Altı xislətə görə altı zümrənin cəzası


Digərləri 06 Avq 2019 21:55:00 180 0

Altı xislətə görə altı zümrənin cəzası

İmam Əli (ə) bir hədisdə belə buyurmuşdur:

انَّ اللَّهَ يُعَذِّبُ سِتَةً بِسِتَةٍ:

Allah altı zümrəni altı əmələ (xislətə) görə cəzalandıracaq:

1. الْعَرَبَ بِالْعَصَبِيَّةِ - "Allah-Taala ərəbləri yersiz və haqq müqabilindəki təəssübkeşliklərinə görə cəzalandıracaqdır." Yersiz təəssübkeşlik insanın haqq-həqiqəti qəbul etməsinə və pərdə tək həqiqətlərin müşahidəsinə mane olur.

2. وَ الدَّهاقينَ بِالْكِبْرِ - "Allah-Taala kətxudaları təkəbbürlüklərinə görə cəzalandıracaqdır." "Dehqan" sözünün cəm forması olan "dəhaqin" sözü "xanlar" və "kətxudalar" (mülkədarlar) mənasını daşıyır və Allah-Taala onları qürur və təkəbbürlüklərinə görə cəhənnəm oduna atacaqdır. Bəzi kətxudalar o qədər öyünürlər ki, öz rəiyyəti ilə heyvan kimi davranır və onlara azacıq belə hörmət göstərmirlər!

3. وَ الْامَراءَ بِالْجَوْرِ - "Allah-Taala hakimləri öz camaatına rəva gördükləri zülm və haqsızlıqlara görə cəzalandıracaqdır."

4. وَ الْفُقَهاءَ بِالْحَسَدِ - "Allah-Taala fəqih və alimləri həsəd və paxıllıqlarına görə cəzalandıracaqdır." İlahi əzaba düçar olmağın amillərindən biri də həsəd və paxıllıqdır. Bu çirkin xislət fəqih və alimləri əzaba atacaq. Həsədə qapılmaqla başqalarının məqam və dərəcəsini aradan aparmaq istəyən alimlər ilahi əzaba düçar olacaqlar!

5. وَ التُّجَّارَ بِالْخيانَةِ - "Allah-Taala tacirləri camaatın mallarına xəyanət etdikləri üçün cəzalandıracaqdır."Əskik satmaq, aldatmaq, ehtikarlıq və bu kimi əməllər bir növ xəyanət sayılır.

6. وَ اهْلَ الرُّسْتاقِ بِالْجَهْلِ - "Allah-Taala kənd əhalisini də nadanlıqları və dini maarifdən məlumatsız qaldıqlarına görə cəzalandıracaqdır." Tədqiqat və sorğu-suala qüdrəti çatan, amma onun ardınca getməyərək nadanlıq içərisində qalanların nadanlıqları üzr sayılmayacaq və bu, onların əzabına səbəb olacaqdır. ("Biharul-ənvar", c.75, səh.59.)