlərini, xalqımızın tolerantlıq ənənələrini övladlarına təlqin etsinlər.

Qurban payından sadəcə müsəlmanlara deyil, digər din mənsublarına, eləcə də inancından asılı olmayaraq, bütün ehtiyacı olanlara verilməsi təqdirəlayiq bir davranış olardı. Bu dinimizdə də tövsiyə olunan əməllərdəndir.