İnsan öz həyatına marafonçu kimi yanaşmalıdır


Digərləri 06 Avq 2019 23:40:00 277 0

İnsan öz həyatına marafonçu kimi yanaşmalıdır

Bismilləhir-Rahmənir-Rahim! Allaha həmd olsun ki, bizlərə özümüz, vəziyyətimiz, halımız barədə düşünmək tofiqatını nəsib edib.Allahdan istəyimiz budur ki, Rəbbimiz yaxşı bəndələri üçün nələri nəzərdə tutubsa, bizlərə də onlardan bəhrələnməyi inayət etsin!

Dövrün peyğəmbərinin (ə) təyinatı, niyə birilərinə bəs etmədi?

Bugünkü mövzumuz mübarək Qurani-Kərimin "Bəqərə" surəsinin 249-cu ayəsində buyurulan məsələlərlə bağlı olacaq. Əslində bəşər tarixində ən önəmli qarşıdurmalardan olan Talut və Calut qarşıdurması və buradan götürülə biləcək dərslər barədə danışacağıq. İlk olaraq girişdə Talutun kim olması barədə qeydlər etmək istərdik. Bəni-İsrail qövmünün padşahı olan Talut kimdir? O, adı bəzi mənbələrdə Şəmun, bəzi mənbələrdə Şəmuil kimi qeyd edilən dövrünün peyğəmbəri (ə) vasitəsilə, Bəni-İsrail qövmünün xüsusi xahişi və müraciətlərindən sonra onlar üçün sərkərdə olaraq müəyyənləşən bir şəxsdir.

Sözügedən dönəm - Həzrət Musanın (ə) dövründən sonrakı bir mərhələdir və Bəni-İsrail ənənəvi olaraq yanlış və xətalara yol verir. Onlar Calutun zülmü altındadır və yaşadıqları çətin durumdan çıxmaq üçün dövrün peyğəmbərinə (ə) müraciət edirlər. Onlar istəyirlər ki, bir sərkərdələri, padşahları olsun və Calutla döyüşə getsinlər və bu zalıma qalib gəlsinlər. Bundan sonra dövrün peyğəmbərinin (ə) vasitəsilə Talut onların başçılığına təyin edilir. Bu mərhələni də Bəni-İsrail heç də rahatlıqla qəbul etmir və qəbul etməməsini onunla izah edirlər ki, onların içində bu rəhbərliyə daha layiq olanlar var və Talutun onlara başçılıq etmək üçün heç bir imtiyazı yoxdur. Ənənəvi olaraq burada büdrəmələr və yanlışlar davam edir. Bu mərhələdən sonra xüsusi olaraq Taluta bir aramlıq və səkinə gətirən sandıq verilir ki, bu, Bəni-İsrail üçün böyük əhəmiyyət kəsb edən bir tarixi-mənəvi artefakt statusunda olan olan bir əşya idi. Və Talutda bu sandığın, yaxud tabutun olması - onun xüsusi məqamını müəyyən edir. Bəni-İsrail Talutun rəhbərliyini qəbul edir.

"Bəqərə" surəsində imtahanlardan keçmə dərsi

"Bəqərə" surəsinin 249-cu ayəsinə qədərki ayələrdə gələn təfsir və izahlardan belə aydın olur ki, Bəni-İsraildən böyük sayda insan Talutla birgə olur. Burada Talut öz durum və vəziyyətini tam bəlliləşdirmək və nə qədər insanın onunla birgə sona qədər gəlməsini müəyyən etmək üçün qarşılaşacaqları imtahanı onlara çatdırır. "Bəqərə" surəsinin 249-cu ayəsində Rəbbimiz buyurur: "Beləliklə, Talut qoşunla birgə (öz qərargahlarından) ayrılarkən dedi: "Həqiqətən, Allah sizi bir çay ilə imtahan edəcəkdir. Odur ki, kim ondan (doyunca) içsə, məndən deyil və kim ondan içməsə məndəndir, əlinə bir ovuc su götürən istisna olmaqa (ki, o da məndəndir)". Beləliklə, onların az bir hissəsi istisna olmaqla, hamısı ondan içdi. Talut və onunla birgə iman gətirənlər çaydan keçdikdən sonra (onlardan bəziləri) dedilər: "Bizim bu gün Calut və onun qoşunu ilə qarşılaşmağa taqətimiz yoxdur". Allaha qovuşacaqlarına inananlar (axirətə imanları olanlar isə) dedilər: "O qədər az (saylı) dəstə Allahın köməyi ilə çox (saylı) dəstəyə qalib gəlib ki! Allah səbirlilərlədir".

Bir vəziyyəti təsəvvür edək ki, dövrünün peyğəmbəri (ə) tərəfindən təyin edilən bir sərkərdə olan Talut, Bəni-İsrailin halını müəyyənləşdirmək üçün, onların hazırlığını, ruhi, psixoloji hazırlıqlarının nə səviyyədə olmasını müəyyən etmək üçün bəlli bir imtahanın olmasını onlara çatdırır. Bəlli olur ki, burada imtahan zamanı insanlar üç qrupa bölünür. Birinci qrup - deyilən sudan içənlərdir ki, Talut həmin kəslərin ondan olmayacağını bəyan edir. Onlar imtahanadan çıxmırlar və Talutla birgə qalmırlar. İkinci qrup - Talutla birgə olanlar, sudan içməyənlərdir. Onlar imtahanlarını verirlər və imtahanlarını verdikləri üçün növbəti - ali bir məqama daxil olurlar. Üçüncü qrupda isə istisna olanlar var ki, onlar nə içən kimi içir, nə də içməyən kimi içmirlər - sudan sadəcə bir ovuc götürürlər.

