Mədəniyyət naziri Argentina və Avstriya səfirləri ilə görüşüb (FOTO)


Digərləri 07 Avq 2019 20:33:00 249 0

Mədəniyyət naziri Argentina və Avstriya səfirləri ilə görüşüb (FOTO)

Avqustun 7-də mədəniyyət naziri Əbülfəs Qarayev Argentina Respublikasının ölkəmizdəki səfiri Serxio Osvaldo Perez Qunella ilə görüşdü.

Bakı. Mədəniyyət naziri Əbülfəs Qarayev Argentina Respublikasının ölkəmizdəki səfiri Serxio Osvaldo Perez Qunella ilə görüşdü. Trend-in məlumatına görə, nazir ölkəmizdə keçirilən beynəlxalq musiqi festivalları və mədəni tədbirlərlə bağlı məlumatı səfirin diqqətinə çatdırdı. Bildirdi ki, ölkələrimiz arasında qarşılıqlı əməkdaşlığı inkişaf etdirmək üçün bu festivallarda mütəmadi iştirak vacib məqamlardandır. Azərbaycanda keçirilən Qəbələ Beynəlxalq Musiqi Festivalı, Beynəlxalq Caz Festivalı və digər musiqi tədbirlərində Argentinanın iştirakı xalqlarımız arasında mədəni mübadiləni və bir-birinin mədəniyyəti ilə yaxından tanışlığı təmin edə bilər. Nazir həmçinin televiziya proqramları vasitəsilə Azərbaycan və Argentina mədəniyyətini əks etdirən birgə verilişlərin əhəmiyyətli ola biləcəyini vurğuladı. Səfir Argentinada keçirilən tanqo festivalı və müxtəlif film festivalları haqqında danışdı. Qonaq ölkəmizi bu ilin oktyabr ayında Argentinada təşkil ediləcək tanqo festivalında iştiraka dəvət etdi. Görüş iki ölkə arasında mədəni əlaqələrin daha da genişləndirilməsi istiqamətində davam etdi. Daha sonra Əbülfəs Qarayev Avstriya Respublikasının Azərbaycandakı səfiri Bernd Aleksandr Bayeri qəbul etdi. Qonağı səmimi salamlayan nazir bildirdi ki, eyni coğrafi mövqe və əhali sayına məxsus olan Azərbaycanla Avstriya arasında oxşar cəhətlər çoxdur. Səmimi qəbula görə nazirə minnətdarlığını bildirən səfir, ölkələrimiz arasında mədəniyyət sahəsində qarşılıqlı əlaqələrin mövcud olduğunu qeyd etdi və bu əlaqələrin daha da genişləndirməsi və inkişaf etdirilməsi istiqamətində aparılacaq işlərdən söhbət açdı. İki ölkənin musiqi, teatr və mədəniyyətin müxtəlif sahələrinin nümayəndələri qarşılıqlı səfərlər edərək təcrübə mübadiləsi apara bilərlər.