Torlu qişanın xəstəlikləri


Digərləri 05 Avq 2019 21:59:00 384 0

Torlu qişanın xəstəlikləri

Retina (torlu qişa) gözün işığı qəbul edən təbəqəsidir. Beyindən gələn damar və sinirlərdən ibarətdir. Torlu qişanın irsi və damar mənşəli xəstəlikləri, makulanın xəstəlikləri, torlu qişanın qopması retinanın xəstəliklərinə aiddir. Retinanın xəstəliklərində görmə itiliyinin azalması, əşyaları əyri və pozulmuş şəkildə, o cümlədən yarımçıq və ləkəli görmə, göz qabağında işıq çaxmaları və uçuşmalar müşahidə edilir. Torlu qişanın xəstəlikləri zamanı direkt və indirekt oftalmoskopiya, optik koherens tomoqrafiya, fundus flüoressein angioqrafiya, indosianin yaşılı angiografiyası, mikroperimetriya, elektroretinoqrafiya və digər müayinə metodlarından istifadə olunur.

Son.az bildirir ki, bu barədə AZƏRTAC-a akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzindən məlumat verilib.

Torlu qişanın xəstəliklərindən olan diabetik retinopatiya şəkərli diabetdən əziyyət çəkənlərdə xəstəliyin başlanğıc dövrlərində nadir hallarda qeydə alınır. Lakin 15 ildən sonra 1-ci tip şəkərli diabetdə təqribən 100 və 2-ci tipdə isə 75 faiz hallarda diabetik retinopatiya əlamətləri müşahidə edilir. Ona görə də şəkərli diabeti olan xəstələr ildə bir dəfə gözlərini müayinə etdirməlidirlər. Diabetik retinopatiya aşkarlanmış xəstələr isə hər 6 aydan bir oftalmoloq müayinəsindən keçməlidirlər.

Yaşa bağlı makula degenerasiyası 60 yaşdan yuxarı şəxslərdə zəifgörmənin əsas səbəblərindən biridir. Bu xəstələrdə görmənin zəifləməsi, metamarfopsiya (əşyaları əyri görmə), görmə sahəsində mərkəzdə ləkələr müşahidə olunur.


Xəbərə aid fotolar