Neftqaz sektoru üzrə vergi daxilolmaları azalıb


Digərləri 06 Avq 2019 16:50:00 195 0

Neftqaz sektoru üzrə vergi daxilolmaları azalıb

2019-cu ilin yanvar-iyun aylarında vergi orqanlarının xətti ilə icmal büdcəyə 4 milyard 954 milyon manat vəsait daxil olub ki, bunun da 3 milyard 633 milyon manatı dövlət büdcəsinə ödənilmiş vergilər, 1 milyard 321 milyon manatı isə DSMF-ə ödənilmiş sosial və işsizlikdən sığorta haqlarıdır.

Son.az Trend-ə istinadən xəbər verir ki, bu barədə Vergilər Nazirliyinin 2019-cu ilin yanvar-iyun aylarında vergi daxilolmaları, şəffaflaşma və əmək bazarının leqallaşdırılması sahəsində əldə olunan nəticələr haqqında hesabatında qeyd edilir.

Hesabata əsasən, nazirlik tərəfindən vergi yığımı üzrə proqnoza 108,8 faiz əməl olunub, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 7,4 faiz və ya 250 milyon manat çox vergi toplanıb. Vergi daxilolmalarının 70,0 faizi qeyri-neft-qaz sektorunun, 30,0 faizi neft-qaz sektorunun payına düşüb.Cari ilin 6 ayında 2019-cu il üzrə illik vergi proqnozunun 49,7 faizi, o cümlədən qeyri-neft sektoru üzrə illik proqnozun 51,1 faizi icra olnub.

Proqnozlaşdırıldığı kimi, Hasilatın Pay Bölgüsü Sazişləri üzrə neft hasilatının nisbətən aşağı düşməsi şəraitində neft-qaz sektoru üzrə vergi daxilolmaları azalıb. 2019-cu ilin birinci yarımilliyində neft-qaz sektorundan daxilolmalar proqnozlara nisbətən 101,3 faiz icra olunsa da, əvvəlki ilin eyni dövrü ilə müqayisədə 5,9 faiz azalıb və 1.087,5 milyon manat təşkil edib. Bu azalma qeyri-neft-qaz sektorundan daxilolmalar hesabına tam kompensasiya olunmaqdadır.