Neftçi - Bnei Yahuda oyunu üçün biletlərin yarısı satıldı


İdman 07 Avq 2019 13:51:00 320 0

Neftçi - Bnei Yahuda oyunu üçün biletlərin yarısı satıldı

Neftçi-nin UEFA Avropa Liqasının III təsnifat mərhələsində İsrail Bnei Yahuda-sı ilə Bakıda keçirəcəyi ilk oyunu üçün satılan biletlərin sayı bəlli olub.

Paytaxt təmsilçisinin media, Marketinq və ictimaiyyətlə əlaqələr departamentinin rəisi Rüstəm Allahverdiyev 2 gün ərzində qarşılaşma üçün 6 mindən çox bilet satıldığını bildirib. Klub rəsmisi bu gün qalan digər biletlərin satışda olacağı və böyük ehtimalla sabaha kimi tükənəcəyini diqqətə çatdırıb.

Azarkeşlər qiyməti 2 (1A, 2A, 4A, 5A, 1B, 2B), 5 (3A, 3B), 20 (VİP) və 100 (SKYBOX) manat təşkil edən biletləri “Bakcell Arena” stadionunun kassalarından əldə edə bilərlər. Biletlər həmçinin “Rahat market”in “Baku MALL” (Qələbə dairəsi), Azadlıq prospekti 116 (47 saylı məktəblə üzbəüz), “Mega City” ticarət mərkəzi (Xırdalan şəhəri), “Şahənşah” şadlıq sarayının 1-ci mərtəbəsi (“Azadlıq” metrostansiyasının yanı), “Metropark” mağazalarında və “Mega Store”da (Bakıxanov qəsəbəsi) satışdadır.

Kasslar saat 10:00-dan 21:00-dək işləyəcək. Oyun günü biletləri yalnız “Bakcell Arena”nın kassalarından əldə etmək mümkün olacaq. Stadion 11 min azarkeş qəbul edə bilir. 

Qeyd edək ki, avqustun 8-i “Bakcell Arena”da keçiriləcək Neftçi – Bnei Yehuda oyunu saat 21:00-da başlayacaq. Cavab matçı bir həftə sonra İsraildə olacaq. (report)