Səudiyyə Ərəbistanında 233 min zəvvara tibbi xidmət göstərilib


Dünya 05 Avq 2019 23:20:00 232 0

Səudiyyə Ərəbistanında 233 min zəvvara tibbi xidmət göstərilib

Səudiyyə Ərəbistanına Həcc ziyarətinə gəlmiş zəvvarların səhhəti yaxşıdır və onların arasında epidemioloji və ya karantin xəstəlikləri qeydə alınmayıb.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, bu sözləri Səudiyyə Ərəbistanının Səhiyyə naziri Taufiq ibn Fəvzan əl-Rabiyyə söyləyib. Nazir bildirib ki, 233 mindən çox zəvvara müxtəlif tibbi xidmətlər göstərilib.

SPA dövlət informasiya agentliyinin verdiyi məlumata görə, Səudiyyə Ərəbistanının Səhiyyə Nazirliyi hicri tarixi ilə 1440-cı ilin Həcc mövsümü üçün Məkkə, Mədinə və digər müqəddəs ziyarətgahlarda 25 xəstəxana və 156 sağlamlıq mərkəzi hazırlayıb. Nazirlik müxtəlif ixtisaslı 30 min kadrı cəlb edib, xəstəxanalarda 5000 yer, qatarlarda 18 tibb məntəqəsi yaradılmasını təmin edib, Camarat körpüsündə 180 təcili yardım karetası və 17 təxirəsalınmaz tibbi yardım mərkəzi təşkil edib.

Nazir vurğulayıb: "Səudiyyə Ərəbistanı Krallığı bütün hökumət orqanlarının və müəssisələrin əməkdaşlığı yolu ilə zəvvarların təhlükəsizliyinin təmin edilməsi üçün həmişə bütün insan ehtiyatlarından və maddi resurslardan istifadə etməyə çalışıb. Səhiyyə Nazirliyi inteqrasiya edilmiş sistem vasitəsilə ən yaxşı tibbi (profilaktik, müalicəvi və ambulator) xidmətləri təqdim edir".