Aİİ tələbələrinin iştirak etdikləri Bursa “Yay məktəbi” başa çatıb (FOTO)


Digərləri 07 Avq 2019 14:39:00 198 0

Aİİ tələbələrinin iştirak etdikləri Bursa “Yay məktəbi” başa çatıb (FOTO)

Azərbaycan İlahiyyat İnstitutunun tələbələri üçün Türkiyənin Bursa şəhərində təşkil olunan “Yay məktəbi” başa çatıb.

Bakı. Azərbaycan İlahiyyat İnstitutunun tələbələri üçün Türkiyənin Bursa şəhərində təşkil olunan “Yay məktəbi” başa çatıb. İnstitutdan Trend-ə verilən məlumata görə, “Yay məktəbi”nin sonuncu günü keçirilən tədbirdə Türkiyə Respublikası Dəyanət İşləri Başqanlığı Bursa Eğitim Müdirliyinin şöbə müdiri Mehmet Mercan və Beynəlxalq Murat Hüdavendigar Anadolu İmam Hatip Liseyinin müdiri Mehmet Türkmen “Yay məktəbi”nin öz işini uğurla başa vurduğunu söyləyiblər. Bu proqramın böyük əhəmiyyət daşıdığını diqqətə çatdıran təşkilatçılar qeyd ediblər ki, “Yay məktəbi” həm də iki ölkə arasında mövcud olan əlaqələrin möhkəmləndirilməsi baxımından da xüsusi əhəmiyyət daşıyır. Proqramın təşkilatçıları tələbələrin “Yay məktəbi”ndə qazandıqları biliklərin gələcək fəaliyyətlərində onlara kömək göstərəcəyinə əmin olduqlarını ifadə ediblər. Layihənin uğurla həyata keçməsində əməyi keçən şəxslərə təşəkkürlərini bildiriblər. Sonra “Yay məktəbi”nin iştirakçılarına sertifikatlar təqdim olunub. Məlumat üçün bildirək ki, Türkiyənin Bursa şəhərində təşkil olunan “Yay məktəbi” zamanı tələbələrə Ərəb dili, İngilis dili, Quran, Təfsir, Siyər, Hədis, Fiqh, Pedaqogika, Türk dili və Ədəbiyyat fənləri tədris olunub. Alimlərin seminar və mühazirələri ilə zəngin olan “Yay məktəbi”ndə tələbələr, həmçinin Bursa şəhərinin bir sıra tarixi yerlərinə – məscidlərə, mədrəsələrə də ziyarətlər ediblər. Qeyd edək ki, 21 iyul – 05 avqust 2019-cu il tarixdə keçirilən “Yay məktəbi”ndə Azərbaycan, Qazaxıstan və Qırğızıstanın proqrama qatılmış 18 İlahiyyat fakültələrinin tələbələri iştirak ediblər. Proqram tələbələr arasında məlumat mübadiləsinin aparılması, müxtəlif ölkə mədəniyyətləri ilə tanışlıq baxımından xüsusi əhəmiyyət daşıyıb.