Dərini cavanlaşdıran ətirli vannalar


Digərləri 05 Avq 2019 23:00:00 292 0

Dərini cavanlaşdıran ətirli vannalar

Bitki vannaların təsir gücü lap qədim zamanlardan sübut edilib. Müalicəvi effektə malik bitkilər dəridən orqanizmə daxil olaraq sağlamlaşdırıcı təsir edir və xoş əhval-ruhiyyə yaradır. Bundan başqa, bitki vannaları bədənə özünəməxsus zərif ətir bəxş edir. Xoş ətirli vanna çox asanlıqla hazırlanaraq yorğunluğu aradan qaldırır, sinir sisteminə sakitləşdirici təsir göstərir, dərini cavanlaşdırır və təmizləyir.

Gigiyenik və müalicə məqsədilə tətbiq edilən vanna qəbulu dərinin solğunluq və quruluğunun qarşısını alaraq stress əleyhinə təsir göstərir. Vanna suyuna müxtəlif komponentlər əlavə edərək ona yüngülləşdirici, tonuslandırıcı, cavanlaşdırıcı, təmizləyici və s. digər effektlər vermək olar.

Son.az AZƏRTAC-a istinadən dəri üçün faydalı olan bəzi müalicəvi vanna reseptlərini təqdim edir.

Vanilli vanna: yorğunluq zamanı 8 damcı vanil yağı və 200 ml qaymaq vannasının 12 dəqiqə qəbul edilməsi müsbət təsir göstərir.

Kəcəvər vannası: 5 xörək qaşığı kəcəvər kökümsovu 1 litr qaynar suda 10 dəqiqə dəmləniləndən sonra vannaya əlavə edilib 10 dəqiqə qəbul edilməsi bədənə gümrahlıq verir və dərini qidalandırır.

Ətirli vanna: 2 xörək qaşığı bal, hərəsindən 2 damcı olmaqla adaçayı yağı və jasmin yağından ibarət 15 dəqiqə vanna qəbulu xoş ətir gəlməsinə səbəb olur.

Kəklikotu vannası: hərəsindən 100 qram olmaqla dərman xəşəmbül otu və kəklikotu 2 litr qaynar suda 2 saat dəmlənilir. Günaşırı 15 dəqiqə olmaqla 10 vanna qəbul edilir.

Qara çay vannası: 4 desert qaşığı qara çayın üzərinə 250-300 ml qaynar su əlavə edilərək 10-15 dəqiqə dəmlənilir. Onun qəbul edilməsi orqanizmi tonuslandırır, dəriyə zəif qaralma effekti verir.