“Azərbaycan Sənaye Korporasiyası” hər ayın yekunları üzrə “Ayın işçisi” adı təsis edib
Digərləri 06 Avq 2019 10:07:00 312 0
“Azərbaycan Sənaye Korporasiyası” ASC tərəfindən Korporasiya və onun nəzdində olan törəmə müəssisələrin əməkdaşları üçün hər ayın yekunları üzrə “Ayın işçisi” adı təsis edilib.
Bakı.
“Azərbaycan Sənaye Korporasiyası” ASC tərəfindən Korporasiya və onun nəzdində olan törəmə müəssisələrin əməkdaşları üçün hər ayın yekunları üzrə “Ayın işçisi” adı təsis edilib. “Ayın işçisi” adı departamentlərin və müəssisələrin təqdimatı əsasında “Azərbaycan Sənaye Korporasiyası” ASC-nin baş direktoru tərəfindən verilir və bu təqdimatda namizədin əmək fəaliyyətinə dair sənədlər göstərilir.
ASC-dən Trend-ə verilən məlumata görə, Bu münasibətlə “Ayın işçisi” adını alan əməkdaşlara Korporasiyanın baş direktoru Kamran Nəbizadə və digər rəsmi şəxslər tərəfindən sertifikatlar təqdim olunub.
Tədbirdə çıxış edən Baş direktor Kamran Nəbizadə qeyd edib ki, Korporasiyanın fəaliyyət göstərdiyi müddət ərzində qarşıda duran vəzifələrin həllində bir sıra nailiyyətlər əldə olunmasına baxmayaraq, problemlər hələ də mövcuddur və onların həlli hər bir əməkdaşın qarşısında məqsəd olmalıdır. “Ölkədə qeyri-neft sektorunun inkişafına öz töhvəsini vermək, bu sektorda bəlli yerə və çəkiyə malik olmaq Korporasiyanın əsas məramlarından olmalıdır ki, “Ayın işçisi” adının təsis olunması da bu baxımdan əhəmiyyət kəsb edir və bu ad gələcək nailiyyətlər üçün təkanverici rol oynayır” - deyə Kamran Nəbizadə bildirib.
Baş direktor onu da vurğulayıb ki, “ASK" ASC və nəzdində olan törəmə müəssisələrin işçiləri ilə yanaşı Korporasiyanın əməkdaşlıq göstərdiyi fermerlərə də “Ayın işçisi” adı verilib. Bu da onu göstərir ki, fermerlərin işi yalnız Korporasiya deyil, ümumilikdə ölkədə aqrar sektorun inkişafında böyük əhəmiyyət kəsb edir. Korporasiyanın rəhbəri onu da əlavə edib ki, Azərbaycanda aqrar sahənin inkişafı istiqamətində dövlət tərəfindən fermerlərə mütəşəkkil dəstək göstərilməsi, kəndli və fermerlər ilə sıx əməkdaşlıq, kənd təsərrüfatı sahəsində səmərəli idarəçilik və beynəlxalq təcrübənin tətbiqi əsas meyarlardandır.
Mənbə: az.trend.az