Ayədən başa düşülür ki, çoxluq sudan içir və Bəni-İsraildən olan böyük sayda insandan çox hissəsi bu imtahandan çıxa bilmir və beləliklə, onlar bu nurani ordunu tərk etmiş olurlar. Qalanlar arasında da əlini bir ovuc suya salanlar olur.

Yalnız bu keyfiyyətə malik olanlar sabitqədəmlik göstərir

Ayədə növbəti bir hissəni Rəbbimiz bizə çatdırır. Talut və ona iman gətirənlər çayı keçdikdən sonra bir qrup bəyan edir ki, Calut və onun ordusu ilə vuruşmaq taqətləri və halları yoxdur. İmtahanın artıq növbəti bir hissəsidir. Bir imtahandır ki, özləri Calutun zülmündən qurtulmaq istəyən insanların böyük bir qismi, hətta birinci mərhələdən keçə bilsələr belə, bu mərhələdə ləyaqət və tutumları olmur ki, davam etsinlər. Əslində bu mərhələdə də böyük bir hissə Talutun nurani zümrəsini tərk etmiş olur. Onlar bildirmiş olurlar ki, bu gün Calutla üz-üzə gəlməyi taqətləri və halları yoxdur.

Sona qədər tam məna ilə Talutun itaətində olan, sabitqədəmlik göstərənlər isə o kəslərdir ki, birinci imtahan zamanı hətta bir ovuc olsa da, əllərini suya salmırlar. Onların ləyaqət və tutumları var və onlar Allahla görüşə ümidlidirlər. Onlar bu imtahandan da başıuca çıxmış olurlar. Allahdan istəyimiz budur ki, bizlərə bu ayədə olan incəlikləri anlamağı, dərk etməyi nəsib etsin!

Talut 313 nəfərlə Caluta qalib gəlir

Ayə, bəşər tarixində önəmli bir hadisəyə işarədir. Zülm altında bir qövm bu vəziyyətdən çıxmaq üçün özlərinin istəkləri ilə zamanın peyğəmbərindən (ə) bir başçı, sərkərdə istəyir. Sonradan onun qəbul edilməsində problemləri olur, sonradan onlar üçün xüsusi hüccətlər gəlir, növbəti imtahan zaman sınaqlardan çıxa bilməyənlər olur, növbəti mərhələdə də büdrəmələr olur. Bununla yanaşı, bir qrup da olur ki, onlar gerçəkdən, həqiqi mənada Allahla görüşə ümidlidirlər və onlar bu imtahandan ləyaqətlə, başıuca çıxırlar. Onlar Calutun qarşısında döyüşürlər və qalib gəlirlər. Həzrət Davud (ə) da bu imtahanlı məqamda Calutu sıradan çıxardan şəxs olur.

Biz burada iki peyğəmbərin (ə) missiyası arasında əlaqəni görürük. Bir peyğəmbərin (ə) - Şəmuilin vasitəsilə sərkərdənin təyini və onun da öz ardınca gələnləri sınaqdan keçirməsi, sınaqdan keçənləri növbəti sınaqdan keçirməsi baş verir. İmam Baqirin (ə) buyuruşuna əsasən bilirik ki, 313 nəfər sona qədər Talutla qalır. Digər peyğəmbər (ə) - Həzrət Davud (ə) isə Talutun qoşununda önəmli yer alır və Caluta qalib gəlir.

Çoxları susuzluq imtahanından çıxa bilmir

Ayədən aydın olur ki, çoxları su içməmək və susuzluğa dözmək imtahanından başıuca çıxa bilmir. Onların Talutla birgə qərargahdan çıxan zaman kifayət qədər sayları olur, amma imtahanı verə bilmirlər.

Burada su imtahanı - əslində simolikdir. Su burada bir imtahan rəmzidir. Biz bütün imtahanları, sınaqları, bunu aid edə bilərik. Kifayət qədər böyük çoxluq bu imtahandan çıxa bilmir. Bu imtahandan başıuca çıxanların kifayət qədər böyük hissəsi də növbəti mərhələdə büdrəyir, Calutun çoxsaylı ordusu ilə üz-üzə gələn zaman taqətlərinin olmadığını bəyan edirlər. Bu, onu göstərir ki, özləri vaxtilə zülmdən qurtulmaq istəyən insanlar, meydana çıxmaq zamanı gələndə, fərqli-fərqli vəziyyətlərə düşürlər və elə deyil ki, rahatlıqla bu imtahanı verə bilirlər.

Bir an belə, büdrəməyənlər...  

Birinci imtahandan çıxanların arasında bu imtahanı da verməyə hazır olanlar olur. O kəslərdir ki, Qiyamətə kamil imanları var, imanları çox yuxarı dərəcədədir. Onlar Allahla görüşə ümidlidirlər. Onlar qələbənin Allahın əlində olduğunu bilirlər.